Xəbəri Kokpitdə Oxuyun!

Antonelli qalib gəldi, Ferstappen ikinci, Norris üçüncü oldu

Kimi Antonelli İspaniyada karyerasının səkkizinci qələbəsini qazanıb və şəxsi hesabdakı üstünlüyünü daha da artırıb.

İspaniya Qran Prisinin yeni trasda keçirilməsi böyük maraq doğururdu. Təşkilatçıların bu marağı xüsusilə artırdığını demək olmaz. Onlar işləri vaxtında başa çatdırmağa çalışırdılar və ümumilikdə həftəsonunun başlanmasına qədər hər şey hazır idi. Rejissor kameraları elə yerləşdirməyi bacarır ki, tamaşaçılar xırda problemləri görmürlər. Şənbə günü sərbəst yürüş zamanı da son döngədə Lyuis Həmiltonun kiçik qəzasından sonra baryerin 40 dəqiqəlik təmiri demək olar ki, nəzərə çarpmadı. Halbuki bu fasilə günün proqramını pozmağa az qalmışdı.

Çoxsaylı qəzalar həftəsonunu hadisələrlə zənginləşdirib. Qırmızı bayraqlar daim göstərilib. Dar şəhər trasında qəzaya uğrayan maşınların sayı tədricən artıb. Hadisələrin əksəriyyəti gənclər seriyalarında baş versə də, Formula 1 də bundan kənarda qalmayıb. Cümə günü Arvid Lindblad maşını elə ağır zədələyib ki, onu ehtiyat şassi üzərində yenidən yığmaq lazım gəlib. Şənbə səhəri Lyuis Həmilton və Oliver Berman maşınlarını vurublar. Oliver sonda sıralanma turunu buraxıb, Haas F1 onun maşınını yalnız yarışa qədər hazırlaya bilib.

Sərbəst yürüşlərdə Mercedes-in liderliyindən sonra mövsümün liderlərindən sıralanma turunda qələbə gözlənilirdi. Lakin son saniyələrdə poul mövqeyini Lando Norris qazanıb. Bununla o, son yarışlardakı parlaq formasını və McLaren-in aşkar irəliləyişini təsdiqləyib.

Start düzümünün ilk cərgəsini Lando Norris və Kimi Antonelli, ikinci cərgəsini Maks Ferstappen və Lyuis Həmilton, üçüncü cərgəsini isə Corc Rassell və Oskar Piastri tutublar. Karlos Sayns Valtteri Bottasa mane olduğu üçün üç mövqe itirib. Mühərrik dəyişikliyinə görə cərimələnən Ləns Stroll sonuncu yerdən, şassi və güc qurğusunun elementləri dəyişdirilən Oliver Berman isə pit-leyndən start götürüb.

Pirelli mərhələyə tərkiblərin “orta” üçlüyünü gətirib: C2, C3 və C4 müvafiq olaraq Hard, Medium və Soft rolunda olub.

Maks Ferstappen, Lyuis Həmilton və Niko Hülkenberq Soft, Lando Norris, Kimi Antonelli, Franko Kolapinto, Arvid Lindblad, Esteban Okon, Aleks Albon və Serxio Peres Medium təkərlərlə start götürüblər. Digər sürücülər Hard tərkibini seçiblər.

Startda Lando Norris liderliyini qoruyub. Maks Ferstappen Lyuis Həmiltonla mübarizə zamanı şikananı kəsərək Kimi Antonellini keçib. Franko Kolapinto iki mövqe qazanıb. Oskar Piastri ilə Corc Rassell iki dəfə təmas ediblər. Oskar ön qanadını zədələyərək üç mövqe itirib. Karlos Sayns və Yuki Tsunoda təkərlərlə toxunsalar da, bunun nəticəsi olmayıb.

2-ci dövrədə ilk onluq: Lando Norris, Maks Ferstappen, Kimi Antonelli, Lyuis Həmilton, Şarl Lekler, Corc Rassell, Franko Kolapinto, Lyam Louson, Arvid Lindblad, Oskar Piastri.

Mühəndis Ferstappenə mövqeyi Həmiltona qaytarmağı tapşırıb. Maks 4-cü dövrədə əvvəlcə Antonellini, sonra isə Həmiltonu irəli buraxıb.

