Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-dan inanılmaz şou: RB8 relslərin üzərində gedib

Formula 1-in 1981-ci ildən sonra ilk dəfə bu həftəsonu Madridə qayıtması münasibətilə Red Bull maraqlı layihəyə imza atıb.

Komanda Sebastyan Fettelin 2012-ci ildə Formula 1 üzrə Dünya Çempionluğunu qazandığı əfsanəvi RB8 bolidini Madrid metrosunun relslərində hərəkət edə bilən “qatara” çevirib.

Mühəndislik layihəsi çərçivəsində hər birinin çəkisi 29,8 kiloqram olan xüsusi hazırlanmış metal təkərlərdən istifadə olunub. Sabiq Formula 1 pilotu Patrik Frizaxer isə bolidi Atletiko Madridin stadionu “Estadio Metropolitano” ilə Sacedal və Çamartin depoları arasındakı metro relslərində idarə edib.

Frizaxer bu təcrübəni belə qiymətləndirib: “Bu, inanılmaz təcrübə idi. Heritage komandamızla birlikdə çoxsaylı fərqli layihələrdə iştirak etdiyim üçün şanslıyam. Lakin bir Formula 1 bolidini dəmir yolu relslərində idarə etmək həqiqətən də surreal idi.

CV-mə metro sürücülüyünü əlavə etmək olduqca möhtəşəmdir”.

Beləliklə, RB8 bu dəfə asfalt üzərində deyil, Madrid metrosunun relslərində “yarışa çıxıb”. Qarşıda isə bolidin əsl varisi – Madrinq trasında Formula 1-in ilk yarışı gözləyir.

Rauf Hacıyev

Şərh əlavə et