Xəbəri Kokpitdə Oxuyun!

Madrinqdə ilk yarış: Divarlar, sürət və Madrid arzusu

Formula 1 bu həftəsonu sadəcə yeni bir yarışa getmir. O yeni bir trasa və yeni bir hekayəyə, lakin tanış şəhərə gedir. İspaniya Qran Prisinin ünvanı dəyişib: Barselonadan Madridə köçən yarış 11–13 sentyabr tarixlərində ilk dəfə Madrinqdə keçiriləcək. Beləliklə, Madrid 45 illik fasilədən sonra Formula 1-i yenidən qəbul edəcək.

Gəlin etiraf edək: Madrinq-in özü artıq yarış başlamamış qalib gəlib. Çünki hamı onun necə davranacağını bilmək istəyir.

5,416 kilometrlik, 22 döngəli tras IFEMA sərgi mərkəzinin ətrafında salınıb. Ən maraqlı tərəfi isə onun tam klassik şəhər trası olmamasıdır. Burada həm şəhər yolları, həm də xüsusi hazırlanmış hissələr var. Bir sözlə, Monako kimi divarlarla nəfəs-nəfəsə mübarizə, eyni zamanda ənənəvi traslara xas daha sürətli bölmələr bir yerdədir.

Amma bütün bunların içində bir döngə var ki, Madrinq-in vizit kartına çevrilməyə namizəddir: La Monumental.

550 metr uzunluğunda olan bu sürətli sağ döngədə trasın 24 faizlik maililiyi var. F1 təqvimində belə xüsusiyyətə malik başqa bir döngə yoxdur. Burada sürücü sadəcə sükanı çevirməyəcək, maşını asfaltın üzərində saxlamalı olacaq. Sürət, aerodinamika, təkər temperaturu və sürücünün cəsarəti bir nöqtədə görüşəcək.

Üstəlik, Madrinq artıq F3 testlərində öz xarakterini göstərib. İki günlük test zamanı 19 qırmızı bayraq çıxıb. Bu, trasın nə qədər bağışlanmaz ola biləcəyinin kiçik bir xəbərdarlığıdır. Divarlar yaxındır, səhvə yer azdır və yeni asfaltın davranışı da komandalar üçün böyük sual işarəsidir.

Madridin Formula 1 ilə yarımçıq qalmış hekayəsi

Əslində, Madrid Formula 1-ə heç də yad şəhər deyil. Sadəcə, 45 ildir ki, bu hekayənin üstü toz basıb.

Şəhərin şimalında yerləşən Xarama 1968-ci ildən etibarən Formula 1-in İspaniyadakı əsas ünvanlarından birinə çevrilmişdi. 1968, 1970, 1972, 1974, 1976, 1977, 1978, 1979 və 1981-ci illərdə olmaqla, cəmi 9 dəfə dünya çempionatının yarışını qəbul edib.

Xarama sadəcə yarış keçirilən bir yer deyildi. Dar, burulğanlı və yüksəklik fərqləri ilə dolu tras sürücülərdən həm cəsarət, həm də dəqiqlik tələb edirdi. 1981-ci il isə onun Formula 1 tarixindəki son səhifəsi oldu. Həmin yarışda Jil Vilnöv Ferrari ilə qələbə qazanaraq, Xaramada keçirilən son Qran Prinin qalibi oldu. Bu, kanadalının Formula 1-də son qələbəsi idi.

Və beləcə Madrid Formula 1-dən ayrıldı. İspaniya isə Formula 1-i itirmədi. Yarış əvvəlcə Xeresə, daha sonra isə uzun illər Barselonaya köçdü. Madrid isə kənardan baxmağa məcbur oldu. İndi isə 45 il sonra hər şey yenidən başlayır. Amma bu dəfə Xaramada yox.

Fərqli ünvanda, fərqli dövrdə və tamamilə fərqli bir trasda – Madrinqdə.

1981-ci ildə Villeneuve Madridin köhnə trasında sonuncu döngədən keçəndə heç kim bilmirdi ki, növbəti Formula 1 maşınının şəhərdə görünməsi üçün 45 il gözləmək lazım gələcək. İndi isə həmin fasilənin sonu çatıb. Madrinq ilk dəfə Formula 1-in qarşısına çıxır və Madrid yenidən dünyanın ən sürətli şəhərlərindən birinə çevrilir.

Bəlkə də bunun ən gözəl tərəfi budur: Madrinq Xaramadan sonra gələn sadəcə yeni bir tras deyil. O, Madridin Formula 1 ilə yarım əsrə yaxın davam edən ayrılığının sonudur.

