Xəbəri Kokpitdə Oxuyun!

Klero Madrinqdə ilk F3 qələbəsini qazanıb

Pedro Klero Madrinqdə keçirilən şənbə günü Formula 3 əsas yarışında finişə ilk çataraq karyerasının ilk qələbəsini qazanıb. Taito Kato ikinci, Tukka Taponen isə üçüncü olub.

Formula 3-ün Madriddə keçirilən mövsümün final mərhələsi dəyişdirilmiş formatda baş tutur. Bəhreyndə ləğv olunan mərhələni kompensasiya etmək üçün standart sıralama, sprint və əsas yarışa əlavə olaraq daha bir əsas yarış da təqvimə daxil edilib. İkinci əsas yarış bazar günü səhər keçiriləcək. Şənbə axşamı baş tutan ilk əsas yarış isə 19 dövrədən ibarət olub və start düzülüşü cümə günü keçirilən ilk sıralama turunda müəyyənləşib.

Poul-pozisiyadan Taito Kato start götürüb, ilk cərgədə onun yanında Pedro Klero yer alıb. İkinci cərgəni Tukka Taponen və titul uğrunda mübarizə aparan Uqo Uqoçukvu bölüşüb. Onların arxasında Enzo Delinyo, Cin Nakamura, Ernesto Rivera, Ciusti və Bruno del Pino qərarlaşıb. Səhər keçirilən sprintdə karyerasının ilk podiumunu qazanan Aleks Pauell isə ilk onluğu tamamlayıb. Çempionatın lideri Freddi Sleter start düzülüşündə yalnız 16-cı olub.

Startdan sonra Klero ilk döngədə Katonu qabaqlayaraq liderliyi ələ keçirib. Lakin bənkinqə çatmamış çoxsaylı avtomobillərin iştirakı ilə böyük qəza baş verib və trası bloklayan maşınlara görə yarış qırmızı bayraqlarla dayandırılıb.

Hadisə Bruno del Pino ilə Enzo Delinyonun altıncı və yeddinci döngələr arasındakı hissədə mübarizə zamanı toqquşması ilə başlayıb. Arxadan gələn pilotlar da qəzanın içinə düşüb və növbəti toqquşmalar baş verib. Nəticədə Matsi Qladı­şın avtomobili havaya qalxıb, daha sonra yan tərəfi ilə divar boyunca sürüşüb.

Qəza nəticəsində Enzo Delinyo, Bruno del Pino, Matsi Qladı­ş, Xose Qarfias, Uxen Şin və Fernando Barrikello mübarizəni dayandırıb. Xoşbəxtlikdən pilotların heç biri xəsarət almayıb.

Freddi Sleter də qəza zamanı avtomobilinə zərər vurub, amma boksa qədər gedə bilib. Noy Stromsted, Fionn Maklaflin və Nikola Lakortenin maşınları da zədələnib, lakin onlar öz hərəkətləri ilə mexaniklərin yanına çata biliblər. Digər pilotlar isə trasdakı qəzalı avtomobillərin təmizlənməsini gözləmək üçün pit-leynə düzülüblər.

Fasilə təxminən yarım saat davam edib. Yenidən startdan əvvəl stüardlar pit-leyn sürət həddini aşdığı üçün Lakorteyə 5 saniyəlik cəza verib. Maklaflinin avtomobilindəki zədələr isə onun yenidən start almasına imkan verməyib.

Pilotlar təhlükəsizlik avtomobilinin arxasında pit-leyni tərk ediblər və daha sonra hərəkətdə olan restart verilib. Restartdan əvvəl ilk beşlik Klero, Kato, Taponen, Uqoçukvu və Nakamuradan ibarət olub. Sleter isə yarışa 15-ci yerdən davam edib.

Restart problemsiz keçib və liderlər mövqelərini qoruyublar. İlk beşlikdən sonra Rivera, Ciusti, Pauell, Nael və de Palo sıralanıblar.

Tras boşaldıqdan sonra Klero pelotondan uzaqlaşmağa çalışıb. Lakin Kato liderdən bir saniyədən az məsafədə qalaraq təzyiqi davam etdirib və hətta beşinci dövrədə ən sürətli nəticəni göstərib. Növbəti dövrədə Klero cavab verərək fərqi 1,3 saniyəyə çatdırıb.

Yeddinci dövrədə Sleter ilk döngədə səhvə yol verərək trasdan kənara çıxıb, amma 15-ci yerini qoruyub. Səkkizinci dövrəyə gəldikdə de Palo Ceyms Uortona və Evan Devidə mövqelərini verərək iki pillə geriləyib.

Doqquzuncu dövrədə Sleter 20-ci döngədən çıxarkən avtomobilinə nəzarəti itirib və divara çırpılıb. Trident pilotu üçün yarış bununla başa çatıb və təhlükəsizlik avtomobili yenidən trasa çıxıb.

Onuncu dövrənin əvvəlində, Bernd Maylander təhlükəsizlik avtomobili ilə trasa çıxmazdan əvvəl Ciusti və Pauell növbə ilə Ernesto Riveranı ötüblər. Rivera səkkizinci yerə geriləyib.

12-ci dövrədə restart verilib. Liderlər mövqelərini qoruyub, Ceyms Uorton isə doqquzuncu yer uğrunda Naelə hücum etsə də, mövqeni əldə edə bilməyib. 14-cü dövrədə Taponen 1:52.308 nəticə ilə yarışın ən sürətli dövrəsini vurub.

Qalan dövrələrdə ciddi dəyişiklik baş verməyib və Pedro Klero finişə birinci çataraq karyerasının ilk Formula 3 qələbəsini qazanıb. Taito Kato ikinci olub və dördüncü dəfə podiuma yüksəlib. İlk üçlüyü tamamlayan Tukka Taponen isə mövsümdə ikinci podiumunu əldə edib.

Uqo Uqoçukvu yarışı dördüncü yerdə başa vuraraq Freddi Sleterlə xallarını bərabərləşdirib – hər ikisinin hesabında 141 xal var. Lakin daha çox qələbəyə sahib olduğu üçün Uqoçukvu çempionatın liderliyini ələ keçirib.

Beləliklə, Formula 3-də çempionun taleyi Madrinqdə bazar günü səhər keçiriləcək mövsümün son yarışında müəyyənləşəcək. Yarış Bakı vaxtı ilə saat 12:45-də başlayacaq.

Şənbə günü keçirilən yarışın nəticələrindən sonra Campos Racing komandalar çempionatında qələbəsini də rəsmiləşdirib.

Rauf Hacıyev

Şərh əlavə et