Xəbəri Kokpitdə Oxuyun!

İddia: Həmilton Ferrari-də dəyişiklik tələb edib

İtaliyanın Corriere della Sera qəzetinin məlumatına görə, Lyuis Həmilton ardıcıl uğursuz nəticələrdən sonra Ferrari-nin trasdakı bəzi əməkdaşlarının dəyişdirilməsini istəyib.

İtaliya mətbuatında Həmiltonun konkret olaraq hansı şəxslərin dəyişdirilməsini tələb etdiyi açıqlanmayıb. Bununla belə, britaniyalı pilotun mövsüm ərzində strategiya qərarlarından narazı qaldığı vurğulanıb.

Corriere della Sera həmçinin Həmiltonla komanda rəhbəri Fred Vassyör arasındakı münasibətlərin “artıq əvvəlki kimi olmadığını” iddia edib. Komandada radikal kadr dəyişikliklərinin birbaşa Vassyörün təsdiqindən asılı olması ikili arasındakı gərginliyi prosesi daha da mürəkkəbləşdirən amilə çevirir.

Həmiltonun Ferrari-nin trasdakı fəaliyyətini yenidən formalaşdırmaq istəyi ilk dəfə deyil. Mövsümün əvvəlində də təcrübəli pilotun mühəndis heyətində geniş dəyişikliklər edilmişdi. Uzun illər komandada çalışan yarış mühəndisi Rikkardo Adami Ferrari Sürücü Akademiyasına keçib, onun yerinə Karlo Santi gətirilib. Bundan əlavə, McLaren-dən Sedrik Qrojan transfer olunub.

Bütün bu addımlar Vassyörün təsdiqi ilə atılmışdı. Lakin tərəflər arasındakı münasibətlərin soyuması fransalı komanda rəhbərinin Həmiltonun yeni tələblərinə müsbət yanaşacağı ehtimalını azaldır.

Komanda daxilindəki narazılıq artıq bir neçə həftədir ki, açıq şəkildə müşahidə olunur. İtaliya Qran Prisinin ilk dövrəsində komanda yoldaşı Şarl Leklerlə təmasdan sonra çınqıllığa çıxan və 10-cu yerə qədər geriləyən Həmilton yarışdan sonra komanda daxilindəki qaydaların yazılı şəkildə müəyyənləşdirilməsini istəmişdi. Lakin Vassyör bu tələbi ictimaiyyət qarşısında açıq şəkildə rədd etmişdi.

İspaniya Qran Prisi isə Həmilton üçün böyük uğursuzluqla nəticələnib. Əyləc problemi səbəbindən yarışı dayandıran britaniyalı pilot çempionatın lideri Kimi Antonellidən 101 xal geri düşüb.

Yarışdan sonra jurnalistlərə açıqlama verən Həmilton Mercedes-i geridə qoymağın çətinliyindən danışıb: “Düşünürəm ki, bu il Antonellini və Mercedes-i dayandırmağın heç bir yolu yoxdur. Onlar möhtəşəm iş görüblər və çempionluğa sona qədər layiqdirlər”.

Rauf Hacıyev

Şərh əlavə et