Və 45 il əvvəl bu hekayəni Gilles Villeneuve bağlamışdısa, 2026-cı ildə onun yeni fəslini Fernando Alonso və Karlos Sayns kimi iki ispan sürücünün açması Madrinq debütünü daha da xüsusi edir.

İspaniya şəhər traslarını heç də ilk dəfə görmür

İspaniyada şəhər daxilində Formula 1 keçirmək ideyası yeni deyil. Madridə qədər ölkə Montjuik, Pedralbes və xüsusilə Valensiya kimi küçə traslarını görüb.

Montjuik Barselonanın küçələrində Formula 1-in ən romantik dövrlərindən birini yaşadıb. Pedralbes isə 1950-ci illərin əvvəlində şəhərin içində yüksək sürətli yarışların keçirildiyi məkan olub. Daha yaxın tarixdə isə Valensiya 2008–2012-ci illərdə Avropa Qran Prisinə ev sahibliyi edib. Liman və Amerika Kuboku marinası ətrafında qurulan tras sürətli, geniş və divarlarla əhatələnmiş xarakteri ilə yadda qalıb.

Amma Madrinq onların heç birinin surəti deyil. Əslində, Madridin əsas üstünlüyü də budur. Təşkilatçılar klassik şəhər trasının “dar küçə + divar + yavaş döngə” formulundan çıxmağa çalışıblar. Nəticədə sürətli hissələri, ağır əyləc zonaları, axıcı döngə kombinasiyaları və La Monumental kimi qeyri-adi elementləri olan hibrid tras ortaya çıxıb.

Bəs Madrinqdə kim üstün olacaq?

Bax, ən maraqlı sual budur. Yeni trasda əvvəlcədən favorit elan etmək həmişə təhlükəlidir. Komandaların simulyator məlumatları var, bəzi pilotlar trası artıq müxtəlif testlərdə görüblər, hətta Ferrari iyulda Həmilton və Leklerlə Madrinqdə F1 bolidini ilk dəfə işlədib. Karlos Sayns isə trasın asfaltında ilk dövrəni vuran sürücü olub. Amma heç kim burada Qran Pri məsafəsində 57 dövrəlik yarış keçirməyib.

Bu isə vəziyyəti dəyişir. Kağız üzərində Mercedes-i bir addım öndə görmək olar. Komanda Monzadan sonra Konstruktorlar Çempionatında böyük üstünlüklə liderdir və Kimi Antonellinin İtaliyadakı möhtəşəm qələbəsi onların hazırkı formasını göstərib.

Amma Madrinq Mercedes üçün də tamamilə naməlum ərazidir. Burada McLaren-in sürətli döngələrdəki üstünlüyü, Red Bull-un sazlanma və Maks Ferstappen faktoru, Ferrari-nin yeni trasda nə qədər tez uyğunlaşacağı çox vacib olacaq. Aston Martin isə ayrıca maraqlıdır. Monzada Honda mühərrikinin güc çatışmazlığından əziyyət çəkən komanda Madrinqin daha qarışıq xarakterinin özünə daha uyğun olduğunu düşünür.

Yəni Monzada “mühərrik gücü” əsas söhbət idisə, Madrinqdə maşının bütün paketinin işləməsi lazım olacaq.

Yeni trasın ən gözəl tərəfi: heç kimin cavabı yoxdur

Formula 1-də debüt edən trasları xüsusi edən də məhz budur. Adətən komandalar cümə günü ilk məşqə çıxanda artıq çoxlu məlumatla gəlirlər. Burada isə məlumatın böyük hissəsi simulyatordan, aerodinamik borudan və bir neçə testdən ibarətdir. Amma real asfaltın temperaturu, təkərin necə yeyilməsi, çirkli hava, trasın sürüşkənliyi və yarış məsafəsində maşının davranışı tamam başqa məsələdir.

Ona görə də Madrinqdə cümə günü sürətli olan komandanın bazar günü qalib gələcəyinə heç kim zəmanət verə bilməz.

Bir də şəhər traslarının klassik qaydası var: divarlar səhvləri bağışlamır. Bakı bunu bizə çox yaxşı öyrədib. Monako isə hər il eyni dərsi keçir. Madrinq də ilk həftəsonundan etibarən həmin siyahıya qoşulmağa hazır görünür. F3 testlərindəki qırmızı bayraqlar artıq xəbərdarlıq edib.

