Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Madriddə çətin yarış olacaq

Maks Ferstappen İtaliya Qran Prisindəki üçüncülüyündən sonra qarşıdakı İspaniya Qran Prisi öncəsi Madrinq trası ilə bağlı fikirlərini bölüşüb.

İtaliyada göstərdikləri performansdan razı qaldığını bildirən niderlandlı sürücü simulyator məlumatlarına əsasən yeni şəhər trasının pilotlar üçün kifayət qədər çətin olacağını deyib.

İtaliya Qran Prisində əldə etdikləri nəticənin bolidin potensialını ən yaxşı şəkildə əks etdirdiyini vurğulayan dördqat Dünya Çempionu belə danışıb: “Monzada əldə etdiyimiz üçüncülük bizim üçün olduqca yaxşı nəticə idi.

Əlimizdəki paketlə əldə edə biləcəyimiz maksimum performansı göstərdik. Bu həftəsonu yarışacağımız Madrid trasında bizi hansı mənzərənin gözlədiyini isə indidən proqnozlaşdırmaq çox çətindir.

Trası simulyatorda sınamaq imkanımız olub. Əksər şəhər traslarında olduğu kimi, xüsusilə texniki baxımdan çətin döngələrin çoxluğu sürüşü mürəkkəbləşdirir. Bizi çətin trasın gözlədiyini deyə bilərəm.

Cümə günü trasa çıxdıqda ilk növbədə asfaltla ilişmə səviyyəsini təhlil etməli və həftəsonu strategiyamızı bunun üzərində qurmalıyıq.

Sıralanma turuna qədər mümkün qədər çox məlumat toplamaq baxımından sərbəst yürüş sessiyaları heç vaxt olmadığı qədər vacibdir. Nəticədə bura hamı üçün yeni trasdır. Ümid edirəm ki, ilk andan yaxşı ritm tapa və həftəsonuna güclü başlaya biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et