İspaniya Qran Prisindən əvvəl gələcəyi ilə bağlı müəmmanın bir müddət də davam edəcəyinə işarə edən Alonsonun açıqlamalarından sonra Madrid şəhərində keçirilən New Economy Forum-da çıxış edən FIA prezidenti Aston Martin-in sahibi Lourens Stroll ilə də xüsusi görüş keçirdiyini bildirib.
Məhəmməd Ben Sulayem Alonsonun hazırkı bolidin performansına görə Formula 1-i tərk etməsini “qəbuledilməz” adlandırıb və ispaniyalı pilotu F1-də saxlamaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Ben Sulayem ikiqat Dünya Çempionunun yalnız bolidin rəqabət qabiliyyətinin aşağı olması səbəbindən yarışları tərk etməməli olduğunu bildirib: “Fernando Alonso kimi böyük bir çempionun yalnız mövcud şərtlərə görə bu idmandan ayrılmasına heç bir halda icazə verə bilmərik.
O, səhnədən belə çəkilməməlidir. Uğura çatmalı və daha sonra nə vaxt istəsə, özü qərar verərək ayrılmalıdır. Bolidin yetərsiz performansına görə buna məcbur qalmamalıdır.
Onu çox kədərli gördüm və özünə dedim ki, ‘Fernando, səni başa düşürəm. İkiqat dünya çempionu kimi öz ölkənə gəlib son sıralarda yer almağın qəbuledilməzdir’.”
FIA-nın prezidenti Aston Martin-in inkişafı üçün qaydalar çərçivəsində müəyyən addımlar atdıqlarını və komandanın sahibi Lourens Stroll ilə görüşdüyünü də açıqlayıb: “Problemləri başa düşürəm. Bolid istənilən performansı göstərmir.
Dünən komandanın sahibi Lourens Stroll ilə görüşdüm. Lazımi dəyişiklikləri edəcəyəm və fikrini dəyişməsi üçün Alonso ilə də danışacağam.
May ayında komanda üçün mühərrik tərəfi ilə bağlı qanunvericilik çərçivəsində müəyyən addımlar atdıq. Daha sonra Alonsonun özünə dedim: ‘Sənə nə edəcəyimizi deməyəcəyəm. Sən pilotsan. Bu nəticələri düzəltməyimiz üçün bizdən nə istədiyini özün de.’
Bir anda hər şeyin dəyişməyə başladığını görürsünüz. Nəticədə biz burada komandaları və pilotları dəstəkləmək üçün də varıq”.




Şərh əlavə et