Siqnalın verilməsi ilə Qızdırma dövrəsi başlayıb və sürücülər bolidlərini hərəkətə gətiriblər. Qızdırma dövrəsinin tamamlanmasının ardından poul mövqeyində olan Pyer Qaslinin liderliyi ilə sürücülər start düzülüşündə yerlərini alıblar.
İşıqların sönməsi ilə 53 dövrədən ibarət İtaliya Qran Prisi başlayıb.
Qasli ilk döngədə poul üstünlüyünü qoruyub. İlk döngəyə gedərkən Ferrari sürücüləri arasında təmas baş verib və Həmilton səkkizinci yerə qədər geriləyib. Həmilton komanda radiosunda “Şarl məni çölə itələdi” deyərək vəziyyətlə bağlı məlumat verib.
Qasli uğurlu start götürərək, ilk dövrə ərzində mövqeyini qoruyub, lakin Rassellin təzyiqi altında çətinlik çəkib. İkinci dövrənin ilk döngəsində Rassell xarici trayektoriya ilə etdiyi manevrlə liderliyi ələ keçirib.
Maks Ferstappen də döngədə gec əyləc edərək Lekleri geridə qoyub və üçüncü yerə yüksəlib. Mövqeyini Ferstappenə itirən Lekler qısa müddət sonra Piastrinin təzyiqi ilə üzləşib. Müdafiə zamanı bolidinə nəzarəti itirən monakolu yüksək sürətlə fırlanaraq sərt şəkildə baryerlərə çırpılıb. Qəzadan qısa müddət sonra təhlükəsizlik avtomobili trasa çıxıb.
Lekler ciddi zədələnmiş boliddən öz gücü ilə çıxıb, lakin yarış qırmızı bayraqla dayandırılıb.
Təxminən yarım saat sonra baryerlər təmir edilib, tras təmizlənib, Leklerin bolidi ərazidən götürülüb və yarışın davam etdirilməsi üçün siqnal verilib. Sürücülər trasa çıxdıqdan və qızdırma dövrəsini tamamladıqdan sonra ikinci start üçün yenidən start düzülüşündə yerlərini alıblar.
Lakin Yuki Tsunoda start mövqeyində səhv dayanıb və daha bir formasiya dövrəsinin keçirilməsinə qərar verilib. İkinci formasiya dövrəsindən sonra sürücülər poul mövqeyindəki Rassellin arxasında sıralanıblar və işıqların sönməsi ilə İtaliya Qran Prisi yenidən başlayıb.
İlk döngədə mövqeyini qoruyan Rassell Qasliyə qarşı effektiv müdafiə olunub. Ferstappen ikinci döngəyə girişdə Kolapintonu geridə qoyaraq üçüncü yerə yüksəlib. Qısa müddət sonra Kolapinto fırlanaraq 16-cı yerə qədər geriləyib.
Antonelli də ilk dövrədə güclü temp nümayiş etdirərək altıncı yerə yüksəlib. İlk dəqiqələrdə Piastrinin təzyiqi ilə üzləşən Həmilton dördüncü yerdəki mövqeyini qorumağı bacarıb.
Ferstappen Parabolika döngəsində Qaslini geridə qoyaraq ikinci yerə yüksəlib. 10-cu dövrədə Həmilton düzlüklərdən birində sürətlənərək döngədə etdiyi uğurlu manevrlə Qaslini geridə qoyub və üçüncü yerə yüksəlib. Qasli bir neçə döngə ərzində mövqeyini geri qaytarmağa çalışsa da, Hemilton fərqi artırıb.
Qasli qısa müddət sonra Piastri və Antonelli tərəfindən də geridə qoyularaq altıncı yerə düşüb.
11-ci dövrədə Ferstappen lider Rasselllə arasındakı fərqi yarım saniyəyə qədər azaldıb.
