Xəbəri Kokpitdə Oxuyun!

Mercedes artıq gələn ilə fokuslanıb

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, almaniyalı istehsalçı 2027-ci il mövsümü üçün hazırlıqlara yay fasiləsindən əvvəl başlayıb və resurslarını artıq tamamilə gələn ilin layihəsinə yönəldib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” hazırda Mühəndislər Çempionatında ən yaxın rəqibini 145 xal qabaqlayır. Kimi Antonelli isə pilotlar sıralamasında liderdir.

Bu mövsüm keçirilən 14 yarışın 10-da qələbə qazanan Mercedes, McLaren və Ferrari kimi rəqiblərinin ardıcıl yeniliklər təqdim etməsinə baxmayaraq üstünlüyünü qoruyub.

Komanda may ayında Kanada Qran Prisinə yenilənmiş bolidlə gəlmişdi. Növbəti böyük yenilənmə paketinin isə gələn ay Malayziyada keçiriləcək Bəhreyn Qran Prisində təqdim olunması planlaşdırılır.

Mercedes bu müddətdə əsasən traslara uyğun kiçik dəyişikliklər edib. Komanda yeni detalların hazırlanması tempində rəqiblərindən geri qalsa da, trasdakı üstünlüyünü qorumağı bacarıb.

Toto Volff resursların artıq 2027-ci il layihəsinə yönəldildiyini təsdiqləyib: “2027-ci il üçün hazırlıqlara yay fasiləsindən əvvəl başladıq. Yay fasiləsində isə resurslarımızı tamamilə gələn ilə yönəltdik. Çempionatdakı mövqeyimizdən asılı olmayaraq bu plana uyğun hərəkət etməyə davam edirik”.

Fokus 2027-ci ilə yönəlsə də, Volf Malayziyada təqdim olunacaq yenilənmə paketinin əhəmiyyətini də vurğulayıb: “Malayziyaya güclü yenilənmə paketi gətirməyi planlaşdırırıq. Lakin əvvəlcə Bakıdakı yarışı başa vurmalıyıq.

Yeniliklərin trasdakı nəticəsi bəzən simulyatordakı göstəricilərlə tam üst-üstə düşmür. Ümid edirəm ki, bu paket effektiv olacaq və yenilənmə mübarizəsində bizi rəqiblərimizlə eyni səviyyəyə gətirəcək. Bununla bağlı qəti danışmaq çətindir”.

Mercedes-in çempionatda böyük üstünlüyə sahib olmasına baxmayaraq, Volff ehtiyatlı mövqeyini qoruyub: “Yarışdan kənarda qala, qəza edə bilərsiniz. Bu hal ardıcıl iki dəfə baş verərsə, finişə altı yarış qalmış böyük xal üstünlüyü bir anda yox ola bilər.

Ona görə də məncə, rəqiblərimizin riyazi baxımdan çempion olmaq şansı qalmayana qədər xal cədvəlinə tamamilə məhəl qoymamalıyıq. Həmin ana qədər yalnız hər yarış həftəsonuna fokuslanmalı və əlimizdən gələnin ən yaxşısını etməyə davam etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et