Braziliyalı sürücü hesab edir ki, FIA və FOM skandalın qarşısını almaq üçün hadisəni gizlədiblər və nəticədə o, çempionluq titulunu, on milyonlarla avro gəlirini və reputasiyasını itirib. Massa Lyuis Həmiltonun titulunu əlindən almaq istəmir, lakin özünün qanuni çempion kimi tanınmasını, təxminən 64 milyon funt-sterlinq məbləğində kompensasiya (faizlərlə birlikdə) ödənilməsini və FIA-nın qaydaları pozduğunu etiraf edən rəsmi bəyanat yaymasını tələb edir.
FIA isə bu iddiaya qısa, amma sərt cavab verib: “Cənab Massa-nın iddiası həm cəsarətli, həm də tamamilə gülüncdür.
Milyonçu bir şəxs, Braziliya vətəndaşı və rezidenti, İngiltərə və Uels yurisdiksiyasında iddia qaldırır, halbuki söhbət qərargahı Fransada yerləşən özəl beynəlxalq idman təşkilatı olan FIA-nın qaydalarının pozulmasından və 17 il əvvəl — 28 sentyabr 2008-ci ildə Sinqapur Qran Prisi zamanı baş vermiş hadisələrdən gedir.
Cənab Massanın iddiasında onun və Ferrari komandasının həmin yarışda və mövsüm ərzində buraxdığı səhvlər tamamilə unudulub. Məhz həmin səhvlər onun həmin il ümumi sıralamada ikinci yerdə qalmasına səbəb olub”.
FIA-nın bu açıqlaması Massa tərəfinin arqumentlərini açıq şəkildə istehza ilə qarşılayıb və təşkilat öz mövqeyini müdafiə etmək niyyətində olduğunu göstərib.




Şərh əlavə et