Şarl Lekler İtaliya Qran Prisinin hələ ikinci dövrəsində Parabolika döngəsində bolidi fırladaraq ağır qəza keçirib. Ferrari-nin yenilənmiş ADUO2 versiyalı güc qurğusu qəzadan sonra təmir edilib, lakin davamlılıq testləri İspaniya Qran Prisinə qədər tamamlanmadığı üçün Leklerin bolidində istifadə olunmayıb.
Motorsport İtaliyanın məlumatına görə, Monza mühərrikinin ətraflı yoxlanılması qurğuda kritik zədənin olmadığını ortaya çıxarıb. Beləliklə, Lekler bu mühərrikdən mövsümün qalan hissəsində yenidən istifadə edə bilər. Lakin Ferrari-nin davamlılıqla bağlı şübhələr səbəbindən bu güc qurğusundan yalnız Azərbaycan Qran Prisinin məşq sessiyalarında istifadə etməsi gözlənilir.
Bu səbəbdən Leklerin Bakı yarışı üçün tamamilə yeni mühərrikə keçməsi və komponent dəyişmə limiti səbəbindən start cəzası alması gözlənilir.
Ferrari komandasının rəhbəri Fred Vassyör Madrid həftəsonunda verdiyi açıqlamasında məsələ ilə bağlı bunları deyib: “Şarla nə vaxt mühərrik cəzası alacağımıza baxacağıq, amma düşünürəm ki, Bakı bu addımı atmaq üçün son dərəcə uyğun trasdır.
Şəhər tipli tras olmasına baxmayaraq, Bakıdakı nəhəng əsas düzlük ciddi ötmə imkanları yaradır. Qarşıdakı yarış təqvimini nəzərə alsaq, bu, Leklerin mühərrik cəzasını çəkməsi üçün ən uyğun məqamlardan biridir”.
Çempionatın lideri Andrea Kimi Antonelli də İtaliya Qran Prisində buna bənzər strategiyadan istifadə edib. Mühərrik cəzasına görə yarışa 19-cu yerdən başlayan italiyalı pilot buna baxmayaraq doğma ölkəsində qələbə qazanmağı bacarıb.
Mercedes-də Antonellinin komanda yoldaşı Corc Rassellin də qarşıdakı yarışlardan birində yeni mühərrikə keçərək cəza alması gözlənilir. Lakin bu dəyişikliyin hansı yarışda ediləcəyi hələlik məlum deyil.
Ferrari-nin Monzada təqdim etdiyi ADUO2 yeniləməsi ilk mərhələdə nəzərəçarpacaq performans artımı gətirməyib. Sıralanma turunda Lekler dördüncü, Həmilton isə beşinci yeri tutub.
Madriddə isə Leklerin Q3-dəki nəticəsi Həmiltondan cəmi 0,006 saniyə geri olub və Red Bull pilotu Maks Ferstappendən təxminən 0,170 saniyə zəif nəticə göstərib.
Ferrari Macarıstandan, Həmiltonun Lando Norrisə uduzaraq ikinci, Leklerin isə üçüncü olduğu yarışdan sonra ilk cərgədə yer ala bilməyib.




Şərh əlavə et