Maks Ferstappen 12-ci dövrənin ilk döngəsində Rasselli geridə qoyaraq yarışın liderliyini ələ keçirib. Antonelli də Həmiltonu qabaqlayaraq dördüncü yerə yüksəlib.
13-cü dövrənin əvvəlində Antonelli Piastrini də geridə qoyaraq üçüncü yerə yüksəlib və komanda yoldaşını təxminən 1,5 saniyə geridən izləməyə başlayıb. Ferstappen liderliyini qoruyarkən Rassell yarım saniyəlik fərqlə ötmə fürsəti axtarıb.
14-cü dövrədə Ferstappen Rassell qarşısında müdafiə olunmağa davam edib. Antonelli də fərqi bir saniyəyə qədər azaldaraq liderlik mübarizəsinə qoşulub.
15-ci dövrədə Rassell axtardığı fürsəti tapıb və düzlüklərdə effektiv sürətlənərək Ferstappeni geridə qoyub və liderliyi geri alıb.
İkinci yerə geriləyən Ferstappen Antonellinin təzyiqinə tab gətirə bilməyib və üçüncü yerə düşüb. Mövqeyini itirdikdən sonra Ferstappen bolidinin arxa oxunda problem olduğunu bildirib.
18-ci dövrədə Kimi Antonelli komanda yoldaşı Rasselli geridə qoyaraq yarışın yeni lideri olub. 19-cu yerdən liderliyə yüksələn Antonelli Rassell qarşısında effektiv müdafiə olunaraq mövqeyini qoruyub. Piastri isə Hemiltonu qabaqlayaraq dördüncü yerə yüksəlib.
20-ci dövrənin ilk döngəsində Rassell etdiyi manevrlə liderliyi ələ keçirib. Lakin Antonellinin cavabı gecikməyib və italiyalı sürücü daxili trayektoriya ilə mövqeyini geri qaytarıb.
21-ci dövrənin əvvəlində Rasselllə üçüncü yerdəki Ferstappen arasındakı fərq 1,5 saniyəyə qədər artıb. Rəqiblərindən uzaqlaşan Mercedes cütlüyü liderlik uğrunda mübarizəyə başlayıb. Rassell Hard, Antonelli isə Medium təkərlərlə mübarizə aparıb.
22-ci dövrədə Rassell döngənin daxilindən etdiyi manevrlə liderliyə yüksəlib. Antonelli hava koridorundan yararlanaraq növbəti döngəyə xarici trayektoriyadan yüksək sürətlə daxil olub və Rasselli bir daha geridə qoyub.
23-cü dövrədə Rassell düzlüklərdə yenidən liderliyə yüksəlib və mövqeyini qoruyub.
24-cü dövrədə Mercedes sürücülərinə “yo-yo” mübarizəsinə son qoymaları və Ferstappenlə aradakı fərqi artırmaları tapşırılıb. Fernando Alonso isə bolidində yaranan problem səbəbindən yarışı dayandırıb.
Antonelli 26-cı dövrədə döngəni tam ala bilməyərək çınqıllıq sahəyə çıxıb. Bir qədər vaxt itirsə də, mövqeyini qoruyub. Antonellinin komanda yoldaşından fərqi təxminən yarım saniyə olduğu halda Ferstappen onu 1,5 saniyə geridən izləyib.
Antonelli komanda əmrlərinə tabe olaraq tempini idarə edib və Rassellə hücum etməyib. Bu vaxt Ləns Stroll hidravlik nasazlıq səbəbindən yarışı erkən başa vurmalı olub. Strollun bolidi trasın kənarından götürülərkən virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib.
29-cu dövrədə virtual təhlükəsizlik avtomobili rejimində Antonelli və Ferstappen boksa daxil olublar. Antonelli Qaslini arxada qoyaraq altıncı yerdə trasa qayıdıb, Ferstappen isə ondan yarım saniyə geridə, yeddinci yerdə qərarlaşıb.
