Start siqnalından sonra pit yolu açılıb və sürücülərin trasa çıxması ilə Q1 sessiyası başlayıb.
Q1
Q1-in ilk dövrələrində Yohan Zarko 1:29.447-lik nəticə göstərərək liderliyə yüksəlib. Lakin birinci pillə dəfələrlə dəyişib.
Əvvəlcə Dioqo Moreyra 1:29.154-lük dövrə ilə zirvəyə çıxıb. Daha sonra Pol Esparqaro 1:28.972-lik nəticə ilə cavab verib. Raul Fernandes isə 1:28.877-lik dövrə vuraraq sessiyanın ilk sürətli dövrələrini lider başa vurub. Təmsilçimiz Toprak Razqatlıoğlu 1:30.295-lik nəticə ilə 12-ci yerdə qərarlaşıb.
İlk dövrələrdən sonra bütün sürücülər boksa qayıdıb. Sessiyanın son beş dəqiqəsinə yaxın yenidən trasa çıxıblar. Cek Miller 1:29.689-luq nəticə ilə vaxtını yaxşılaşdırsa da, sıralamada mövqeyini dəyişə bilməyib.
Luka Marini 1:29.371-lik dövrə ilə beşinci pilləyə yüksəlib. Enea Bastianini ilk iki sektorda çox yaxşı temp nümayiş etdirsə də, son döngələrdə sürətini itirib və 1:29.165-lik nəticə ilə altıncı yerdə qərarlaşıb.
Sessiyanın son dəqiqələrinə yaxın Banyaya və Zarko 1:28.753-lük eyni nəticəni göstəriblər.
Damalanmış bayraqdan sonra Zarko və Banyaya eyni dövrə vaxtı ilə Q2 mərhələsinə keçən sürücülər olublar.
Q2
Qısa fasilədən sonra Q2 sessiyasına start verilib. Sürücülər 15 dəqiqəlik poul mübarizəsi üçün trasa çıxıblar.
İlk dövrələrdən sonra Marko Bezzekki 1:28.919-luq nəticə ilə liderliyə yüksəlib. Pedro Akosta 1:29.014-lük dövrə ilə ikinci, Fabio Kuartararo isə 1:29.160-lıq nəticə ilə üçüncü yerdə qərarlaşıb.
Mark Markes güclü temp nümayiş etdirərək 1:28.475-lik nəticə göstərib və liderliyi ələ keçirib. Banyaya cüzi fərqlə Markesin arxasında qərarlaşıb. Lakin Aleks Markes 1:28.558-lik dövrə ilə ikinci pilləyə yüksəlib.
Sessiyanın ilk altı dəqiqəsi geridə qaldıqda Akosta 1:28.328-lik nəticə ilə Markes qardaşlarını geridə qoyaraq lider olub. Sürətli dövrələrdən sonra sürücülər qısa müddətə boksa qayıdıblar.
Mübarizə sessiyanın son beş dəqiqəsinə yaxın yenidən davam edib.
Dördüncü yerdə olan Xorxe Martin son sektorda fərq yaradaraq 1:28.223-lük dövrə vurub və Akostanı geridə qoyaraq liderliyə yüksəlib.
Martin daha sonra 1:27.917-lik nəticə göstərərək zirvədəki mövqeyini möhkəmləndirib. Akosta 1:27.988-lik dövrə ilə qısa müddətə ikinci pilləyə yüksəlsə də, Mark Markes 1:27.932-lik nəticə ilə onu geridə qoyub.
Sessiyanın son dövrələrində Aleks Markes qəzaya uğrayıb. Qısa müddət göstərilən sarı bayraqlar səbəbindən bəzi sürücülərin sürətli dövrələri ləğv edilib.




Şərh əlavə et