Xəbəri Kokpitdə Oxuyun!

Madrinqdə ilk böyük qəza: F2 pilotunun bolidi alovlanıb

Madrinqdə keçirilən məşq sessiyasında ilk böyük qəza baş verib. F2-nin sərbəst yürüşündə ART pilotu Intrafuuvasak yerində fırlanaraq, bariyerlərə çırpılıb.

Avqust ayında keçirilən və çoxsaylı qırmızı bayraqların çıxdığı F3 testlərindən sonra Madrinqin təhlükəsizliyi və dar quruluşu ciddi müzakirə mövzusuna çevrilmişdi.

Həftəsonunun ilk sessiyası olan F3 sərbəst yürüşü problemsiz başa çatıb. Lakin dərhal sonra keçirilən F2 məşqində ciddi qəza yaşanıb.

ART komandası ilə çıxış edən Intrafuvasak yüksək sürətli üçüncü sektorda yerləşən 19-cu döngənin çıxışında bolidin idarəetməsini itirib.

Bariyerə çırpıldıqdan sonra bir neçə dəfə əks istiqamətə sovrulan F2 bolidi qoruyucu baryerlərdən ardıcıl zərbələr alıb. Sonuncu zərbədən sonra isə bolid qəfil alovlanıb.

Alovun sürətlə böyüdüyünü görən Intrafuvasak dərhal boliddən çıxaraq təhlükəli zonadan uzaqlaşa bilib. Qəzadan dərhal sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Hadisə yerinin yaxınlığında olan yanğınsöndürənlərin və tras əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

Gənc pilotun boliddən öz imkanları ilə və xəsarət almadan çıxması paddokda böyük rahatlıq yaradıb.

 

Rauf Hacıyev

Şərh əlavə et