30-cu dövrədə lider Rassell təkərlərinin deformasiyaya uğradığını bildirib, lakin komanda ona davam etməsini söyləyib. 18-ci yerdə olan Serxio Peres isə qaydaları pozduğuna görə 5 saniyəlik cəza alıb.
31-ci dövrədə Antonelli tempini artıraraq dördüncü yerə qədər yüksəlib. Ferstappen də Qaslini geridə qoyaraq altıncı yerə yüksəlib və Norrisi izləməyə başlayıb.
33-cü dövrədə Ferstappen hava koridorundan effektiv yararlanaraq Norrisi geridə qoyub və beşinci yerə yüksəlib. Bundan sonra Antonellini təqib etməyə başlayıb.
34-cü dövrədə lider Rassell Piastri ilə arasındakı fərqi 7,7 saniyəyə qədər artırıb.
35-ci dövrədə Həmilton döngəyə uğurlu giriş edə bilməyərək qaçış zonasına çıxıb. Bu səhvdən sonra Antonelli tərəfindən geridə qoyulan britaniyalı sürücü dördüncü yerə geriləyib. Mövqeyini itirdikdən sonra Həmilton istifadə etdiyi Medium təkərlərin çox pis vəziyyətdə olduğunu bildirib.
37-ci dövrədə Piastrini də qabaqlayan Antonelli ikinci yerə yüksəlib və yenidən komanda yoldaşını təqib etməyə başlayıb. Ferstappen də Həmiltonu geridə qoyaraq dördüncü yerə yüksəlib. Rassell isə sarı bayraq altında qayda pozuntusuna görə araşdırmaya cəlb olunub.
39-cu dövrədə Ferstappen Piastrini geridə qoyaraq üçüncü yerə yüksəlib. Rassellin araşdırmadan sonra hər hansı cəza almayacağı açıqlanıb.
41-ci dövrədə Piastri Ferstappeni geridə qoyaraq üçüncü yerə yüksəlib. Növbəti dövrədə mövqeyini geri qaytarmaq istəyən Ferstappen hava kisəsindən aqressiv şəkildə çıxarkən döngəni ala bilməyib və qaçış zonasına yönəlib.
43-cü dövrədə Ferstappen Piastrini qabaqlayaraq yenidən üçüncü yerə yüksəlib. Rassell isə təkərlərindən birinin ciddi şəkildə deformasiyaya uğradığını bildirib.
Son 10 dövrəyə daxil olduqda Ferstappenlə Antonelli arasındakı fərq 9 saniyə, Antonelli ilə Rassell arasındakı fərq isə 4,2 saniyə olub.
Antonelli qısa müddət ərzində fərqi 2,5 saniyəyə qədər azaldıb. Mercedes Rassellə təkərlərdəki aşınmanı monitorda gördüklərini bildirərək sona qədər davam etməsini söyləyib. Ferstappenlə Antonelli arasındakı fərq 12 saniyəyə qədər artsa da, Norris yarım saniyə fərqlə Ferstappeni izləyib.
48-ci dövrədə Antonelli Rasselllə arasındakı fərqi 0,2 saniyəyə qədər azaldıb və Mercedes cütlüyü arasında amansız mübarizə başlayıb.
Antonelli 49-cu dövrənin əvvəlində Rasselli keçməyə hazırlaşarkən döngədən çıxışda çınqıllıq sahəyə düşüb. Bundan sonra sürücülər arasındakı fərq təxminən 0,6 saniyəyə qədər artıb.
50-ci dövrədə Antonelli uğurlu manevrlə Rasselli yaxalayıb və geridə qoyaraq yarış liderliyini ələ keçirib. İtaliyalı sürücü qısa müddətdə fərqi bir saniyəyə qədər artırıb.
Antonelli damalı bayrağı ilk sırada keçərək ev yarışı olan İtaliya Qran Prisində qələbə qazanıb. Komanda yoldaşı Rassell ikinci, Maks Ferstappen isə üçüncü yerdə qərarlaşıb.




Şərh əlavə et