Ostindəki yarışın ilk dövrəsində Aleks Elbonla təmas yaşayan Alonso hadisədən sonra bolidinin altlığında ciddi zədə alıb və xal qazanmaq şansını itirib. İspaniyalı pilot Meksika Qran Prisinin mətbuat günü zamanı da əvvəlki açıqlamalarının arxasında dayanıb. Jurnalistlər tənqid etdiyi pilotların kimliyini soruşduqda ikiqat dünya çempionu geri addım atmayaraq, həmin şəxslərin özlərini yaxşı tanıdıqlarını bildirib.
Ostində baş verən səhvin qəbuledilməz olduğunu bir daha vurğulayan və bolidlərə dəyən zərərin büdcə limitini çətin vəziyyətə saldığını qeyd edən Alonso belə danışıb.
Fernando Alonso: “Start düzülüşünün düz üçdəbirini nəzərdə tutduğumu deyə bilmərəm. Çünki xəbərlərdə 7-8 pilotun adının ön plana çıxarılmağa çalışıldığını gördüm.
Konkret rəqəm deməyəcəyəm, amma kimi nəzərdə tutduğumuzu və bu sözlərin kimlərə aid olduğunu hamımız çox yaxşı bilirik. Baş verənlər hər şeyi izah edir. Buna görə də hələ də eyni fikirdəyəm.
Həmin anda edilən tamamilə lazımsız bir səhv idi. Aleksin həmin mövqedə necə fürsət gördüyünü hələ də anlamaqda çətinlik çəkirəm.
Təəssüf ki, bu, yalnız Ostinə aid məsələ deyil. Bütün mövsüm ərzində start düzülüşünün bu hissəsində yarışdığım üçün bolidin içində olarkən sözlə ifadə edə bilməyəcəyim çoxlu hadisə görürəm.
Arxa sıralardakı bolidləri idarə etmək daha çətindir. Onların trasla ilişməsi zəif olur və nəzarəti qorumaq çətinləşdiyi üçün səhvlər daha tez-tez baş verir. Ancaq ilk dövrələrdəki təmaslar, havada uçuşan ön qanadlar və bu cür hadisələr tamamilə lazımsızdır. Xüsusilə də arxa sıralarda heç nə uğrunda mübarizə aparmadığınız halda.
Üstəlik, işin içində büdcə limiti də var. Əgər komandalar hər yarışda bolidlərinin hissələrinin qırılmasından və büdcə limitinin çətin vəziyyətə düşməsindən razıdırlarsa, bu, onların öz seçimidir.
Stüardların vəzifəsi yalnız təhlükəli vəziyyətləri araşdırmaqdır. Əsas məsələ pilotların ambisiyaları və gələcəkdən nə gözlədikləridir. Formula 1-də daha uzun müddət qalmaq, böyük komandaya keçmək istəyirlər, yoxsa bu cür qəzalar törətməkdən məmnundurlar?”




Şərh əlavə et