Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Rakuten ilə müqavilə imzalayıb

Ferrari telekommunikasiya və elektron ticarət nəhəngi Rakuten ilə çoxillik tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb. Müqavilə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Razılaşma çərçivəsində Yaponiyanın texnologiya şirkəti Ferrari-nin dünya üzrə tanınmışlığını və zəngin idman irsini özünün geniş texnoloji şəbəkəsi və ekosistemi ilə birləşdirəcək.

Tərəfdaşlıq yalnız trasdakı fəaliyyətlərlə məhdudlaşmayacaq. 1997-ci ildə Tokioda yaradılan Rakuten ekosisteminin imkanlarından da istifadə olunacaq. Şirkətin tərkibində fəaliyyət göstərən Rakuten Symphony Formula 1-in qlobal platformasından yararlanaraq yeni kommersiya əlaqələri qurmağı, texnoloji imkanlarını nümayiş etdirməyi və müxtəlif sahələrdə innovasiya imkanlarını araşdırmağı hədəfləyir.

Rakuten idman dünyasına yad deyil. Şirkət 2017/18 mövsümündən 2021/22 mövsümünün sonuna qədər Barselona futbol komandasının əsas forma sponsoru olub. Həmin dövrdə onun loqosu Lionel Messi və Luis Suares kimi ulduzların geyindiyi formalarda yer alıb.

Ferrari-nin Yarış Gəlirləri üzrə direktoru Lorenzo Corcetti tərəfdaşlıqla bağlı bunları deyib: “Rakuten-i Ferrari ailəsində qarşılamaq dünya üzrə güclü mövqeyə sahib olan və innovasiyanın gücünə inanan iki brendi bir araya gətirmək baxımından möhtəşəm fürsətdir.

Rakuten qeyri-adi rəqəmsal ekosistem qurub. Onların təqdim etdiyi texnoloji infrastruktur bizə traslardan kənarda da dəyər yarada biləcəyimiz tamamilə yeni imkanlar açacaq.

2027-ci ildən etibarən birlikdə işləməyi və bu tərəfdaşlığın həm şirkətlərimizə, həm də dünya üzrə icmalarımıza qazandıracağı imkanları araşdırmağı səbirsizliklə gözləyirik”.

Rakuten Qrupunun İdarə Heyətinin sədri və baş icraçı direktoru Miki Mikitani isə iki brendin ortaq dəyərlərini vurğulayıb: “Avtoidmanın ən yüksək səviyyəsi texnoloji yeniliklərdə mükəmməlliyə can atmağı və azarkeşlərlə bənzərsiz əlaqələr qurmağı tələb edir. Bu, Scuderia Ferrari ilə tamamilə bölüşdüyümüz bir baxışdır.

Bu tərəfdaşlıq Rakuten-in texnoloji imkanlarını, rəqəmsal ekosistemini və xüsusi üzvlük təcrübələrini dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla ehtiraslı Ferrari və Formula 1 azarkeşinə birbaşa çatdırmaq üçün dinamik və qlobal platforma yaradır”.

Rauf Hacıyev

Şərh əlavə et