Xəbəri Kokpitdə Oxuyun!

Lekler Bakıda cərimələnəcək

ScuderiaFans-ın məlumatına görə, Ferrari Şarl Leklerin mühərrik cəzasını Azərbaycan Qran Prisində almasını planlaşdırır.

Bu qərar Leklerin İtaliya Qran Prisinin ikinci dövrəsində Parabolika döngəsində  keçirdiyi ağır qəzadan sonra gündəmə gəlib.

Ferrari FIA-nın ADUO sistemi çərçivəsində ikinci güc qurğusu yeniləməsini qısa müddət əvvəl istifadəyə verib. Lakin komanda Madrinqdə keçirilən İspaniya Qran Prisində əvvəlki güc qurğusuna qayıtmağa məcbur olub. Lekler yarışı dördüncü yerdə başa vurub.

Yarışdan sonra komanda rəhbəri Fred Vassyör əvvəlcə qəzadan sonra xilas edilə biləcəyi düşünülən ADUO2 güc qurğusunun dəyişdirilməli olduğunu açıqlayıb:  “Şarlın mühərrik cəzasını nə vaxt almalı olduğunu görəcəyik. Amma məncə, Bakı bunun üçün olduqca uyğun yerdir”.

ScuderiaFans-ın xəbərinə əsasən, güc qurğusuna aparılan əlavə rentgen yoxlamaları zamanı mühərrikdə termal gərginlikdən yaranan çatlar aşkarlanıb. Buna baxmayaraq, sözügedən güc qurğusundan Azərbaycan Qran Prisinin məşq sessiyasında istifadə olunacaq. Daha sonra şənbə günü mühərrik dəyişdiriləcək və bu, Leklerə start cərgəsində geriləmə cəzası gətirəcək.

Bakının seçilməsi təəccüblü deyil. Çünki şəhər trası mövsümdə ötmə imkanlarının ən çox olduğu treklərdən biridir.

Ferrari oxşar ssenaridə Mercedesin Monzada əldə etdiyi nəticəni təkrarlamağa ümid edir. Leklerin qəza keçirdiyi İtaliya Qran Prisində Kimi Antonelli güc qurğusunun dəyişdirilməsinə görə start cərgəsinin arxa sıralarından yarışa başlamışdı. Buna baxmayaraq, Antonelli yüksək sürətli trasdakı çoxsaylı ötmə imkanlarından yararlanaraq təsirli şəkildə qələbə qazanmışdı.

Rauf Hacıyev

Şərh əlavə et