Bazar günü səhər pilotları günəşli hava qarşılayıb. Start vaxtı havanın temperaturu 20, asfaltın temperaturu isə 28 dərəcə olub. Xal baxımından bərabər vəziyyətdə olan iki titul namizədi – Uqo Uqoçukvu və Freddi Sleter – müvafiq olaraq ikinci və səkkizinci yerdən start götürüblər.
Pouldan Tukka Taponen start alıb. Uqoçukvu ilə Sleterin arasında isə Pedro Klero, Taito Kato, Mattia Kolnyanyi, Enzo Delinyo və Alessandro Ciusti qərarlaşıb.
Startda Taponen liderliyini qoruyub. Uqoçukvu və Klero ikinci və üçüncü yerlərini saxlayıblar. Sleter isə Evan Devidə mövqeyini verərək doqquzuncu yerə geriləyib. Ciusti altıncı yer uğrunda mübarizədə Delinyonu qabaqlayıb.
19 dövrəlik yarışın dördüncü dövrəsində Sleter 1:52.825 nəticə ilə ən sürətli dövrəni vurub. Növbəti dövrədə isə birinci və ikinci döngələr arasındakı hissədə Evana hücum edərək onu qabaqlayıb və səkkizinci pilləyə yüksəlib.
Həmin dövrədə Nandhavud Bhirombhakdi beşinci döngədə ön qanadını sındırıb və trasda sarı bayraqların dalğalanmasına səbəb olub. Lakin taylandlı pilot öz hərəkəti ilə boksa qədər gedə bilib.
Bundan sonra yarış sakit məcrada davam edib. 11-ci dövrəyə qədər Taponen Uqoçukvu ilə fərqi 1,2 saniyəyə çatdırıb. Bu mərhələdə ən sürətli dövrəni isə Nikola Lakorte 1:51.773 nəticə ilə vurub.
16-cı dövrədə Ernesto Rivera doqquzuncu yer uğrunda mübarizədə Devidi qabaqlayıb. 17-ci dövrədə isə 13-cü yerdə gedən Hiyo Yamakoşinin trasda dayanması səbəbindən sarı bayraqlar dalğalanıb və təhlükəsizlik avtomobili trasa çıxıb.
Restart sonuncu dövrədə verilib. İlk onluqdakı pilotlar ehtiyatlı şəkildə son dövrəni başa vuraraq finişə çatıblar.
Beləliklə, Tukka Taponen karyerasının ilk qələbəsini qazanıb. Uqo Uqoçukvu ikinci olaraq Formula 3 tarixində ABŞ-dan olan ilk çempion adını qazanıb. Şənbə gününün əsas yarışında qalib gələn Pedro Klero isə üçüncü yeri tutub.
Freddi Sleter mövsümü vitse-çempion kimi başa vurub. Çempionatda isə üçlüyü isə Taito Kato tamamlayıb.




Şərh əlavə et