Rəykkönen ailəsi ötən həftəsonu Monzada keçirilən İtaliya Qran Prisində iştirak etmiş və Red Bull nümayəndələri ilə birlikdə görüntülənmişdi.
Hazırda peşəkar kartinq çempionatlarında mübarizə aparan Robin Rəykkönen beynəlxalq yarışlarda göstərdiyi nəticələrlə Red Bull-un diqqətini cəlb edib.
Red Bull komandasının rəhbəri Loran Mekis gənc pilotun proqrama qoşulmasını belə şərh edib: “Robin kartinqdə möhtəşəm performans göstərib. Sürəti, yarış üslubu və təbii istedadı onu öz yaş qrupunun ən yaxşı pilotlarından birinə çevirib. Eyni zamanda onun yetkinliyi, sakit yanaşması və tamamilə sürücülüyə fokuslanması da bizi heyran edib.
Məqsədimiz onun çiyinlərinə lazımsız təzyiq qoymadan inkişafını addım-addım təmin etməkdir. Avtoidmanda keçməli olduğu yol çox uzundur. Potensialını maksimum səviyyəyə çatdırması üçün ona lazım olan vaxtı, dəstəyi və resursları təqdim edəcəyik.
İstedadın doğru insanlar, düzgün mədəniyyət və uyğun mühitlə dəstəkləndiyi zaman inkişaf edəcəyinə ürəkdən inanırıq. Robin üçün inkişaf prosesində yaratmağı vəd etdiyimiz mühit məhz budur. Robin və ailəsi ilə birlikdə bu yolda atacağımız addımları səbirsizliklə gözləyirik”.
2007-ci ilin dünya çempionu Kimi Rəykkönen də Red Bull ailəsinə qoşulduqları üçün xoşbəxt olduqlarını bildirib: “Hamımız Robinin yarış karyerasında Red Bull-un Gənc Pilot Proqramının üzvü olmasından böyük həyəcan və məmnunluq duyuruq. Loran və Red Bull-dakı bütün komanda danışıqlarımız boyunca son dərəcə dəstəkverici münasibət göstərib.
Onlar qarşıdakı illərdə Robinin inkişafını dəstəkləmək, kartinq karyerası ərzində dəfələrlə nümayiş etdirdiyi təbii istedadını daha da inkişaf etdirmək və ona lazımi təcrübəni qazandırmaq üçün geniş proqram təqdim ediblər.
Red Bull-un Gənc Pilot Proqramı uzun illər ərzində Sebastyan Fettel və Maks Ferstappen kimi pilotlar yetişdirərək inanılmaz uğurlara imza atıb. Robinin belə seçilmiş bir proqrama qoşulması bizim üçün böyük qürur mənbəyidir. Robin Red Bull-un ona göstərdiyi etimadı doğrultmaq üçün bütün gücü ilə çalışacaq”.
Formula 1 karyerasını 2021-ci ilin sonunda başa vuran 46 yaşlı Kimi Raykkönen 19 illik F1 karyerasında 21 qələbə və 103 podium əldə edib.
2007-ci ildə Ferrari ilə dünya çempionluğuna çatan finlandiyalı pilot karyerası ərzində Sauber, McLaren, Lotus və Alfa Romeo komandalarında da çıxış edib.




Şərh əlavə et