Xəbəri Kokpitdə Oxuyun!

Williams Madrinq üçün 1981-ci il Xarama dizaynına qayıdıb

Williams bu həftəsonu keçiriləcək İspaniya Qran Prisi üçün Formula 1-in Madriddəki son yarışından – 1981-ci ildən ilhamlanan xüsusi dizaynını təqdim edib.

2026-cı ildə Madrinq trasının Formula 1 təqviminə daxil olması Madrid üçün yeni dövrün başlanğıcı olsa da, şəhər F1-ə yad deyil. Madrid şəhəri daxilində yerləşən Xarama trası 1967-1981-ci illər arasında 9 dəfə Formula 1 Qran Prisinə ev sahibliyi edib.

Williams həmin dövrdə də uğurlu komandalar sırasında olub. Komanda 1981-ci ildə əfsanəvi FW07C bolidi ilə mübarizə aparıb və mövsümü Mühəndislər Kubokunda çempion kimi başa vurub.

Xaramada keçirilən son yarışda Williams əsasən ağ rənglərdən istifadə etdiyi, yaşıl və qara detallarla tamamlanan dizaynla mübarizə aparıb. Komandanın Madrinq üçün hazırladığı xüsusi görünüşdə də həmin irs qorunub. Bolidin arxa hissəsindəki çarpaz yaşıl və mavi zolaqlar keçmişin ikonik cizgilərini müasir FW47-yə daşıyıb.

Xüsusi dizayn komandanın əsas sponsoru Atlassian ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Williams komandasının rəhbəri Ceyms Vovlz dizaynla bağlı deyib: “Pelotonun ön sıralarına qayıtmaq uğrunda mübarizəmiz keçmişdə qazandığımız bütün uğurlardan ilham alır.

Atlassian-ın hazırladığı bu xüsusi rəng çaları ilə tariximizi şərəfləndirməkdən qürur duyuram. Xaramadakı Williams ilə bu gün çevrildiyimiz komandanı texnoloji innovasiyalar və yaradıcılıq vasitəsilə birləşdiririk. Bolid möhtəşəm görünür və onun Madrid küçələrində dövrə vuracağı anı səbirsizliklə gözləyirəm”.

Atlassian-ın həmtəsisçisi və baş icraçı direktoru Mayk Kannon-Bruks isə dizaynın fəlsəfəsini belə izah edib: “Ən yaxşı komandalar öz tarixlərini kubok vitrinində saxlamırlar, onları fəaliyyətlərinin bir hissəsinə çevirirlər. Bu dizaynın arxasında dayanan əsas fikir də məhz budur”.

1981-ci il İspaniya Qran Prisi isə Formula 1 tarixinin ən yaxın finişlərindən biri ilə yadda qalıb. Ferrari pilotu Jil Vilnövün qalib gəldiyi yarışda ilk beş pilot finiş xəttini cəmi 1,24 saniyəlik fərqlə keçib.

Həmin yarışda Williams-ın pilotu Karlos Royteman dördüncü yeri tutub. Komanda isə 1981-ci il mövsümünü həm Pilotlar, həm də Mühəndislər Çempionluğunu qazanaraq çempionluqla başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et