ABŞ Qran Prisinin ilk dövrəsində Aleks Elbonla toqquşmasından sonra çempionatın arxa qrupundakı pilotların səviyyəsini açıq şəkildə tənqid edən Fernando Alonso Meksikada da fikirlərini təkrarlayıb. Təcrübəli ispaniyalı pilotun bu açıqlamalarına Meksika Qran Prisinin mətbuat konfransında Şarl Lekler münasibət bildirib.
Kartinq illərindən bəri birlikdə yarışdığı Aleks Elbonu və ümumilikdə pelotonun səviyyəsini müdafiə edən Lekler avtomobillər arasındakı fərqə diqqət çəkib: “Düşünürəm ki, pelotondakı pilotların ümumi səviyyəsi son dərəcə yüksəkdir.
Buradakı pilotların əksəriyyəti ilə kartinq illərindən bəri birlikdə böyümüşük. Aleks də onların arasında idi. Hətta uşaqlıqda ona heyranlıqla baxırdım. O, həmişə məndən bir-iki kateqoriya yuxarıda yarışırdı və möhtəşəm pilot idi.
Bu gün istər arxa qrupda, istər orta sıralarda, istərsə də ön cərgədə mübarizə aparsınlar, pilotların səviyyəsinin çox yüksək olduğuna əminəm.
Dəyişən yeganə məqam, əlbəttə ki, idarə etdiyimiz yarış avtomobilləridir. Pilotların keyfiyyəti isə şübhəsiz ki, çox yüksəkdir”.




Şərh əlavə et