Xəbəri Kokpitdə Oxuyun!

Lekler Ferrari-yə baha başa gəlir: 1,9 milyon dollarlıq zərər

Şarl Leklerin Monzadakı qəzası 2026-cı mövsümünün ən baha başa gələn ikinci qəzası kimi qeydə alınıb. Ferrari pilotu bununla birlikdə mövsüm ərzində qəza nəticəsində ən çox maddi zərər vuran pilot statusuna yüksəlib.

Monakolu pilotun bahalı qəza seriyası Mayamidə başlayıb. Lekler son dövrədə divara toxunaraq aldığı 20 saniyəlik cəza nəticəsində səkkizinci yerə geriləyib. O, daha sonra Monakoda həm sıralanma turlarının üçüncü sessiyasında, həm də podium uğrunda mübarizə apararkən yarışın son bölümündə qəzaya düşüb.

İspaniya Qran Prisinin keçirildiyi Barselonada isə sıralanma turundakı qəzasından sonra mexaniki problem səbəbindən yarışı vaxtından əvvəl dayandırmalı olub.

Nəhayət, Monzada SF-26 bolidinə Parabolikanın çıxışında nəzarəti itirən Lekler yüksək sürətlə çınqıllıq sahədən keçərək yenidən baryerə çırpılıb. 60G gücündə olan bu zərbə hələ üçüncü dövrədə yarışın qırmızı bayraqla dayandırılmasına səbəb olub.

Leklerin qəzalarının yaratdığı maddi zərər Aston Martin pilotu Ləns Stroll ilə müqayisədə daha aydın görünür. Strollun bu mövsüm Monakoda etdiyi qəzanın komandaya təxminən 375 min dollara başa gəldiyi bildirilir. Bu məbləğ Leklerin ümumi zərər hesabının beşdə birindən də azdır.

Karyerasında 100 dəfə Q1 mərhələsində mübarizəni başa vuran ilk pilot olan və 2026-cı mövsümündə hələ xal qazana bilməyən Stroll ümumi qəza zərəri cədvəlində Leklerdən daha yaxşı vəziyyətdədir.

Ferrari daxilində də iki pilot arasında ciddi fərq yaranıb. Lyuis Həmilton 2026-cı mövsümündə bütün yarış dövrələrini tamamlamağı bacaran yeganə pilot olduğu halda, komanda yoldaşı Lekler üç yarışda damalı bayrağı görə bilməyib.

İki pilot arasındakı xal fərqi 36-ya yüksəlib. Ümumi sıralamada Həmilton çempionatın lideri Kimi Antonellidən 76 xal geridədir. Beşinci pillədə qərarlaşan Leklerin liderlə arasındakı fərq isə artıq 112 xal təşkil edir. Konstruktorlar Çempionatında isə Ferrari lider Mercedes-dən 87 xal geridədir.

Monzadakı qəza Lekler üçün yalnız maliyyə baxımından deyil, fiziki cəhətdən də ciddi nəticələr doğurub. Qəzadan sonra sağ gözündə qısamüddətli görmə itkisi yaşadığını açıqlayan Lekler Madriddə keçiriləcək İspaniya Qran Prisindən əvvəl tibbi müayinələrdən keçəcəyini bildirib. Monakolu pilot ehtiyatı əldən vermək istəmədiyini və müayinələrdən sonra yarışmaq üçün icazə gözləyəcəyini söyləyib.

Ferrari üçün isə 1,9 milyon dollarlıq zərər hesabı 215 milyon dollarlıq büdcə limiti çərçivəsində bolidin inkişafına ayrılması mümkün olan vəsaitin birbaşa azalması deməkdir.

Rauf Hacıyev

Şərh əlavə et