Kokpit.az xatırladır ki, Lando Norris sıralanma turunda sarı bayraqlara görə birinci sessiyada ələnmiş və 17-ci olub. Lakin Lyuis Həmiltonla Pyer Qaslinin cərimələnməsinə görə yarışa 15-ci yerdən başlayıb. Lakin o, daha yaxşı performans göstərərək, yarışı çempionatdakı əsas rəqibi Maks Ferstappenin önündə – 4-cü yerə bağlayıb. Bununla da Sürücülər Çempionatındakı xal fərq artıq 59-a düşüb.
Britaniyalı pilot yarışa fərqli strategiyada – Hard təkərlərlə başlayıb. O, yarışa yaxşı start verib və tezliklə onluğa düşüb. Lando pitə 38-ci dövrədə gəlib. Buna qədər isə onun önü boş olub və təmiz havada bir neçə yaxşı dövrə vurub. Norris pitdən çıxdıqdan sonra Maks Ferstappendən 15 saniyə geridə qalsa da, sürətlə gələrək çempionatdakı əsas rəqibini geridə qoyub və yarışı 4-cü yerdə bitirib. Bundan başqa Lando Norris yarışda sürətli dövrə vuraraq, əlavə 1 xal da qazanıb. Bunun hesabına çempionatdakı xal fərqli 62 xaldan 59-a düşüb.
Lando Norris: “Yarışda bundan daha yaxşısını istəyə bilməzdim. Səkkizinci yer bizi çox xoşbəxt edə bilərdi, çünki ilk dörd komandanın mənimlə birlikdə ilk səkkizlikdə olması gözlənilirdi. Yaxşı başladıq və yaxşı strategiya seçdik. Aleksi daha tez keçməyi çox istəyərdim. O, mənim həyatımı çətinləşdirdi.
Aleks pitə gəldikdən sonra məncə, Hard təkərlərlə tempim çox yaxşı idi və bundan sonra fərqi artıra bildim. Bolidin bütün potensialını ortaya çıxardım. Maşın uçurdu və bundan sonra mən sıralanma turundakı o sarı bayrağın nə qədər axmaqca olduğunu düşünüb lap qəzəbləndim”.
Maks Ferstappen pitə gəldikdən sonra Lando Norrisin gerisinə düşüb və təzə Hard təkərlərinin olmasına bayaraq, britaniyalı rəqibini keçə bilməyib. Lando isə pitə gəldikdən sonra təzə Medium təkərlərlə Ferstappeni yenidən keçib. 25 yaşlı pilot bildirib ki, yarışı Maks Ferstappenin önündə bitirdiyi üçün çox təəccüblənib: “Yarışa 15-ci yerdən başlayanda Maks Ferstappeni keçəcəyimi gözləmirdim. Onların olduğu yerdən təxminən 20-22 saniyə geridə idim. Amma onun önündə fərq açıb pitə gəldim və yenidən onu qabaqladım. Bu gözlədiyim şey deyildi”.
Lando Norris özü mükəmməl performansla yüksəlməklə qalmayıb, həm də komanda yoldaşı Oskar Piastrinin qələbəsində də rol oynayıb. Belə ki, Serxio Peres yarışda erkən pit-stop edib və McLaren komandası meksikalı sürücünün bu həmləsinə cavab verməkdə gecikib. Lakin Lando Norris Serxio Peresi arxasında saxlayıb və Piastri iki dövrə sonrə pitə gəlməsinə baxmayaraq, yerini qoruyub. Oskar bundan sonra yarışın lideri Şarl Lekleri də keçərək yarışın qalibi olub.
Lando Norris: “O nöqtədə Aleks Elbonun arxasında ilişib qalmışdım. Buna görə də heç nə edə bilmədim. Yavaşlamadım. Sadəcə təkərlərimi qoruyurdum, çünki çox qızmışdılar. Bunun hesabına Oskar öndə qaldı və yarışı qazandı. Buna görə də qələbədə kiçik də olsa rol oynadığım üçün çox sevincliyəm. Komanda olaraq bunu etməli idik.
Mənim üçün bu nəticəni dəyişdirdi? Məncə, yox, amma Oskar üçün nəticəni dəyişdirdi və bu da çox vacib idi. Bu gün mənim işim bu idi. Oskara kömək etmək. Qələbə və dördüncülüklə Bakıdan ayrılmaq mükəmməldir”.
Şərh əlavə et