Xəbəri Kokpitdə Oxuyun!

İspaniya F2: Beganoviçdən mövsümdə ilk qələbə

Formula 2-nin Madriddə keçirilən həftəsonunun əsas yarışında Dino Beganoviç qalib gəlib. İsveçli pilot mövsümdə ilk qələbəsini qazanıb. Aleks Dann ikinci, Ritomo Miyata isə üçüncü olub.

Şənbə sprintində olduğu kimi, bazar günü keçirilən əsas yarışda da Hitech pilotu Kolton Herta iştirak etməyib. Komanda amerikalı pilotun hələ də özünü yaxşı hiss etmədiyini bildirib. Buna görə start düzülüşü bir qədər sıxlaşıb və cümə günü Herta­nın 12-ci nəticəsindən daha zəif vaxt göstərən bütün pilotlar bir pillə yuxarı qalxıblar.

Bundan başqa, Kuş Maini şənbə sprintində Niko Varone ilə toqquşmaya səbəb olduğu üçün cəza alıb və ART pilotu bugünkü yarışa sonuncu yerdən başlayıb.

Poul-pozisiyadan isə Ferrari Sürücü Akademiyasının üzvü, DAMS pilotu Dino Beganoviç start götürüb. İsveçli pilot əla start alaraq liderliyini qoruyub və dərhal pelotondan uzaqlaşmağa çalışıb. Aleks Dann ikinci, Rafael Kamara üçüncü, Martinius Stenshorn isə dördüncü olub.

Sprintdə uğursuz çıxış edən Nikola Tsolov bu dəfə nəticəsini yaxşılaşdırmağa çalışıb və Stenshornun arxasında hərəkət edib. Bolqar pilot hələ aktiv hücuma keçməyib. Altıncı yerdə qərarlaşan Roman Bilinski isə itirəcək çox şeyi olmadığı üçün Campos pilotuna təzyiq göstərməyə başlayıb.

Lakin onun planlarını həyata keçirməsinə imkan yaranmayıb. Artıq ikinci dövrədə təhlükəsizlik avtomobili trasa çıxıb. Maininin avtomobili 18-ci döngədə baryerlərə çırpılıb və hərəkət istiqamətinin əksinə dayanıb. Buna Kin Şildslə təmas səbəb olub. Britaniyalı pilot isə daha şanslı olub və sonuncu yerdə olsa da, trasda qalıb.

Yarış neytrallaşdırıldığı zaman Tasanapol İntrafuvasa­k bazar günü yarışında məcburi olan erkən pit-stop etməyə üstünlük verib. Tsolova isə tam əks göstəriş verilib – komanda ondan təkərləri mümkün qədər gec dəyişmək üçün trasda uzun müddət qalmasını istəyib.

Maininin avtomobilinin evakuasiyası uzandığı üçün peloton altı dövrə ərzində təhlükəsizlik avtomobilinin arxasında hərəkət edib. Nəhayət, restart verilib. Beganoviç ilk mövqeyini rahatlıqla qoruyub, Dann isə ona çatmağa çalışıb. İsveçli pilot tempini artıraraq tezliklə fərqi bir saniyədən çoxa çatdırıb.

Bu arada Şildsin Maini ilə qəza səbəbindən 10 saniyəlik cəza aldığı açıqlanıb.

Səkkizinci dövrədə çempionatın ümumi sıralamasında üçüncü olan Qabriele Mini komanda yoldaşı Oliver Göteni gözəl manevrlə qabaqlayaraq doqquzuncu yerə yüksəlib. Bu, Madrinqdə ötmənin mümkün olduğunu bir daha göstərib. İtaliyalı pilot ardınca şənbə sprintinin qalibi Ritomo Miyataya da hücum edib, lakin yapon pilot dərhal mövqeyini geri qaytarıb.

Həmin dövrədə İntrafuvasa­k Sebastyan Montoyanı da qabaqlayıb. Görünür, burada onun bir qədər daha təzə təkərlərdən istifadə etməsi də rol oynayıb.

Səkkizinci yerdə gedən Noel Leon 12-ci dövrənin sonunda boksa daxil olub. Lakin təkər dəyişdirilməsi zamanı sağ ön təkərlə bağlı problem yaranıb və meksikalı pilot trasa 17-ci yerdə qayıdıb. Görünür, bu, Leonu bir qədər qəzəbləndirib və o, dərhal hücuma keçərək bir neçə döngə davam edən mübarizədən sonra Con Benneti qabaqlayıb.

Bennet mövqeyini geri qaytarmağa çalışsa da, trasda qala bilməyib. Buna görə 15-ci yeri geri qaytarmalı olub. Bu arada Lorens van Hupen də Benneti qabaqlayıb.

