Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Çexiya: Banyayadan mövsümdə ilk qələbə

2026-cı il Çexiya Qran Prisinin sprint yarışının qalibi Françesko Banyaya olub.

Brnoda keçirilən sprint yarışı öncəsi sürücülər arxa təkər seçimi baxımından iki fərqli strategiyaya üstünlük veriblər. Bəziləri Soft, digərləri isə Medium tərkibli təkərlərlə yarışa start verməyi seçiblər.

Havanın temperaturu 33°C, asfaltın temperaturu isə 49°C olaraq ölçülüb. Aleks Rinsin sessiyada iştirak etməyəcəyi açıqlanıb.

İsinmə dövrəsindən sonra beş qırmızı işıq söndükdə yarışa poul mövqeyindən başlayan Ai Oqura liderliyini qoruya bilməyib və Françesko Banyaya ilk döngəyə lider daxil olub.

Üçüncü yerdə irəliləyən Dieqo Moreyra və Maverik Vinyales bir-birindən asılı olmayaraq eyni anda qəzaya uğrayıblar. Bunun nəticəsində Mark Markes üçüncü pilləyə yüksəlib.

Sprint yarışının orta hissəsində Pedro Akosta 11-ci döngədə motosikletindən yıxılıb və sarı bayraqlara səbəb olub. Banyaya isə ikinci yerdə gedən Ai Oqura ilə fərqi 0.6 saniyəyə qədər artırıb.

Yarışın bitməsinə iki dövrə qalmış çempionatın lideri Marko Bezzekki motosikletindən yıxılaraq mübarizəni dayandırıb.

Damalı bayraq göstərildikdə 10 dövrəlik sprint yarışının qalibi startdan finişə qədər liderliyi əldən verməyən Françesko Banyaya olub. Ai Oqura ikinci yeri tutaraq MotoGP karyerasında ilk dəfə podiuma yüksəlib. Mark Markes isə üçüncü olub.

Fabio Di Canantonio dördüncü, Xorxe Martin isə beşinci yeri tutub. Raul Fernandes bu ikilinin arxasında finiş görüb.

 

Rauf Hacıyev

Şərh əlavə et