Xəbəri Kokpitdə Oxuyun!

MotoGP San Marino: Mark Markes qalib gələrək liderliyə yüksəlib

2026-cı il San Marino Qran Prisinin qalibi Mark Markes olub. Poul mövqeyindən start alan Marko Bezzekki ilk dövrədə qəzaya uğrayaraq mübarizəni dayandırıb. 

Qızdırma dövrəsindən sonra sürücülər startdakı mövqelərini tutublar. İşıqların sönməsi ilə 27 dövrədən ibarət San Marino Qran Prisi başlayıb.

Poul mövqeyindəki Bezzekki ilk döngədə üstünlüyünü qoruyub. Mark Markes zəif start alaraq bir qədər geriyə düşsə də, mövqeyini itirmədən lider Bezzekkinin arxasınca hərəkət edib.

İlk dövrənin son sektorunda lider Bezzekki döngəyə giriş zamanı motosikletinin idarəetməsini itirib və yüksək sürətlə sərt qəza törədərək çınqıl zonasına düşüb. Bezzekkinin qəzasından sonra liderliyə yüksələn Markes ikinci yerdəki Xorxe Martinlə fərqi artırmağa başlayıb. Bu zaman Bezzekkinin məyusluğu komandanın ekranlarına da əks olunub.

2-ci dövrədə Cek Miller qəza törədib. Onun komanda yoldaşı, təmsilçimiz Toprak Rəzqatlıoğlu isə Aleks Rinsə çataraq onu geridə qoyub və 18-ci pilləyə yüksəlib. Qısa müddət sonra Dieqo Moreyra da qəzaya uğrayıb və Toprak daha bir mövqe qazanaraq 17-ci yerə yüksəlib.

4-cü dövrədə Pedro Akosta Aleks Markesə qarşı cəsarətli manevr edərək üçüncü pilləyə yüksəlib. Lakin Aleks Markes Akostanın fərqi açmasına imkan verməyib və eyni döngədə əks-hücum edərək mövqeyini geri qaytarıb.

6-cı dövrədə qəza edən sürücü Françesko Banyaya olub. İtaliyalı pilot döngəyə girişdə motosikleti maili vəziyyətdə olarkən tutuşu itirib və çınqıl zonasına sürüklənib. Hadisədən sonra qısa müddətə sarı bayraqlar dalğalanıb.

7-ci dövrədə Xorxe Martin döngə daxilində etdiyi uğurlu manevrlə Mark Markesi geridə qoyaraq yarış liderliyini ələ keçirib. İkinci yerə düşən Markes isə Martinlə aradakı fərqin açılmasına imkan verməyib və təxminən yarım saniyəlik məsafədə onu izləyib.

8-ci dövrədə təmsilçimiz Toprak Pol Esparqaronu geridə qoyaraq 13-cü pilləyə yüksəlib. Bu vaxt Martin Markeslə arasındakı fərqi 0,8 saniyəyə çatdırıb. Üçüncü pillədəki Aleks Markes də qardaşına yaxınlaşaraq 0,304 saniyəlik fərqlə onu izləyib.

12-ci dövrədə Mark Markes sakit şəkildə Xorxe Martinə yaxınlaşıb və ağıllı manevrlə liderliyi yenidən ələ keçirib. Markesə mövqeyini uduzan Martin Aleks Markesin təzyiqi ilə üzləşsə də, mövqeyini qorumağı bacarıb.

Növbəti dövrədə Martin döngədə kiçik əyləcləmə səhvinə yol verib və Aleks Markes qarşısında üstünlüyünü itirib.

14-cü dövrədə fərqi tamamilə bağlayan Aleks Markes Xorxe Martini geridə qoyaraq ikinci pilləyə yüksəlib. Lakin lider Mark Markes qardaşı ilə arasındakı fərqi 1 saniyəyə qədər artırıb.

16-cı dövrədə Pedro Akosta da Xorxe Martindən üstün olaraq podiumun son pilləsinə yüksəlib. Bu zaman Aleks Markes döngədən çıxışda motosikletinin güclü şəkildə silkələnməsi ilə üzləşib və komandasının narahatlığı ekranlara yansıyıb.

18-ci dövrədə Aleks Rins də yarışı dayandırıb. Bununla da trasda mübarizəni davam etdirən sürücülərin sayı 15-ə düşüb və yarışı finişə çatdıra bilməyənlər istisna olmaqla, mübarizədə qalan bütün sürücülərin xal qazanacağı dəqiqləşib.

20-ci dövrədə Mark Markes qardaşı Alekslə arasındakı təxminən 1 saniyəlik fərqi qoruyub. Pedro Akosta da dördüncü yerdəki Xorxe Martinlə fərqi təxminən 2 saniyəyə çatdırıb. Dövrənin sonlarına doğru Fermin Aldeguer tempini artıraraq Martindən üstün olub və Martin daha bir mövqe itirərək beşinci yerə düşüb.

23-cü dövrədə Aleks Markes qardaşı ilə arasındakı fərqi yarım saniyəyə qədər azaldıb. Lakin Mark Markes böyük soyuqqanlılıq nümayiş etdirərək ideal trayektoriyasını qoruyub.

24-cü dövrədə Yohann Zarko qəza törədərək yarışı dayandırıb. Bununla da Toprak daha bir mövqe qazanaraq 12-ci pilləyə yüksəlib.

Damaları bayrağın dalğalanması ilə San Marino Qran Prisi başa çatıb. Mark Markes finiş xəttini birinci keçərək qələbə kubokunu qaldırıb. Aleks Markes ikinci, Pedro Akosta isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.

Rauf Hacıyev

Şərh əlavə et