Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Avstriya: M.Markes son məşqlərdə lider olub

Moto3 və Moto2-də ikinci məşq sessiyalarının yağışlı keçməsindən sonra MotoGP-də həftəsonunun son məşq sessiyasının necə nəticələnəcəyi maraq doğururdu.

Yaşıl işıqların yanması ilə 30 dəqiqəlik sessiya başlayıb. Marko Bezzekki kimi bəzi sürücülər vaxt itirmədən trasa çıxsa da, digərləri bokslarda qalaraq dövrə vaxtlarını izləməyi seçib.

İlk 10 dəqiqə geridə qaldıqdan sonra trasa cəmi səkkiz sürücü çıxıb. Raul Fernandes 1:31.548-lik nəticə ilə lider olub. Bu vaxt Toprak Razqatlıoğlu dördüncü pillədə qərarlaşıb.

Bir neçə dəqiqə sonra daha çox sürücü trasa çıxmağa başlayıb. Françesko Banyaya 1:30.093-lük dövrə ilə vaxt cədvəlinin zirvəsinə yüksəlib. Fabio Di Cianantonio isə ikinci pilləni tutub.

Son dəqiqələrdə Mark Markes ilk döngədə qəza edərək boksa qayıdıb. Həmin vaxt o, 1:29.663-lük dövrə nəticəsi ilə lider idi.

Damalanmış bayraq göründükdə Mark Markesin nəticəsini üstələyən olmayıb. Xorxe Martin sessiyanı ikinci, Fermin Aldeqer isə üçüncü pillədə başa vurub.

Pedro Akosta və Françesko Banyaya müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et