14-cü dövrədə Nikola Tsolov da boksa daxil olub və trasa 11-ci yerdə qayıdıb. Lakin beşinci döngədə onu Prema pilotu Mari Boya qabaqlayıb. İspaniyalı pilot olduqca aqressiv yarış keçirib. O, Tsolovdan yeddi pillə geridə start alsa da, məsafənin tam yarısı geridə qaldıqda çempionat liderini keçməyi bacarıb.

Tsolov bununla barışmayaraq Prema pilotuna hücum etməyə başlayıb. Boya isə bir neçə dövrə ərzində mövqeyini qətiyyətlə qoruyub.

17-ci dövrədə Nikola yenidən hücuma keçib və ötməni tamamladığı təsiri yaranıb. Üstəlik, o, eyni anda Göteni də qabaqlamağa çalışıb. Lakin avtomobilinə nəzarəti itirdiyi üçün mövqeni geri qaytarmalı olub.

Tsolov bunu bir qədər uğursuz şəkildə etdiyindən Kamara fürsətdən istifadə edib və bolqar pilot 13-cü yerə geriləyib. Ardınca Kamara Göteni də ötməyə çalışıb, lakin həddi aşıb və alman pilotun avtomobilini birbaşa baryerə göndərib.

Trasda yenidən sarı bayraqlar dalğalanıb və təhlükəsizlik avtomobili çıxıb. Eyni zamanda trasın başqa hissəsində Con Bennetin avtomobili də dayanıb.

Bu vəziyyətdən pit-stop etməyən pilotlar yararlanıb. Onlar mövqelərini itirmədən təzə təkərlər taxıblar. Beləliklə, Beganoviç və Dann liderliyi qoruyub, doqquzuncu yerdən start alan Miyata isə artıq üçüncü pilləyə yüksəlib.

Videotəkrarda məlum olub ki, neytrallaşdırmadan əvvəlki qarışıqlıq zamanı Tsolovun avtomobili də zədələnib. Görünür, onun ön qanadından bir hissə qopub. Komanda radio vasitəsilə Nikola səbirli olmağı, riskə getməməyi və uyğun hücum fürsətini gözləməyi tapşırıb. Son on dövrədə qəzaların baş vermə ehtimalının yüksək olduğu da vurğulanıb.

Sanki bunun təsdiqi kimi stüardlar Kamara ilə bağlı qərarlarını açıqlayıblar. Braziliyalı pilot aqressiv hərəkətinə görə 10 saniyəlik cəza alıb. Kamara Tsolovun önündə olduğu üçün Nikola ən azı bir mövqe qazanaraq xal əldə edə bilərdi. Lakin hadisələr tamamilə başqa cür inkişaf edib.

Restartda pelotonda ciddi dəyişiklik olmayıb. Beganoviç dərhal Danndan 1,5 saniyəlik fərqlə uzaqlaşıb. Üçüncü yerdə olan Miyataya isə Emerson Fittipaldı və Coşua Dürksen hücum etməyə hazırlaşıb.

Kamara aldığı cəzaya baxmayaraq irəliləməyə davam edib və 24-cü dövrədə Mari Boyanı qabaqlayıb. Lakin daha sonra həm Tsolov, həm də Bilinski braziliyalını keçib.

Finişə az qalmış Dürksen fəallaşaraq Fittipaldıya ciddi təzyiq göstərməyə başlayıb. Emerson isə hələlik dördüncü yeri qoruyub. Bu vaxt yarışın uzanması səbəbindən yarış direktoru geri sayımı başladıb və pilotların tam məsafəni başa vurmayacağı məlum olub.

Finişə bir neçə dəqiqə qalmış Invicta pilotu Dürksen səhvə yol verib və İntrafuvasa­k onu az qala qabaqlayıb. Bununla belə, Fittipaldı bir qədər nəfəs almaq imkanı qazanıb. Lakin Emerson Dürksenin təzyiqinə daha çox tab gətirə bilməyib və finişə iki dövrə qalmış paraqvaylı pilot dördüncü yerə yüksəlib.

Eyni dövrədə Tsolov bir neçə mövqe itirib. Onu Boya, Leon, van Hupen, Montoya, Varone, Vilyaqomes və hətta Şilds qabaqlayıb. Görünür, Nikola­nın avtomobili sürətini ciddi şəkildə itirməyə başlayıb.

31 dövrədən sonra yarış başa çatıb və Dino Beganoviç mövsümdə ilk qələbəsini qazanıb. Aleks Dann ikinci, Ritomo Miyata isə üçüncü olub. Şənbə sprintindəki qələbəsini də nəzərə alsaq, yapon pilot üçün Madrid həftəsonu olduqca uğurlu alınıb.

Nikola Tsolov üçün isə vəziyyət tam əksinə olub. Bolqar pilot Madrinqdə ümumiyyətlə xal qazana bilməyib. Buna baxmayaraq, o, hələ də çempionatın lideridir. Lakin üstünlüyü ciddi şəkildə azalıb və artıq Rafael Kamaradan cəmi 7 xal öndədir.

Rauf Hacıyev

Şərh əlavə et