Burada təhlükəsizlik maşını, qırmızı bayraq, gözlənilməz strategiya və hətta orta səviyyəli komandanın qəfil ön sıralara çıxması heç kimi təəccübləndirməməlidir.

İlk Madrinq Qran-prisinin ən böyük favoriti bəlkə də elə xaosdur.

Və bütün yollar bir az da Bernabeuya aparır

 

Bu yarışın başqa bir gözəl tərəfi isə Formula 1 ilə futbolun Madridin özündə görüşməsidir.

Real Madrid CF Madrinq-in yerli tədbir dəstəkçilərindən birinə çevrilib. Klubun özü də bunu sadəcə loqo yerləşdirmək kimi görmür: Real Madridin qlobal miqyası və Madriddəki infrastrukturu şəhərin Formula 1 yarışının beynəlxalq təqdimatına töhfə verəcək.

İndi isə bu tərəfdaşlığı daha da maraqlı edən iki ad var: Fernando Alonso və Karlos Sayns.

İki ispan. İki Madridista. İki fərqli nəsil. Və ikisinin də bu mövsüm ürəyincə getməyən karyera hekayəsi. Alonso Real Madridə uşaqlıqdan azarkeşlik etdiyini özü danışıb və 2017-ci ildə klubun fəxri üzvü seçilib. Sayns isə 2021-ci ildə Real Madridin fəxri üzvü elan edilib. Hər iki pilotun klubla münasibəti sadəcə “futbola baxıram” səviyyəsində deyil.

Bu səbəbdən Madrinq onlar üçün adi Qran-pri ola bilməz. Alonso üçün bu, karyerasının ən böyük uğurlarından birini qazandığı ölkədə, sevdiyi klubun şəhərində, öz tribunalarının qarşısında yarışmaqdır. Sayns üçün isə daha da fərqlidir. O, Madrid doğumludur, Madrinqin ilk dövrəsini özü vurub və indi həmin trasda Williams-la ilk Qran Priyə çıxacaq.

Belə bir həftəsonunda insanın motivasiya tapması üçün əlavə səbəb axtarmağa ehtiyacı yoxdur.

Bəlkə də Madrid onların mövsümünü dəyişər?

Alonso və Saynsın bu ilki vəziyyətinə baxanda Madrinq bir növ “yenidən başlama düyməsi” kimi görünür.

Sayns Williams-a keçdikdən sonra gözlənilən sıçrayışı tam edə bilməyib. Alonso isə Aston Martin-in Mercedes və McLaren səviyyəsinə qalxmasını gözlədiyi mövsümdə yenə də daha çox komandanın potensialını müzakirə etməklə məşğuldur. Madrinq isə hər ikisinə bir fürsət verə bilər: hamının sıfırdan başladığı bir yarış.

Alonso kimi təcrübəli pilot üçün bu, xüsusilə qiymətlidir. O, yeni trasın ilk yarışında “bu döngədə keçən il kim necə etmişdi?” sualını verməyəcək. Çünki keçən il heç kim heç nə etməyib.

Sayns isə başqa üstünlüyə sahibdir. Bu trasın ilk F1 dövrəsini məhz o vurub. Trasın xarakterini ilk hiss edənlərdən biridir və Madridin öz adamıdır.

İndi isə təsəvvür edin: son dövrələrdir, tribunalar ayaqdadır, qarşıda Real Madrid bayraqları görünür və Madrinqin divarları arasında iki ispan sürücü mövsümün ən yaxşı nəticəsi üçün mübarizə aparır.

Bəlkə də Madrid onların mövsümünü xilas etməyəcək. Bəlkə də Aston Martin və Williams buna imkan verəcək qədər sürətli olmayacaq. Amma Formula 1-də bəzən bir yarışın gətirdiyi emosional enerji texniki problemlərdən, pis strategiyalardan və uğursuz nəticələrdən daha güclü olur.

Beləliklə, 1981-ci il İspaniya Qran Prisi isə Formula 1 tarixinin ən yaxın finişlərindən biri ilə yadda qalmışdı. Ferrari pilotu Jil Vilnövün qalib gəldiyi yarışda ilk beş pilot finiş xəttini cəmi 1,24 saniyəlik fərqlə keçmişdi. Yəni ki, Madrid Formula 1 ilə çox gözəl sağollaşmışdı. Bəs 45 ildən sonra Madrid F1-i necə qəbul edəcək? Bu suala həftəsonu cavab gələcək. Odur ki, bizi izləyin.

Rauf Hacıyev

Şərh əlavə et