Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Şəhər traslarını sevmirəm

Red Bull komandasının pilotu Maks Ferstappen Madrinqdə keçirilən ikinci sərbəst yürüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Cümə günü keçirilən ikinci məşq sessiyasını altıncı pillədə başa vuran niderlandlı sürücü Red Bull-un boksunda bolidin balansını tapmağa çalışdıqlarını və sükan hidravlikasında yaşanan kiçik problemdən danışıb. Dördqat Dünya Çempionu yeni Madrinq trası ilə bağlı fikrinin isə dəyişmədiyini bildirib.

Sessiyalarda əsas diqqətinin bolidin balansını yaxşılaşdırmaq olduğunu deyən dördqat Dünya Çempionu yaşanan texniki problemin həll ediləcəyini vurğulayıb.

Maks Ferstappen: “Mən digər bolidi idarə etmirəm, ona görə də onun nə qədər sürətli olduğunu dəqiq bilmirəm. Amma öz tərəfimdən baxanda deyə bilərəm ki, gözlədiyimiz hədlər daxilindəyik. Bir dövrədə boliddən daha çox performans ala bilmək üçün balans üzərində işləməliyik.

Daha sonra uzun sürüşlər zamanı təkərlərin nə qədər davam gətirəcəyinə baxacağıq. Buna baxmayaraq, düşünürəm ki, hamı təxminən eyni vəziyyətdədir.

Sükanın hidravlikasında müəyyən hiss itkisi yaşadıq. Bu, bolidi idarə etməyə tam mane olmurdu, lakin öyrəşdiyim hissi də vermirdi. Boksdakı komandamız bunu  həll edəcək”.

Simulyatorda sınaqlardan sonra ilk dəfə real bolidlə çıxdığı yeni küçə trası barədə təəssüratları soruşulan Ferstappen isə qısa və konkret cavab verib. Niderlandlı pilot küçə traslarına münasibətinin dəyişmədiyini vurğulayıb: “Trasın təşkilinə və infrastrukturların qurulma formasına görə həqiqətən əla iş görüblər. Bunu təqdir etmək lazımdır. Ancaq mən küçə traslarının pərəstişkarı deyiləm və bu heç vaxt dəyişməyəcək. Sürüş rahatlığı baxımından Spa kimi klassik traslarda yarışmağı həmişə üstün tutaram”.

 

Rauf Hacıyev

Şərh əlavə et