Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisinə getmək üçün səbəblər

Formula 1-ə baxmaq üçün televizoru açmaq çox asandır. Divanda oturursan, çayını götürürsən, ekranda bolidlər görünür və bir neçə saniyəyə artıq dünyanın o biri başındasan. Amma bir şey var ki, televizorun heç vaxt verə bilmədiyi şey var: yarışın özünü yaşamaq hissi…

Azərbaycan Qran Prisinə getmək də məhz bununla bağlıdır. Çünki Azərbaycan Qran-Prisi sadəcə 51 dövrədən ibarət yarış deyil. Bu, üç gün ərzində şəhərin ritmini dəyişən, Bakının küçələrini dünyanın ən sürətli avtomobilləri ilə dolduran, musiqini, əyləncəni, adrenalini və avtoidmanı bir yerə gətirən böyük bir hadisədir.

Bəs niyə Formula 1-i canlı izləməyə dəyər?

Televizorda eşitmədiyiniz səs

Əvvəlcə ən sadə səbəbdən başlayaq: səs.

Formula 1 bolidinin tribunaların qarşısından keçməsi televizorda tamamilə başqa, canlı isə tamam başqa hissdir. Bolid hələ görünməmiş mühərrikin səsini eşidirsən. Sonra bir anda qarşından keçir. Bir neçə saniyəyə yox olur, ancaq səsi hələ də qalır.

Üstəlik, Bakı Şəhər Halqasında bunu hiss etmək üçün mütləq tribunada oturmaq lazım deyil. Küçə trasının divarları səsi ətrafa qaytarır. Dar hissələrdə avtomobilin divarlara nə qədər yaxın keçdiyini gözünlə görürsən və həmin anda anlayırsan ki, Formula 1-də “sürətli” sözü televizorda bir qədər yumşaldılmış formada görünür. Canlıda isə o sözün əsl mənasını hiss edirsən.

Raceday experience – yarışdan daha çoxu

Formula 1 yarışına gedən insanın qarşısında yalnız start-finiş xətti olmur. 2026-cı il proqramına baxanda belə bunu görmək mümkündür. Cümə axşamı və cümə günü məşqlər, sıralanma, Formula 2 sessiyaları, müxtəlif fan fəaliyyətləri, şənbə günü isə sürücülərin təqdimatı, himn mərasimi və əsas yarış var.

Yəni sən tribunaya gedib iki saatlıq yarışa baxmırsan. Günün böyük hissəsini Formula 1 atmosferinin içində keçirirsən.

Bu, futbola gedib yalnız oyunun 90 dəqiqəsini izləməyə bənzəmir. Daha çox böyük festivalın içində olmaq kimidir.

Fan zonaları, oyunlar, müxtəlif aktivliklər, yemək-içmək məkanları, böyük ekranlar, musiqi və trasın yaratdığı atmosfer günün özünü ayrıca hadisəyə çevirir. BŞH-nin təqdim etdiyi biletlərdə də ümumi girişdən tribunaya qədər müxtəlif seçimlər və əyləncə zonalarına çıxış imkanları var.

Bundan başqa sən sessiyalar arasındakı fasilədə ya da sessiyalar bitdikdən sonra Bakını ürəyi sayılan “tarqovı” küçəsində çıxıb gəzə, İçərişəhərə daxil olub, oradakı müzeylərə baxa və restoranlarda oturub Azərbaycanın Milli Yeməklərinin dadına baxa bilərsiniz. Daha sonra isə oradan çıxıb, Bakı Şəhər Halqasının konsert proqramlarına qatıla bilərsiniz. Yəni bundan yaxşı yarış günü təcrübəsi olarmı?

