Xəbəri Kokpitdə Oxuyun!

Norris: Karyeramın ən yaxşı dövrələrindən biri idi

McLaren komandasının pilotu Lando Norris İspaniya Qran Prisinin sıralanma turlarından sonra jurnalistlərin suallarını cavablandırıb.

Cümə günü ötürmələr qutusunda yaranan problem səbəbindən vaxt itirən və şənbə gününə müəyyən çatışmazlıqla başlayan Lando Norris Madrinqdə keçirilən sıralanma turunda diqqətçəkən nəticəyə imza atıb.

Q3-ün son cəhdində poul mövqeyini qazanan McLaren pilotu sessiyadan sonra yaşadığı təəccüb və qüruru gizlətməyib.

Trasda kifayət qədər məlumat toplaya bilməmələrinə baxmayaraq, sıralanmanın son anlarında ardıcıl və sürətli dövrələr vuran Norris Madrinqdə keçirilən ilk İspaniya Qran Prisində yarışa ilk sıradan başlamaq hüququ qazanıb.

Bolidindən düşdükdən sonra jurnalistlərin suallarına cavab verən Lando Norris göstərdiyi nəticəni karyerasının ən xüsusi dövrələrindən biri kimi qiymətləndirib: “Şok içindəyəm! Burada olmaq məni bir qədər təəccübləndirdi. Yəqin ki, bütün karyeram ərzində vurduğum ən yaxşı dövrələrdən biri idi.

Çox xoşbəxtəm. Həm özümlə fəxr edirəm, həm də komandam adına inanılmaz dərəcədə sevinirəm. Hər şeyin tam olaraq bir araya gəldiyi xüsusi dövrələrdən biri idi.

Nə etmək istədiyim barədə beynimdə aydın fikir var idi. Əsas məsələ son dövrədə beynimin və cəsarətimin buna imkan verib-verməyəcəyi idi. Açığı, hər şey demək olar ki, mükəmməl alındı.

Həqiqətən nə deyəcəyimi bilmirəm! Dövrənin sonunda ekrandakı vaxta baxıb ‘Vau, bu, həqiqətən çox yaxşı idi’ dediyiniz anlardandır”.

Rauf Hacıyev

Şərh əlavə et