Həmiltonun maşınında əyləc problemləri yaranıb. O, əvvəlcə Ferstappeni, sonra digər rəqiblərini irəli buraxıb və yavaş-yavaş boksa qayıdaraq mübarizəni dayandırıb. Bu, onun mövsümdə ilk yarışı yarımçıq saxlaması olub.

10-cu dövrədə Lyam Louson 7-ci yer uğrunda mübarizədə Franko Kolapintodan üstün olub.

Fernando Alonso 17-ci yer uğrunda mübarizədə Karlos Saynsa hücum edib, lakin Karlos həmyerlisini irəli buraxmayaraq onu az qala divara sıxışdırıb. İspaniyalı azarkeşlər gərgin anlar yaşasalar da, insident nəticəsiz ötüşüb. Sürücülər mövqelərini qoruyublar, stüardlar isə Karlosa beş saniyəlik cərimə veriblər.

14-cü dövrədə Ləns Stroll əyləc problemlərinə görə maşını trasda saxlayıb. Virtual təhlükəsizlik maşını rejimi elan edilib. Kimi Antonelli, Maks Ferstappen, Corc Rassell, Franko Kolapinto, Arvid Lindblad, Esteban Okon, Niko Hülkenberq, Aleks Albon, Serxio Peres və Fernando Alonso təkərlərini dəyişiblər.

16-cı dövrədə yaşıl bayraqlar göstərilib və lider Lando Norris boksa yönəlib. Təkər tapançasındakı nasazlıq səbəbindən ön sağ təkərlə iş zamanı ləngimə yaranıb. Nəticədə Lando trasa yalnız beşinci yerdə qayıdıb.

Boksa girməmiş Şarl Lekler yarışın liderliyinə yüksəlib.

17-ci dövrədə ilk onluq: Şarl Lekler, Kimi Antonelli, Maks Ferstappen, Corc Rassell, Lando Norris, Lyam Louson, Oskar Piastri, Pyer Qasli, Qabriel Bortoleto, Franko Kolapinto.

24-cü dövrədə Karlos Sayns cəriməsini çəkib və təkərlərini dəyişib.

27-ci dövrədə Oskar Piastri yeddinci döngədə baryerə sürtünüb, lakin hərəkətini davam etdirib.

Lando Norris Corc Rassellə fərqi hücum məsafəsinə qədər azaldıb. Lakin sürət fərqi böyük olsa belə, Madrinqdə mövqe uğrunda mübarizə aparmaq çətin idi. Aşınmış Medium təkərlərdə rəqibindən aşkar geri qalan Rassell 29-cu dövrədə yeni təkər dəstinə keçib.

31-ci dövrədə Valtteri Bottas, 33-cü dövrədə isə Serxio Peres pit-stop edib.

Serxio Peres maşını boksda saxlayaraq yarışı yarımçıq qoyub.

35-ci dövrədə Oliver Berman təkərlərini dəyişib.

36-cı dövrədə Corc Rassell beşinci yer uğrunda mübarizədə Lyam Lousonu geridə qoyub.

37-ci dövrədə Yuki Tsunoda pit-stop edib.

Lando Norris bir-birinin ardınca ən sürətli dövrələr vuraraq nəticəsini daim yaxşılaşdırıb. O, səkkizinci döngədə divara sürtünsə də, maşına ziyan dəyməyib.

39-cu dövrədə Fernando Alonso təkərlərini dəyişib.

40-cı dövrədə ilk onluq: Şarl Lekler, Kimi Antonelli, Maks Ferstappen, Lando Norris, Corc Rassell, Lyam Louson, Oskar Piastri, Pyer Qasli, Qabriel Bortoleto, Franko Kolapinto.

42-ci dövrədə Lando Norris Maks Ferstappendən bir saniyə geridə idi və hücum imkanı axtarırdı.

43-cü dövrədə Oskar Piastri yeni təkərlərə keçib.

45-ci dövrədə Oskar Piastri Arvid Lindbladı üstələyib. Lyam Louson və Oliver Berman da təkərlərini dəyişiblər.

46-cı dövrədə Karlos Sayns mühəndisin göstərişi ilə maşını boksda saxlayıb və mübarizədən çəkilib.

Ferrari Şarl Leklerin pit-stopuna hazırlaşarkən Corc Rassell tempini artırıb. Təkər dəyişikliyindən sonra onların bir-birinə yaxın olması gözlənilirdi.

