Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Madrid Bakını xatırladır

İspaniya Qran Prisinə ilk dəfə ev sahibliyi etməyə hazırlaşan Madrinq Formula 1 təqviminə daxil olarkən Karlos Sayns yeni trasla bağlı narahatlıqlarını bölüşüb.

2026-cı mövsümün 14-cü yarışı kimi təqvimə daxil edilən tras bir neçə gün əvvəl Formula 1 yarışı öncəsi Formula 3 testlərinə ev sahibliyi edib.

İki gün davam edən testlər zamanı 19 dəfə qırmızı bayraq dalğalandırılıb. Bunlardan 11-i birbaşa bolidlərin baryerlərə toxunması səbəbindən baş verib. Bu vəziyyət Formula 1 sessiyalarında böyük xaos yaşana biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Williams komandasının sürücüsü Karlos Sayns yeni trasın F1 pilotları üçün ciddi sınaq olacağını qəbul etsə də, sessiyaların tez-tez dayanacağı ilə bağlı ssenariləri ön plana çıxarmaqdan çəkinib.

İspaniyalı pilot trasın quruluşunun çətinliyinə diqqət çəkərək deyib: “Baryerlər və trasın dizaynını nəzərə alsaq, bu, son dövrlərdə Formula 1-də qarşılaşdığımız ən çətin yarışlardan biri olacaq. Tras mənə bir çox cəhətdən Ciddəni, Bakını, hətta bəzi xüsusiyyətlərinə görə Makao şəhər trasını xatırladır. Madrinq 1000 at gücünə malik Formula 1 bolidi ilə olduqca maraqlı mübarizə vəd edir”.

Formula 3 testlərindən sonra hamının qırmızı bayraqlar və təhlükəsizlik avtomobili gözləməsini təbii qarşıladığını bildirən Sayns Formula 1-in yüksək sürətli şəhər traslarında artıq kifayət qədər təcrübəyə malik olduğunu vurğulayıb: “Trasa baxdıqdan və Formula 3 testlərində baş verənləri eşitdikdən sonra düşünürəm ki, hamımız sıralanma turunda sarı və qırmızı bayraqlar, yarışda isə təhlükəsizlik avtomobili görəcəyimizi gözləyirik.

Lakin Formula 1 son dövrlərdə Ciddə və ya Bakı kimi şəhər mərkəzinə yaxın, divarların trasın kənarında yerləşdiyi döngələrə üstünlük verməyə başlayıb və bu, indiyə qədər böyük problem yaratmayıb.

Getdiyimiz hər yerdə yarışlar kifayət qədər axıcı keçir. Düşünürəm ki, Madriddə də oxşar mənzərənin şahidi olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et