Kvalifikasiyanın startı təxminən 10 dəqiqə təxirə salınıb və yerli vaxtla saat 15:06-da sessiya başlayıb. Gözlənildiyi kimi, çempionatda 10-cu pillədə qərarlaşan ART pilotu, taylandlı Tasanapol İntrafuvasaq sessiyada iştirak etməyib. Digər bütün pilotlar dərhal trasa çıxıblar. Ferrari akademiyasının üzvü və Invicta Racing komandasının pilotu Rafael Kamara MadRing-də bolid idarə etməyin cəsarət tələb etdiyini, əvəzində isə burada yüksək adrenalin səviyyəsinin təmin olunduğunu bildirib.
Bunu elə ilk sürətli dövrədə Kuş Maini öz üzərində hiss edib. O, trasın 16-cı döngəsində ART komandasının ikinci bolidini də qəzaya uğradıb. Eyni zamanda Sebastyan Montoyanın bolidinin də zədələndiyi görünüb və Prema pilotu yavaş templə boksa qayıdıb. Lakin Prema komandası radio vasitəsilə ona xəbərdarlıq edib ki, bunu etməsi düzgün deyil, çünki problem daha da ağırlaşa bilər.
Təbii ki, sessiya dərhal qırmızı bayraqlarla dayandırılıb. Həmin vaxt kvalifikasiyanın cəmi səkkizinci dəqiqəsi gedib. Təkrar görüntülərdə Montoyanın şikandan çıxışda qırmızı-ağ rəngli Dallara bolidinə nəzarəti itirdiyi, La Monumental döngəsinin bankinq hissəsindən əvvəl arxa sol təkərlə baryerə toxunduğu və bunun nəticəsində asqının sıradan çıxdığı görünüb.
Bir neçə dəqiqə sonra kvalifikasiya bərpa olunub. Həmin vaxt 30 dəqiqəlik sessiyanın artıq üçdə biri geridə qalıb. Nisbətən ciddi nəticəni ilk olaraq Aleks Dann göstərib – o, dövrəni 1:46,330 nəticə ilə başa vurub. Lakin Nikola Ts͟olov dərhal onun nəticəsini üstələyib. Üstünlük cəmi 0,002 saniyə olsa da, Campos Racing pilotu liderliyə yüksəlib. Bolqarıstanlı pilot məşq sessiyasında da hamıdan sürətli olub.
Lakin sessiya yenidən qırmızı bayraqlarla dayandırılıb. Bu dəfə səbəb 20-ci döngədən çıxışda bolidini qəzaya uğradan argentinalı Niko Varronenin qəzası olub. Kinu Şiltsin isə bəxti gətirib. AIX Racing pilotu bolid həddindən artıq dönməyə başlayanda onu nəzarətdə saxlaya bilib və qəza baryerdə də başa çata bilərdi.
Sessiyanın bərpasından əvvəl ilk altılıq belə sıralanıb: ən yaxşı nəticə Ts͟olovda olub, ikinci yeri Dann tutub, ardınca Roman Bilinski, Noel Leon, Dino Beganoviç və Kamara qərarlaşıb.
Onların arasında hazırda protokolda altıncı olan braziliyalı Kamaranı şəxsi hesabda 11 xal üstünlüklə liderlik edən Ts͟olovun real rəqibi hesab etmək olardı. Nikola poul qazana bilsəydi, əlavə olaraq üç xal da əldə edəcəkdi. Amma qabaqlayaraq qeyd edək ki, buna nail ola bilməyib.
Pilotlar sessiyanın başa çatmasına 19 dəqiqədən də az vaxt qalmış yenidən trasa qayıdıblar. Bu zaman Sebastyan Montoya da pit yolundan çıxıb. Prema mexanikləri operativ şəkildə işləyərək onun bolidində sınmış asılqan qolunu dəyişməyə vaxt tapıblar. Lakin Montoya demək olar ki, dərhal radio vasitəsilə mühərrikin güc itirdiyini bildirib və komandası ona yenidən boksa qayıtmağı tapşırıb.
