Madrid həftəsonunun çətin keçəcəyini hamı əvvəlcədən bilirdi. Çoxsaylı qəzalar, təkərlərin güclü yeyilməsi və ötmə çətinlikləri Madrinqin mürəkkəb xarakterini tədricən üzə çıxarıb.
Sərbəst yürüşlərdə Mercedes sürücüləri liderlik ediblər. Cümə günü ilk sessiya sakit keçib, lakin bunun yeganə səbəbi heç kimin tələsməməsi idi. Corc Rassell ən yaxşı nəticəni göstərib və bu, fasiləsiz başa çatan yeganə sərbəst yürüş olub.
İkinci sessiyada Arvid Lindblad bolidi elə uğursuz şəkildə vurub ki, mexaniklər onu başqa şassi üzərində yığmalı olublar. Buna görə də Arvid üçüncü sərbəst yürüşü buraxıb. İkinci və üçüncü sessiyalarda ən yaxşı nəticəni Kimi Antonelli göstərib, lakin şənbə səhəri Lyuis Həmilton və Oliver Berman qəzaya düşüblər.
Lyuis təkərləri bloklayaraq baryerə zəif toxunub, amma təhlükəsizlik səddinin təmiri düz 40 dəqiqə çəkib və hətta vaxtın geri sayımı dayandırılıb. Sessiya davam etdirildikdən sonra Berman daha ciddi qəza keçirib: 11-ci döngədə fırlanaraq bolidin sol tərəfini divara çırpıb.
Həmiltonun bolidi vaxtında bərpa edilib, Berman isə sıralanma turunda trasa çıxmayıb. Haas F1 bolidi yalnız sabahkı yarışadək təmir edə biləcək.
Sıralanma turunun həftəsonunun əsas sessiyasına çevriləcəyi gözlənilirdi, çünki gənclər seriyalarının yarışlarında demək olar ki, ötmə olmayıb. Hər şeyi start mövqeyi və qəzalardan yayınmaq bacarığı həll edirdi.
Pirelli mərhələyə tərkiblərin “orta” üçlüyünü gətirib: C2, C3 və C4 müvafiq olaraq Hard, Medium və Soft rolunda seçilib.
Birinci sessiyada Ferrari sürücüləri və Maks Ferstappen ilk cəhd üçün Medium təkərlərini seçiblər, digərləri isə dərhal Soft ilə trasa çıxıblar.
İlk cəhddə ən yaxşı nəticəni Lyam Louson göstərərək Maks Ferstappeni 0.06 saniyə qabaqlayıb. Ferrari sürücülərini isə cəmi 0.001 saniyə ayırıb.
Corc Rassell sol ön təkərlə divara toxunub və mexaniklərdən bolidi yoxlamağı istəyib. Ləns Stroll nəticə göstərə bilməyib, amma cəzasına görə onsuz da sonuncu start mövqeyində yer alacaq.
İkinci cəhddə Corc Rassell 1:33.211-lik nəticə ilə protokola başçılıq edib. On bir sürücü bir saniyəlik intervala sığışıb. Sessiyanın sonunda mübarizəni Oliver Berman, Ləns Stroll, Valtteri Bottas, Serxio Peres, Fernando Alonso və Karlos Sayns dayandırıblar.
İkinci sessiyada hamı Soft təkərləri ilə trasa çıxıb. Franko Kolapinto dövrəni başa vurmayıb: La Monumental döngəsinə girişdə bolid qəfil istiqamətini dəyişib və sürücü boksa qayıdıb.
Ən sürətli dövrəni Maks Ferstappen vurub – 1:32.431. Aleks Albon, Yuki Tsunoda, Pyer Qasli, Esteban Okon, Qabriel Bortoleto və Niko Hülkenberq finala yüksələ bilməyiblər.
Finalda hamı Soft ilə trasa çıxıb və sürətini artırıb. Arvid Lindblad və Franko Kolapinto ilk cəhd üçün işlənmiş dəsti, digərləri isə yeni təkərləri seçiblər. Lyuis Həmilton 1:32.079-luq nəticə ilə protokola başçılıq edib.
İkinci cəhd üçün hamı yeni Soft dəstinə keçib. Arvid Lindblad birbaşa Şarl Leklerin önünə buraxılıb və təmasdan yayınmaq üçün Şarl reaksiya verməli olub.
Kimi Antonelli 1:31.835-lik nəticə ilə birinci yerə yüksəlib. Lyuis Həmilton nəticəsini yaxşılaşdırsa da, mövqeyini qoruyub. Son saniyələrdə isə Lando Norris 1:31.824 ilə ən yaxşı nəticəni göstərib.
Lando Norris Madriddə sıralanma turunun qalibi olaraq mövsümdə üçüncü, karyerasında isə 19-cu poul mövqeyini qazanıb.
Sabah qüvvədə olan dünya çempionu start düzümünün ilk cərgəsini çempionatın lideri ilə bölüşəcək. İkinci cərgədən Maks Ferstappen və Lyuis Həmilton, üçüncü cərgədən isə Şarl Lekler və Corc Rassell start götürəcəklər.
Sıralanma turunun nəticələri
| S | Sürücü | Komanda | Nəticə |
|---|---|---|---|
| 1 | Lando Norris | McLaren | 1:31.824 |
| 2 | Kimi Antonelli | Mercedes | 1:31.835 |
| 3 | Maks Ferstappen | Red Bull | 1:31.964 |
| 4 | Lyuis Həmilton | Ferrari | 1:32.013 |
| 5 | Şarl Lekler | Ferrari | 1:32.019 |
| 6 | Corc Rassell | Mercedes | 1:32.149 |
| 7 | Oskar Piastri | McLaren | 1:32.294 |
| 8 | Lyam Louson | Red Bull | 1:32.316 |
| 9 | Franko Kolapinto | Alpine | 1:32.903 |
| 10 | Arvid Lindblad | Racing Bulls | 1:33.041 |
| 11 | Niko Hülkenberq | Audi | 1:33.223 |
| 12 | Qabriel Bortoleto | Audi | 1:33.388 |
| 13 | Esteban Okon | Haas | 1:33.667 |
| 14 | Pyer Qasli | Alpine | 1:33.753 |
| 15 | Yuki Tsunoda | Racing Bulls | 1:34.084 |
| 16 | Aleks Albon | Williams | 1:35.532 |
| 17 | Karlos Sayns | Williams | 1:35.312 |
| 18 | Fernando Alonso | Aston Martin | 1:35.388 |
| 19 | Serxio Peres | Cadillac | 1:35.913 |
| 20 | Valtteri Bottas | Cadillac | 1:38.011 |




Şərh əlavə et