Bir gün ərzində Formula 1 dünyasının içində

Bir çox azarkeş üçün ən maraqlı hissələrdən biri trasın özündə yarış olmayan anlardır. Məsələn, pit yolu gəzintisi

Televiziyada pit yolunu görürük, amma ora daxil olmaq tamam başqa hissdir. Komandaların qarajlarını, bolidləri, mexaniklərin hazırlığını daha yaxından görmək Formula 1-i sadəcə yarışdan ibarət idman növü kimi yox, nəhəng texnologiya və komanda işi kimi göstərir.

Sürücülərlə görüşlər və fan tədbirləri də bu təcrübənin bir hissəsidir. Bəzi illərdə azarkeşlər sürücülərdən avtoqraf almaq və onlarla şəkil çəkdirmək imkanına da sahib olublar.

Televizorda Lekler, Həmilton, Ferstappen, Alonso və digər pilotları ekranda görürük. Canlıda isə onlar bir neçə metr qarşından keçə bilər. Bu fərqi izah etmək çətindir. Sadəcə yaşamaq lazımdır.

Bakı özü böyük üstünlükdür

Bakı Qran-Prisinin başqa bir xüsusiyyəti də budur ki, Formula 1 üçün ayrıca şəhərə getmirsən. Formula 1 şəhərin içindədir.

Bir tərəfdə Qız qalası, İçərişəhər, bulvar, Xəzər dənizi, digər tərəfdə isə 300 km/saatdan yüksək sürətlə hərəkət edən bolidlər.

Dünyada şəhər trasları çox deyil. Bakı isə bu baxımdan özünəməxsus mənzərə yaradır. Tarixi küçələrin arasından keçən müasir Formula 1 avtomobili həm avtoidman, həm də şəhər görüntüsü baxımından çox fərqli kombinasiya ortaya çıxarır.

Bakı Şəhər Halqası da bunu biletlərin təqdimatında xüsusi vurğulayır: bəzi tribunalar tarixi İçərişəhər və Qız qalası fonunda yarışa baxmaq, digərləri isə yüksək sürət və sərt əyləc zonalarını izləmək imkanı verir.  Harada oturmağından asılı olaraq qarşında tamam başqa yarış görürsən.

Burada yarışa zəmanət yoxdur

Bəlkə də ən vacib səbəb budur. Formula 1-də heç kim sənə əvvəlcədən ssenarini vermir. Bakı isə bunu xüsusilə yaxşı xatırladan traslardan biridir. Uzun düzlüklər, dar küçələr, divarlar, sərt əyləcləmələr və səhvə çox az yer qoyan tras quruluşu burada gözlənilməz hadisələr üçün kifayət qədər material yaradır.

Televizorda sən “görəsən nə olacaq?” deyirsən. Tribunada isə hadisə baş verəndə əvvəlcə hamı ayağa qalxır, sonra nə baş verdiyini anlamağa çalışır. Bir neçə saniyə sonra yanındakı adamla müzakirə başlayır:  “Kim toxundu?” “Safety Car çıxacaq?” “Bu pilot pitə girəcək?” “Yoxsa qırmızı bayraq olacaq?”

Formula 1-in canlı atmosferi məhz budur.

Konsertə görə gələn də Formula 1-i sevə bilər

Daha bir maraqlı məqam var. Azərbaycan Qran-Prisinə getmək üçün mütləq Formula 1 fanatı olmaq da şərt deyil.

Çünki yarış həftəsonu artıq böyük şəhər festivalına çevrilir. 2026-cı il proqramında cümə axşamı Kalvin Herris, cümə günü isə Keti Perri konserti nəzərdə tutulub.

Yəni bir nəfər bolidlər üçün, digəri musiqi üçün, üçüncü isə sadəcə dostları ilə fərqli bir həftəsonu keçirmək üçün gələ bilər. Sonra çox mümkündür ki, Formula 1-i ilk dəfə canlı gördükdən sonra həmin adamın marağı başqa istiqamətə getsin. Çünki tribunada oturanda Formula 1 artıq televizordakı uzaq idman növü olmur. O, sənin yanında baş verir.