48-ci dövrədə Şarl Lekler və Qabriel Bortoleto pit-stop ediblər. Corc Rassell buna ən sürətli dövrə ilə cavab verib, lakin Şarlın pit-stopu problemsiz keçib və o, trasa üç saniyə öndə qayıdıb.

Stüardlar əyləcləmə zonasında istiqamətini dəyişən Qabriel Bortoletoya rəsmi xəbərdarlıq ediblər. Tras hüdudlarını dəfələrlə pozduğuna görə Oskar Piastriyə ağ-qara bayraq göstərilib.

Kimi Antonelli yeddinci döngədə baryerə sürtünüb və hərəkətini davam etdirib.

53-cü dövrədə ilk onluq: Kimi Antonelli, Maks Ferstappen, Lando Norris, Şarl Lekler, Corc Rassell, Pyer Qasli, Lyam Louson, Franko Kolapinto, Oskar Piastri, Arvid Lindblad.

Ferstappeni təqib edən Norris bir neçə dəfə səhvə yol verərək şikananı kəsib, sonra itirdiyi vaxtı geri qaytarıb. Lakin Madrinqdə real hücum cəhdi etmək üçün münasib yer yox idi.

55-ci dövrədə Corc Rassell Şarl Leklerə çatıb, amma onların arasında da real mübarizə alınmayıb.

Elə həmin dövrədə Lyam Louson Pyer Qaslini keçib. Lakin Pyer hələ boksa girməmiş yeganə sürücü idi. O, 56-cı dövrədə təkərlərini dəyişib, amma pit-leyndə sürət həddini aşıb. Buna görə finişdən sonra nəticəsinə beş saniyə əlavə olunub.

Kimi Antonelli İspaniya Qran Prisini qazanaraq karyerasında səkkizinci qələbəsini əldə edib və şəxsi hesabdakı üstünlüyünü yenidən artırıb. O, artıq Corc Rasselli 81 xal qabaqlayır.

Maks Ferstappen ikinci yeri tutub, Lando Norris isə podiumun üçüncü pilləsinə qalxıb.

Yeni tras ötmələrin çətin olduğu məkan statusunu təsdiqləyib. McLaren-də təkər tapançası ilə bağlı problem, startdakı təmas və Həmiltonun yarışı yarımçıq saxlaması ilk onluqdakı qüvvələr nisbətinə təsir göstərib.

Mübarizə iki həftə sonra Bakıda davam edəcək. Orada həftəsonu bir gün tez başlayacaq: ilk sərbəst yürüşlər cümə axşamı, yarış isə şənbə günü keçiriləcək.

Yarışın nəticələri

S Sürücü Komanda Nəticə Sürət Pit
1 Kimi Antonelli Mercedes 1
2 Maks Ferstappen Red Bull +4.351 1
3 Lando Norris McLaren +5.089 1
4 Şarl Lekler Ferrari +29.116 1
5 Corc Rassell Mercedes +29.829 2
6 Lyam Louson Red Bull +86.746 1
7 Franko Kolapinto Alpine +94.281 1
8 Oskar Piastri McLaren +95.839 1
9 Arvid Lindblad Racing Bulls +1 dövrə 1
10 Niko Hülkenberq Audi +1 dövrə 1
11 Esteban Okon Haas +1 dövrə 1
12 Pyer Qasli Alpine +1 dövrə 1
13 Qabriel Bortoleto Audi +1 dövrə 1
14 Yuki Tsunoda Racing Bulls +1 dövrə 1
15 Aleks Albon Williams +1 dövrə 1
16 Oliver Berman Haas +1 dövrə 2
17 Fernando Alonso Aston Martin +2 dövrə 2
18 Valtteri Bottas Cadillac +3 dövrə 2

Ən sürətli dövrəni Corc Rassell vurub: Mercedes, 1:35.587, 50-ci dövrə.

Yarışı yarımçıq saxlama səbəbləri

Sürücü Komanda Dövrə Səbəb
Lyuis Həmilton Ferrari 3 Əyləclər
Ləns Stroll Aston Martin 13 Əyləclər
Serxio Peres Cadillac 33 Mexaniki problemlər
Karlos Sayns Williams 45 Mexaniki problemlər

Gilənur Hüseynova

Şərh əlavə et