Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Çexiya: Əsas sessiyada Oqura birincidir

MotoGP üzrə Çexiya Qran Prisinin əsas məşq sessiyasını ən sürətli nəticə ilə Ai Oqura tamamlayıb. 

Sessiyaya start verilməsi ilə pit yolu açılıb, sürücülər trasa çıxıblar və bir saatlıq geri sayım başlayıb. Sürücülər əvvəlcə motosiklet sazlamalarını yoxlayıblar və təkərləri optimal iş rejiminə gətirdikdən sonra sürətli dövrələr vurmağa başlayıblar.

Sessiyanın ilk hissəsində Marko Bezzekki 1:53.529 nəticə ilə liderliyə yüksəlib. Bir neçə dövrə sonra Fabio Di Cannantonio birinci yerə keçsə də, Bezzekki nəticəsini 1:53.080-ə yaxşılaşdıraraq yenidən zirvəyə qayıdıb.

Pedro Akosta isə ilk cəhdində istədiyi tempi tapa bilməyib və 1:53.550 nəticə ilə altıncı pillədə qərarlaşıb. Mark Markes liderliyə yüksəlməsinə imkan verən sürətli dövrə vurduqdan sonra sessiyanın sonrakı hissəsində 11-ci döngədə qəzaya uğrayaraq çınqıl zonasına çıxıb. Qəza ciddi olmayıb və ispaniyalı sürücü dərhal ayağa qalxaraq motosikletinə qayıdıb.

Sessiyanın ilk 15 dəqiqəsi tamamlandıqdan sonra demək olar ki, bütün sürücülər məlumatların təhlili və sazlama dəyişiklikləri üçün boksa qayıdıblar.

Yenidən trasa çıxdıqdan sonra Pedro Akosta 1:53.002 nəticə göstərərək liderliyə yüksəlib. Bir neçə dövrə sonra Ai Oqura 1:52.718 nəticə ilə ona cavab verib və ilk pilləni ələ keçirib.

Sessiyanın yarısı geridə qalarkən Marko Bezzekki 1:52.275 nəticə göstərərək Françesko Banyayanın 2025-ci ildə vurduğu 1:52.303-lük nəticəni geridə qoyub və Brno trasının bütün zamanların ən sürətli dövrə rekordunun yeni sahibi olub.

Kal Kraçlou sürətli dövrəsinə başlamağa hazırlaşarkən səkkizinci döngənin girişində qəzaya uğrayıb. Öz gücü ilə trasa qayıdan sürücü sessiyanı davam etdirə bilib.

Sonrakı dövrələrdə Pedro Akosta 1:52.228 nəticə göstərərək Bezzekkinin rekordunu yeniləyib və liderliyə yüksəlib. Lakin sürətli dövrəsindən dərhal sonra motosikletində etibarlılıq problemi yaranıb və boksa qayıtmalı olub.

Sessiyanın son 10 dəqiqəsinə daxil olarkən nəticələr ciddi şəkildə yaxşılaşıb. Mark Markes 1:51.988 nəticə ilə liderliyə yüksəlib. Ai Oqura da yüksək temp nümayiş etdirərək Markesdən cəmi 0.010 saniyə geri qalıb. Marko Bezzekki isə liderdən 0.159 saniyə geridə qərarlaşıb.

Sürətli dövrələrdən sonra boksa qayıdan sürücülər son beş dəqiqəyə yaxın yenidən trasa çıxaraq son cəhdlərini ediblər.

Fabio Di Cannantonio 1:51.942 nəticə ilə ilk yerə yüksəlsə də, Marko Bezzekki dərhal cavab verib və 1:51.865 nəticə ilə liderliyi ələ keçirib. Ardınca dövrəsini tamamlayan Ai Oqura 1:51.735 nəticə göstərərək hər iki sürücünü geridə qoyub.

Joan Mir yeddinci döngədə ağır qəza keçirərək çınqıl zonasına çıxıb. Qısa müddət göstərilən sarı bayraqlar Oqura da daxil olmaqla bəzi sürücülərin son sürətli dövrələrini vurmasına mane olub.

Sessiyanın sonunda ən sürətli nəticə Ai Oquraya məxsus olub. Marko Bezzekki ikinci, Fabio Di Cannantonio isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et