Uşaqlar üçün də ayrıca təcrübədir

Formula 1 yalnız böyüklərin əyləncəsi deyil. Fan zonalarındakı interaktiv proqramlar, müxtəlif oyunlar və avtoidmanla bağlı fəaliyyətlər uşaqlar üçün də yarış həftəsonunu maraqlı edir. Əslində, bəlkə də ən gözəl tərəf budur: uşağın Formula 1-i ilk dəfə televizorda yox, canlı görməsi.

Bəlkə də illər sonra həmin uşaq “mən Formula 1-i ilk dəfə Bakıda görmüşdüm” deyəcək. Avtoidman sevgisinin başlanğıcı bəzən bir yarışdan yox, bir xatirədən yaranır.

Dostlarla getməyin başqa dadı var

Formula 1-i tək izləmək mümkündür. Amma dostlarla getmək tamam başqadır.

Birlikdə tribunaya girirsən. Kimin qalib gələcəyini müzakirə edirsən. Startda hamı ayağa qalxır. Bir pilot ötmə edəndə ətrafdakı yüzlərlə insanla birlikdə reaksiya verirsən.

Yarış bitəndən sonra isə müzakirə başlayır:  “Ferrari niyə belə strategiya seçdi?” “McLaren niyə pitə gec girdi?” “Ferstappen bunu necə etdi?” “Bu qəza kimin səhvi idi?”

Ən yaxşısı odur ki, bu söhbətlər yarış bitəndə bitmir. Bəzən evə gedən yolda da davam edir.

Formula 2-ni də unutmayaq

Bakıya yalnız Formula 1 üçün gedənlər bəzən dəstək yarışlarını ikinci plana atırlar. Halbuki Formula 2 gələcək Formula 1 pilotlarını izləmək üçün ən maraqlı yerlərdən biridir.

Bu gün sən aşağı kateqoriyada yarışan bir sürücünü görürsən, bir neçə ildən sonra isə həmin adam Formula 1 bolidinin sükanı arxasında ola bilər.

2026-cı ildə Bakı həftəsonunda Formula 2-nin həm sprint, həm də 2 əsas yarışı keçiriləcək. Ona görə də tribunada oturarkən təkcə bugünkü ulduzlara yox, sabahın ulduzlarına da baxmaq mümkündür.

Və nəhayət – bu, bizim Qran-Primizdir

Bəlkə də ən sadə səbəb budur.

Formula 1-in 24 yarışlıq dünya çempionatında Azərbaycan da var. Melburn var, Monako var, Silverstoun var, Monza var, Sinqapur var… Və Bakı var.

2026-cı ildə Azərbaycan Qran-Prisi artıq təqvimin 15-ci mərhələsidir və sentyabrın 24–26-da keçiriləcək. Əsas yarış isə şənbə günü, saat 15:00-da başlayacaq.  Bu, artıq sadəcə “Bakıda Formula 1 keçirilir” cümləsi deyil.

Bu, Bakının Formula 1 təqviminin bir hissəsinə çevrilməsidir. Ona görə də Qran-Prisinə getmək üçün səbəb axtaranda yalnız “mən Formula 1-i sevirəm” cavabına ehtiyac yoxdur.

Sürəti canlı hiss etmək istəyirsənsə – səbəb var. Dostlarınla fərqli həftəsonu keçirmək istəyirsənsə – səbəb var. Konsertə getmək istəyirsənsə – səbəb var. Bakı küçələrini tamamilə başqa formada görmək istəyirsənsə – səbəb var. Uşağına avtoidmanı sevdirmək istəyirsənsə – səbəb var. Hətta sadəcə bir gün “mən də orada idim” demək istəyirsənsə – bunun özü də səbəbdir.

Çünki Formula 1-i televizorda izləyəndə yarışa baxırsan. Bakı Qran-Prisinə gələndə isə yarışın içində olursan.  Aradakı fərqi yalnız bir dəfə tribunada oturandan sonra başa düşürsən.

 

Rauf Hacıyev

Şərh əlavə et