Xəbəri Kokpitdə Oxuyun!

Le Man 24 Saat: Toyota 4 ildən sonra qalibdir

Zavod komandası Toyota Gazoo Racing “24 Saat Le Man” yarışının qalibi olub və bu, əfsanəvi Sarthe trasında komandanın altıncı zəfəri kimi tarixə düşüb.

Təbii ki, bu marafon həmişə böyük fiziki və texniki gərginlik tələb edir. Lakin demək olar ki, əvvəlki qələbələrin bəziləri Toyota üçün daha rahat əldə olunmuşdu. Bu dəfə isə qələbə uğrunda mübarizə son dərəcə gərgin keçib və yarışın müxtəlif mərhələlərində fərqli komandaların ekipajları liderliyə iddia ediblər.

Finişdə üç müxtəlif istehsalçını təmsil edən dörd hiperkarı cəmi 32 saniyə ayırıb. Marafonun qalibi Kamui Kobayaşi Toyota TR010 Hybrid-in sükanı arxasında damalı bayrağı ikinci yeri tutan BMW pilotu Robin Fraynsdan təxminən 11 saniyə əvvəl görüb. Frayns finişə 47 dəqiqə qalmış Porsche döngələri kompleksindən çıxışda cəsarətli manevrlə 8 nömrəli Toyota-nı idarə edən Sebastyen Buemini keçərək Yaponiya komandasının dubl etməsinə mane olub.

Dördüncü yeri zavod komandası Cadillac-ın sürücüsü Vill Stivens tutub. Cadillac marafon ərzində uzun müddət lider getsə də, sonda Kobayaşidən 32 saniyədən çox geri qalıb.

Bu, Toyota-nın 2022-ci ildən bəri Le Mandakı ilk qələbəsidir. Eyni zamanda, Kamui Kobayaşi və Mayk Konueylə eyni ekipajda çıxış edən Nik de Fris üçün də ilk Le Man zəfəri olub.

Son üç ildə Le Manda Ferrari hiperkarları dominantlıq etsə də, bu dəfə İtaliya komandası yalnız beşinci yerlə kifayətlənib. Toyota bu mövsüm üçün Hypercar sinfindəki bolidini yenilədiyi halda, Maranelloda yeni nəsil yarış avtomobilinin 2027-ci ildə təqdim olunması planlaşdırılır.

Ötən ilin qalibləri – AF Corse komandasının Robert Kubitsa, Yifey Ye və Fil Hensondan ibarət ekipajı yarışın son saatında Alpine hiperkarını önə buraxaraq yeddinci yeri tutub. LMP2 kateqoriyasında qələbəni Inter Europol Competition komandasının Tom Dillman, Yakub Smehovski və Nik Yellolidən ibarət ekipajı qazanıb. Maraqlıdır ki, ikinci yeri də həmin Polşa komandasının Bidjoy Qarq, Reşad de Geru və Niko Müllerdən ibarət digər ekipajı tutub.

LMGT3 sinfində isə britaniyalı TF Sport komandasının Chevrolet Corvette avtomobili ilə çıxış edən Niki Katsburq, Ben Kiting və gənc pilot Conni Edqar qalib gəliblər.

Sarthe trasındakı hadisələri tribunalar və ətraf ərazilərdən 350 mindən çox azarkeş izləyib.

Qələbədən sonra Kamui Kobayaşi deyib: “Bu qələbəni çoxdan gözləyirdik. Dəfələrlə ikinci olmuşuq, indi isə yenidən qalib gəldik. Həftə çox çətin keçdi – ötürücü sisteminin sensoru ilə bağlı problemlərimiz oldu, təkərlər deşildi. Bütün bu çətinliklərin öhdəsindən gəldik və sonda uğur qazandıq, çünki hər kəs əla iş gördü”.

Rauf Hacıyev

Şərh əlavə et