Xəbəri Kokpitdə Oxuyun!

Andrea Stella: Norris şeir kimi dövrə vurdu

İspaniya Qran Prisinin sıralanma turunda poul  qazanan Lando Norrisin dövrəsi McLaren komandasının rəhbəri Andrea Stella tərəfindən yüksək qiymətləndirilib.

Cümə günü keçirilən məşqlərdə yaşanan texniki problemlərdən sonra şənbə günü güclü dönüş edən McLaren, britaniyalı sürücünün son saniyələrdə vurduğu dövrə sayəsində Madrinq trasında ilk poul mövqeyini qazanıb.

Andrea Stella Norrisin dövrə ərzindəki performansını və sıx rəqabəti dəyərləndirərək nəticələr arasındakı kiçik fərqə diqqət çəkib: “Norris şeir kimi bir dövrə vurdu. Həftəsonu ərzində hər şeyi düzgün edə bildiyimiz zaman ən sürətli rəqiblərimizdən çox da uzaqda olmayacağımızı bilirdik. Bütün potensialımızı ortaya çıxarmaq üçün əlimizdən gələni etdik.

Lando bunu üçüncü sessiyanın (Q3) son dövrəsində çox yaxşı bacardı. Hətta son döngədə bizə təxminən 0,3 saniyə itirən bir səhvə yol verdi. Buna baxmayaraq, inanılmaz dövrə idi. Son döngəyə qədər bu, onun həyatındakı ən yaxşı dövrələrdən biri idi.

O, boliddə nə qədər böyük potensial olduğunu hiss etdi və bunu trasa əks etdirməyi bacardı. Poul mövqeyini qazandığımız üçün çox xoşbəxtik.

Eyni zamanda  rəqabət o qədər sıxdır ki, Oskarın vəziyyətində olduğu kimi, bir neçə onda bir saniyə geridə qalanda özünüzü birdən-birə yeddinci yerdə tapa bilərsiniz”.

Rauf Hacıyev

Şərh əlavə et