Xəbəri Kokpitdə Oxuyun!

McLaren Madrinqdə H-Wing sistemindən istifadə etməyəcək

McLaren bu həftəsonu Madrinqdə keçiriləcək İspaniya Qran Prisində H-Wing konseptindən istifadə etməmək qərarına gəlib.

Komanda qış testlərində bu konseptin ilk nümunəsini ortaya çıxaran Ferrari-ni gördükdən sonra döngə rejimi ilə düzlük rejimi arasında 180 dərəcə hərəkət edən arxa qanadın öz versiyası üzərində işləməyə başlayıb.

Hazırlanma prosesi gecikdikdən sonra McLaren sistemi ilk dəfə Niderland Qran Prisinin sərbəst yürüş sessiyasında trasa çıxarıb və ötən həftəsonu keçirilən İtaliya Qran Prisində yarışda istifadə edib.

Məlumata görə, McLaren daxilində H-Wing adlandırılan sistem gözlənildiyi kimi işləyib və mexanizm düzlüklərdə hava müqavimətini azaltmağa kömək edib. Lakin McLaren hələlik H-Wing sistemindən yalnız aşağı hava müqaviməti səviyyəsinə malik arxa qanadında istifadə etməyə davam edəcək. Komanda sistemi daha yüksək asfaltayatma qüvvəsi yaradan paketlərinə əlavə etməyəcək.

Bu həftəsonu ilk dəfə istifadə olunacaq və yüksək asfaltayatma qüvvəsi tələb edən Madrinq trasında McLaren Zandfortda təqdim etdiyi yeni arxa qanaddan istifadə edəcək. Bu qanad xüsusilə fərqli formalı son lövhələri ilə diqqət çəkir.

Komandalar istehsal resurslarını diqqətlə bölüşdürməli olduğundan McLaren H-Wing konseptini mümkün qədər tez Monza üçün hazırlamağa fokuslanıb. Hava müqavimətinin azalmasının daha çox döngəyə malik traslarla müqayisədə Monzada dövrə vaxtına daha böyük təsir göstərməsi komandanı Zandfort arxa qanadının H-Wing sistemli versiyasını hazırlamamaq qərarına gətirib.

Monzada istifadə edilən H-Wing sisteminin sentyabrın sonunda keçiriləcək Azərbaycan Qran Prisində yenidən trasa çıxarılması planlaşdırılır. Bakı yüksək maksimal sürət və aerodinamik səmərəliliyin böyük əhəmiyyət daşıdığı traslardan biri kimi seçilir.

Rauf Hacıyev

Şərh əlavə et