Aleks Dann dövrəni Ts͟olovdan təxminən 0.8 saniyə daha sürətli başa vuraraq kvalifikasiya protokolunda ilk pilləyə yüksəlib. Ardınca bolqarıstanlı pilotun nəticəsini Lorens van Hupen, Con Bennett və Bilinski də üstələyiblər.
Lakin Dann liderlikdə çox qalmayıb. Sessiyanın başa çatmasına 12 dəqiqə qalmış Dino Beganoviç 1:45,182 nəticə ilə birinci pilləyə yüksəlib. Dino bununla kifayətlənməyib və növbəti cəhdində daha da sürətli dövrə vuraraq nəticəsini 1:44,578-ə çatdırıb.
Ts͟olov sürətli dövrəsində öz əvvəlki qrafikini yaxşılaşdıraraq irəliləyib. Lakin onun bütün səyləri boşa çıxıb. Belə ki, bir qədər əvvəl ilk sektoru ən sürətli keçən Bennett ikinci sektorda bolidinə nəzarəti itirib və yenə həmin 11-ci döngədə qəza törədib.
Trasda yenidən qırmızı bayraqlar görünüb və kvalifikasiyanın başa çatmasına beş dəqiqə yarım qalmış vaxtölçən dayandırılıb. Bu dəfə ilk beşlik dəyişib: müvəqqəti poul Beganoviçin olub, ikinci yerdə Dann qərarlaşıb, üçüncü pilləyə isə çempionatda üçüncü olan Qabriele Mini yüksəlib. Dördüncü nəticə Bilinskidə olub, ilk beşliyi isə Kolton Herta tamamlayıb. Əgər sessiya həmin anda başa çatsaydı, bu, amerikalı pilotun mövsümdəki ən yaxşı nəticəsi olacaqdı.
Lakin kvalifikasiya yenidən bərpa olunub və ilk olaraq trasa çıxan pilotların əksəriyyəti nəticələrini yaxşılaşdırıb. Onların arasında Dann və poul mövqeyini daha da möhkəmləndirən Beganoviç də olub. Dino dövrəni 1:44,331 nəticə ilə başa vurub. Ts͟olov da əvvəlkindən daha sürətli dövrə vurub, lakin yalnız beşinci pilləyə yüksələ bilib.
Daha sonra Herta son sürətli dövrəsində 19-cu döngəyə həddindən artıq sürətlə daxil olub. Nəticədə bolid apeks bölgəsində fırlanıb, əvvəlcə sol tərəfdəki baryerə çırpılıb, daha sonra isə sağdakı baryerə çırpılaraq geri qayıdıb.
Beləliklə, yarım saatlıq kvalifikasiya ərzində altı bolid qəzaya uğrayıb, sessiya isə üç dəfə qırmızı bayraqlarla dayandırılıb. Həftəsonunun başlanğıcı üçün heç də pis olmayan mənzərədir.
Bu arada Dino Beganoviç mövsümdə ikinci poulunu qazandığı üçün təbrikləri qəbul edib. Bazar günü keçiriləcək əsas yarışa ilk cərgədən Dino Beganoviç və Aleks Dann başlayacaqlar. İkinci cərgədə Rafael Kamara və Martinius Stenshorn, üçüncü cərgədə isə protokolu beşinci pillədə tamamlayan Nikola Ts͟olov yer alacaq.
Şənbə günü keçiriləcək sprint yarışında isə çempionatda beşinci olan Noel Leon poul mövqeyindən start götürəcək. Bu isə o deməkdir ki, sabahkı sprintdə onun özünü göstərmək üçün yaxşı şansı olacaq. Çünki MadRing-də ötmələrin kifayət qədər çətin olacağı gözlənilir.




Şərh əlavə et