2026-cı ildə təqvimə daxil edilən Madrid şəhər trası komandalar tərəfindən əsasən Səudiyyə Ərəbistanındakı yüksək sürətli Ciddə trasına bənzədilir. Madrinq həmçinin Las-Veqasdan sonra Formula 1 təqviminə əlavə olunan ilk yeni trasdır.
2026-cı ilin texniki qaydaları çərçivəsində köhnə DRS sistemini əvəz edən aktiv aerodinamika texnologiyası pilotlara trasın müəyyən hissələrində ön və arxa qanadların bucaqlarını dəyişməyə imkan verir. Bunun sayəsində düzlüklərdə müqavimət azaldılır, döngələrdə isə daha effektiv asfaltayatma qüvvəsi əldə olunur.
Aktiv aerodinamikadan istifadə qaydaları trasın xüsusiyyətlərinə görə dəyişir. Dar və çoxsaylı döngələrdən ibarət quruluşuna görə seçilən Monako Qran Prisində bu sistemdən tamamilə istifadə edilməsinə qadağa qoyulmuşdu.
FIA-nın İspaniya Qran Prisi öncəsi açıqladığı qərara əsasən, Madrinqdə ilk “Düzlük rejimi” zonası start-finiş düzlüyündə, ikincisi isə 3-cü döngədən dərhal sonra yerləşən düzlükdə olacaq. Bu qərara əsasən, trasın ikinci və üçüncü sektorlarında aktiv aerodinamikadan istifadə edilməyəcək.
Trasda keçirilən Formula 3 testlərində ümumilikdə 19 qırmızı bayraq dalğalandırılıb. Onlardan 11-i bolidlərin baryerlərə çırpılması səbəbindən baş verib. Bu vəziyyət yarış həftəsonu öncəsi komandaları narahat edib.
McLaren komandasının rəhbəri Andrea Stella Madrinqin təqvimdəki digər traslardan tamamilə fərqli xarakterə malik olacağını vurğulayıb: “Madrinq şübhəsiz ki, çox fərqli trasdır. Divarların yaxınlığı baxımından Ciddəyə bənzəyir, lakin burada daha çox döngə və yüksək sürətli şikan var.
Olduqca çətin trasdır. Formula 3 testlərində ciddi qəzalar baş verib. Ümid edirəm ki, Formula 1 bolidləri trasda olduqda daha problemsiz sessiyalar izləyəcəyik”.
İyul ayında Madrinqdə çəkiliş günü keçirərək trasda təcrübə qazanan yeganə komanda olan Ferrari isə bunun onlara üstünlük verməyəcəyini düşünür.
Ferrari komandasının rəhbəri Fred Vassyör deyib: “Biz orada olduğumuz zaman tras hələ kifayət qədər tozlu idi və asfaltla ilişmə aşağı səviyyədə idi.
Hamı üçün çətin həftəsonu olacaq. Ötmə imkanları pilotlarımız üçün bir qədər çətinlik yarada bilər. Formula 3 testlərində trasın bir qədər nahamar olduğu da göründü.
Mən də divarlar arasında yerləşən yüksək sürətli döngələrə görə onun Ciddəyə bənzədiyini düşünürəm. Sıfır məlumatla yeni trasa getmək həmişə böyük çətinlikdir. Lakin hər halda təqvimə yeni yarışın əlavə olunması həyəcanvericidir”.




Şərh əlavə et