Sessiyadan qısa müddət əvvəl Fernando Alonso avtomobilinin mufta sistemində problem yaşayıb və mexaniklər bolidi yoxlamağa başlayıblar. Bu səbəbdən Alonso sessiyaya vaxtında qoşula bilməyib.
Start siqnalının verilməsi ilə pilotlar pit yoluna çıxaraq trasa yollanıblar və bir saatlıq ikinci sərbəst yürüş sessiyası başlayıb.
Trasa çıxan ilk pilot Esteban Okon olub və qısa müddət sonra bütün pilotlar sessiyaya qoşulublar. İlk dövrələrdə Rassell 1:36.011 nəticə göstərərək liderliyə yüksəlib. Bir müddət sonra Lekler 1:35.557-lik dövrə ilə zirvəyə qalxıb. Komanda yoldaşı Həmilton da cüzi fərqlə ikinci pilləyə yüksəlib.
Dövrələr irəlilədikcə Norris avtomobilinin ötürmələr qutusunda problem olduğunu bildirib. Komanda vəziyyəti qiymətləndirdikdən sonra Norris boksa çağırılıb. Norris boksa qayıdarkən Antonelli 1:34.428-lik dövrə ilə Ferrari pilotlarını geridə qoyaraq liderliyi ələ keçirib.
Həmilton 17-ci döngədə qəza təhlükəsi ilə üzləşib. Son anda reaksiya verərək avtomobilini baryerdən uzaqlaşdıran Dünya Çempionu sürətli dövrəsini yarımçıq saxlamaq məcburiyyətində qalıb.
Maks Ferstappen 1:34.378 nəticə göstərərək sessiyanın liderliyinə yüksəlib.
Sessiyanın ilk yarısı geridə qalarkən Norris hələ də boksda olub və McLaren komandası ötürmələr qutusunun dəyişdirilməsinin lazım olduğunu bildirib. Alonso isə gecikməsinə baxmayaraq, nəhayət sessiyaya qoşulub.
Antonelli 1:33.662 nəticə göstərərək yenidən zirvəyə yüksəlib. Həmilton cüzi fərqlə ikinci, Lekler isə üçüncü pillədə qərarlaşıb.
Sessiyanın ikinci yarısının ilk dəqiqələrində Lindblad 13-cü döngədə baryerlərə çırpılıb və ilk qırmızı bayrağın dalğalanmasına səbəb olub. Lindblad radio vasitəsilə vəziyyətinin yaxşı olduğunu bildirsə də, avtomobilin sağ tərəfi ciddi zədələnib.
Təxminən 10 dəqiqə sonra pit yolunun çıxışında yaşıl işıq yanıb və sessiya qaldığı yerdən davam edib. Norris və Lindblad istisna olmaqla, bütün pilotlar trasa çıxıblar.
Maks Ferstappen avtomobilinin sükanının qəfil ağırlaşdığını bildirib.
Lekler sürətli dövrəsini yarımçıq saxlayarkən, 21-ci yerdə olan Alonso 1:36.780 nəticə göstərərək Cadillac pilotlarını, komanda yoldaşını və Aleks Elbonu geridə qoyub və 17-ci pilləyə yüksəlib.
Sessiyanın son dəqiqələrində pilotlar sabit tempdə uzunmüddətli sürüşlər həyata keçiriblər. Beləliklə, Kimi Antonelli 1:33.662-lik dövrə ilə sessiyanın ən sürətli pilotu olub. Lekler cüzi fərqlə ikinci, Həmilton isə üçüncü pillədə sessiyanı başa vurub.




Şərh əlavə et