Xəbəri Kokpitdə Oxuyun!

Williams 2027-ci il bolidinin adını açıqlayıb: FW50

Williams Formula 1-dəki 50 illik yubileyi münasibətilə 2027-ci il mövsümündə istifadə edəcəyi bolidin adının FW50 olacağını açıqlayıb. Komanda yeni avtomobilini fevral ayında təqdim etməyi planlaşdırır.

Ferrari və McLarendən sonra Williams Formula 1-də 50 illik fəaliyyətini qeyd edən üçüncü komanda olacaq.

Komanda təqdimatın dəqiq tarixini hələ açıqlamasa da, 2027-ci il ərzində keçiriləcək yubiley tədbirlərinin ilk təfərrüatlarını paylaşıb.

Londonda, Leake Street küçəsinin 26 nömrəli ünvanında W50 Live adlı azarkeş sərgisi təşkil olunacaq. Sərgidə Williams tarixində iz qoyan bolidlər nümayiş etdiriləcək. Onların arasında komandanın 1977-ci ildə yarışdığı ilk Formula 1 bolidi FW06 da olacaq.

Ziyarətçilər 1987-ci ildə çempionluq qazanan FW11B, 1992-ci il mövsümünə damğa vuran FW14B və Jak Vilnövün çempion olduğu FW19 bolidlərini də görə biləcəklər. Williams-ın daha yaxın dövrlərdə istifadə etdiyi bəzi avtomobillərlə yanaşı, FW50 nümayiş bolidi də sərgidə yer alacaq.

Britaniya Qran-prisindən əvvəl azarkeşlər Williams-ın ev yarışında istifadə edəcəyi xüsusi dizaynın seçilməsində iştirak edə biləcəklər.

Williams-ın komanda rəhbəri Ceyms Vovlz 50 illik yubileylə bağlı bunları deyib: “Frenk Vilyamsın avtoidmanın ən güclü komandalarına qarşı mübarizə aparmaq və qalib gəlmək əzmi ilə bu komandanı, demək olar ki, sıfırdan qurmasından bəri 100-dən çox Formula 1 komandasının gəlib-getdiyini düşünmək inanılmazdır.

Müstəqillik, ehtiras və qazanmaq üçün tükənməyən istəyimiz 50-ci ilimizə qədəm qoyarkən də genimizin bir hissəsi olaraq qalır.

Yubiley tədbirlərimiz vasitəsilə Williams-ın irsini formalaşdıran qəhrəmanları və hekayələri yeni nəsil azarkeşlərlə bir araya gətirəcəyik. Məhz bu azarkeşlər daha böyük uğurlara imza atmağımız üçün bizi gələcəyə aparacaqlar”.

Formula 1-in baş direktoru Stefano Domenikali də Williams-ı yubiley münasibətilə təbrik edib: “Williams-ın Formula 1-dəki 50 illiyini qeyd etmək inanılmazdır.

Ser Frenk Vilyams əzmkarlıq, dözümlülük və uğur qazanmaq üçün güzəştə getməyən iradə üzərində qurulan, avtoidmana damğa vuran komandalardan birini yaratdı.

Bu dəyərlər Williams-ın möhtəşəm hekayəsinin yeni səhifəsini yazdığı indiki dövrdə də komandaya ilham verməyə davam edir.

Williams yalnız tariximizin mühüm bir hissəsi deyil, həm də Formula 1-in kimliyinin ayrılmaz elementidir. Komandanın uğurları, xatirələri və unudulmaz anları idmanımızda həmişə xüsusi yer tutacaq”.

Rauf Hacıyev

Şərh əlavə et