Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Çexiya: Son praktikada Fernandes birincidir

2026-cı il Çexiya Qran Prisinin ikinci sərbəst yürüş sessiyasını ən sürətli nəticə ilə Raul Fernandes tamamlayıb. 

Start siqnalının verilməsi ilə sürücülər trasa çıxıblar və Brnoda yarım saatlıq ikinci sərbəst yürüş sessiyasına start verilib.

Sessiyanın ilk hissəsində Ai Oqura 1:53.453 nəticə ilə liderliyə yüksəlib. Lakin qısa müddət sonra Raul Fernandes 1:53.110 nəticə göstərərək onu geridə qoyub. Mark Markes isə 1:53.055 nəticə ilə erkən mərhələdə temp müəyyənləşdirən sürücü olub.

Fernandesdən Markesin tempinə cavab gecikməyib. O, 1:52.931 nəticə ilə liderliyi ələ keçirib. Markes isə 1:52.974 nəticə ilə ikinci pilləyə yüksəlib.

Xorxe Martin döngəyə bir qədər geniş trayektoriya ilə daxil olaraq çınqıl zonasına çıxıb. Tarazlığını qoruyan və motosikletdən düşməyən sürücü təkərlərində yaranan problemlə əlaqədar boksa qayıdıb.

Sessiyanın ilk hissəsində Pedro Akosta istədiyi tempi tapa bilməyib. O, əvvəlcə 1:53.483 nəticə ilə yeddinci yerə yüksəlib, daha sonra isə 1:53.283 nəticə ilə dördüncü pilləyə qalxıb.

Sessiyanın yarısı geridə qaldıqdan sonra bütün sürücülər məlumatların təhlili üçün qaraja qayıdıblar.

Qısa fasilədən sonra sürücülər yenidən trasa çıxıblar və sessiyanın ikinci hissəsi nisbətən sakit keçib. Raul Fernandes lider nəticəsini yaxşılaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Eyni vəziyyət Marko Bezzekki, Ai Oqura və Xoan Mir üçün də keçərli olub.

Lakin son beş dəqiqəyə daxil olarkən temp yenidən yüksəlib. Mark Markes 1:52.885 nəticə göstərərək sessiyanın liderliyinə yüksəlib.

Maverik Vinyales də güclü dövrə vuraraq 1:52.915 nəticə ilə ikinci yerə qalxıb.

Bununla belə, Raul Fernandes Markesə dərhal cavab verib və 1:52.050 nəticə ilə liderliyi yenidən ələ keçirib.

Sessiyanın başa çatması ilə son anda zirvəyə yüksələn Raul Fernandes ikinci sərbəst yürüşün ən sürətli sürücüsü olub.

Rauf Hacıyev

Şərh əlavə et