Madriddəki yeni trasın mürəkkəb xarakterə malik olduğu üzə çıxıb. Cümə günü bir çox sürücü təkərlərdən şikayətlənib: onları dövrənin başlanğıcınadək qızdırmaq asan olmayıb, uzun məsafədə isə təkərlər sürətlə yeyilib. Komandalar şənbə səhəri bu problemlərə həll tapmağa çalışıblar.
Trasın xüsusiyyətləri və gənclər seriyalarının yarışları ürəkaçmayan nəticəyə gəlməyə əsas verib: yarışda ötmələrin az olacağı, demək olar, hər şeyin sıralanma turunda həll ediləcəyi gözlənilir. Buna görə komandalar sürətli dövrə üçün sazlanmaların axtarışına və yumşaq təkər tərkibləri ilə işə diqqət yetiriblər.
Racing Bulls Arvid Lindbladın bir gün əvvəl qəzaya uğratdığı bolidi vaxtında bərpa edə bilməyib. Şassinin dəyişdirilməsi tələb olunduğu üçün sürücü şənbə sərbəst yürüşünü buraxıb.
Bu dəfə də insidentlərsiz ötüşməyib. Aleks Albon təkərləri ilə divara toxunaraq boksa qayıdıb və bolidi mexaniklərə təhvil verib — arxa asqı zədələnib. Karlos Sayns 7-ci döngədə təkərləri bloklayaraq divardan bir neçə santimetr aralıda dayanıb, Ləns Stroll isə 20-ci döngədə təhlükəsizlik cibinə daxil olub.
23 dəqiqədən sonra qırmızı bayraqlar göstərilib. Lyuis Həmilton sürətli dövrədə hücum edib, ikinci sektorda ən yaxşı nəticəni göstərib, üçüncü sektorda isə təkərləri bloklayaraq sonuncu döngədə baryerə çırpılıb.
Sessiya dayandırılıb. Lyuis zədələnmiş bolidlə boksa qayıtmağa çalışsa da, mühəndis ondan təhlükəsiz yerdə dayanmasını istəyib.
Baryerlərin bərpası uzandığından xüsusi texnikanın çağırılması lazım gəlib. Bir müddət sonra yarış direksiyası həm sərbəst yürüşü, həm də gerisayımı dayandırıb. Taymer sessiyanın bitməsinə 15 dəqiqə 38 saniyə qalmış dondurulub.
Səddin təmiri davam edib və fasilə sonrakı proqramı poza bilərdi, çünki şənbə sessiyalarının qrafiki axşam saat səkkizədək sıx şəkildə planlaşdırılmışdı. Nəticədə Həmiltonun bolidinin baryerə elə də güclü olmayan zərbəsindən yalnız 40 dəqiqə sonra sessiyanı davam etdirmək mümkün olub.
Son dövrələr seriyası üçün hamı Soft təkərlərlə trasa çıxıb, lakin tezliklə qırmızı bayraqlar yenidən göstərilib. Oliver Berman 11-ci döngədə bolidi qəzaya uğadıb. Maşının sol tərəfi ciddi dağılıb və Haas mexaniklərinin onu sıralanma turunun başlanğıcınadək bərpa etməsi asan olmayacaq.
Oliver vəziyyətinin yaxşı olduğunu bildirib və üzr istəyib. Zərbə zamanı təhlükəli yüklənmə sensoru işə düşdüyündən tibbi avtomobil Bermanı müayinə üçün tibb mərkəzinə aparıb.
Kimi Antonelli 1:32.797 nəticə ilə protokola başçılıq edib.
Üçüncü sərbəst yürüşün nəticələri
| Yer | Sürücü | Komanda | Vaxt | Fərq | Dövrələr |
|---|---|---|---|---|---|
| 1 | Kimi Antonelli | Mercedes | 1:32.797 | – | 13 |
| 2 | Şarl Lekler | Ferrari | 1:32.963 | +0.166 | 13 |
| 3 | Oskar Piastri | McLaren | 1:32.986 | +0.189 | 12 |
| 4 | Lando Norris | McLaren | 1:33.033 | +0.236 | 13 |
| 5 | Maks Ferstappen | Red Bull | 1:33.172 | +0.375 | 9 |
| 6 | Corc Rassell | Mercedes | 1:33.499 | +0.702 | 11 |
| 7 | Lyam Louson | Red Bull | 1:33.902 | +1.105 | 14 |
| 8 | Niko Hülkenberq | Audi | 1:33.933 | +1.136 | 14 |
| 9 | Lyuis Həmilton | Ferrari | 1:34.284 | +1.487 | 5 |
| 10 | Qabriel Bortoleto | Audi | 1:34.288 | +1.491 | 15 |
| 11 | Franko Kolapinto | Alpine | 1:34.346 | +1.549 | 14 |
| 12 | Esteban Okon | Haas | 1:34.430 | +1.633 | 12 |
| 13 | Oliver Berman | Haas | 1:34.481 | +1.684 | 12 |
| 14 | Arvid Lindblad | Racing Bulls | 1:34.505 | +1.708 | 7 |
| 15 | Yuki Tsunoda | Racing Bulls | 1:34.565 | +1.768 | 12 |
| 16 | Pyer Qasli | Alpine | 1:34.971 | +2.174 | 13 |
| 17 | Fernando Alonso | Aston Martin | 1:35.020 | +2.223 | 17 |
| 18 | Karlos Sayns | Williams | 1:35.464 | +2.667 | 15 |
| 19 | Ləns Stroll | Aston Martin | 1:35.570 | +2.773 | 12 |
| 20 | Serxio Peres | Cadillac | 1:36.441 | +3.644 | 13 |
| 21 | Valtteri Bottas | Cadillac | 1:36.670 | +3.873 | 13 |
| 22 | Aleks Albon | Williams | 2 |




Şərh əlavə et