Xəbəri Kokpitdə Oxuyun!

Dürksen Monzada ardıcıl ikinci qələbəsini qazanıb

Cümə günü keçirilən sıralama turundan sonra bir sıra pilotların cəza alması səbəbindən Formula 2-nin bazar günü Monza yarışının start düzülüşü həmin sessiyanın nəticələri ilə tam uyğun gəlməyib. Lakin ilk üçlükdəki pilotlar sıralamada qazandıqları mövqelərdən start götürüblər.

Bütün ilk cərgəni “Invicta Racing”in sarı rəngli avtomobilləri tutub. Əsas yarışa pouldan Rafael Kamara başlayıb, onun yanında isə dünənki sprintin qalibi Coşua Dürksen yer alıb. Paraqvaylı pilot əldə etdiyi uğurdan sonra yüksək əhval-ruhiyyədə olub və bunu davam etdirmək niyyətində idi.

Dürksen bunun əsasını yarışın ilk saniyələrində qoyub. O, komanda yoldaşı ilə eyni anda ilk döngəyə daxil olub. Lakin Rafael avtomobili trasda saxlaya bilməyərək ilk şikanı kəsib. Üçüncü yerə isə əla start alan Tasanapol İntrafuvasak yüksəlib. O, dərhal Aleks Dann və Noel Leonu geridə qoyub. ART pilotlarını ilk döngənin xarici trayektoriyasında ötən Tasanapol liderlərdən təxminən bir saniyə geridə qərarlaşıb.

İlk iki pillədə isə dəyişiklik baş verib. Dördüncü dövrədə Kamara gözəl ötmə ilə liderliyi ələ keçirib. Lakin onun liderliyi uzun sürməyib. Növbəti dövrədə Dürksen DRS və hava kisəsinin köməyi ilə ciddi çətinlik çəkmədən cavab verib. Daha bir dövrə sonra isə onlar yenidən mövqelərini dəyişiblər.

“Invicta” komandası bu mübarizənin uzun çəkə biləcəyini və yaxşı nəticə verməyəcəyini düşünüb. Buna görə də ilk olaraq Dürkseni məcburi pit-stopa çağırıb. Paraqvaylı pilot trasa doqquzuncu yerdə qayıdıb.

Onun ardınca daha bir neçə pilot, o cümlədən Dann pitə daxil olub. Kamara isə liderliyini davam etdirib, ikinci yerdə İntrafuvasak, üçüncü yerdə isə Ritomo Miyata qərarlaşıb. Səkkiz dövrədən sonra lider qrupundakı digər pilotlar da pitə giriblər. Pit-stoplardan sonra isə Dürksen trasa Kamaranın önündə qayıdıb.

İlk 10 dövrədən sonra qısa müddətə 19 yaşlı Emerson Fittipaldi Jr. liderlik edib. Əfsanəvi braziliyalı pilotun oğlu ilə lider arasında cəmi dörd saniyə fərq olub. Bu mərhələdə hələ pit-stop etməyən yeganə pilotlardan biri də ART komandasının hindistanlı pilotu Kuş Maini olub. Lakin o da 11-ci dövrədə pitə girib.

Beləliklə, Dürksen artıq ikinci yerə yüksəlib, onun arxasınca isə Kamara hərəkət edib. Komanda braziliyalı pilota yarışın sonlarına yaxın qələbə uğrunda mübarizə aparmaq üçün hələ şansının olacağını bildirib.

12-ci dövrədə trasda sarı bayraqlar dalğalanıb və təhlükəsizlik avtomobili çıxıb. Buna Hitech pilotu Kolton Herta ilə bağlı növbəti problem səbəb olub. Onun avtomobilinin ön qanadı yarışın ilk dövrələrində zədələnib. Bunun səbəbi həmin zədə və ya başqa problem olsa da, Herta Parabolica döngəsində trasdan çıxaraq çınqıllıqda dayanıb.

Bu vəziyyətdən Fittipaldi də istifadə edib. O, pit-leynə daxil olaraq trasa 12-ci yerdə qayıdıb və beləliklə, məcburi pit-stopunu tamamlayan sonuncu pilot olub.

Restartdan əvvəl ilk yeddilik belə sıralanıb: Dürksen, Kamara, Dann, Leon, Con Bennet, Ritomo Miyata və çempionatın lideri Nikola Tsolov.

Yarışın ilk yarısında doqquzuncu yerdən start götürən Tsolov cəmi iki mövqe qazana bilib. Görünür, bolqarıstanlı pilot qalan 15 dövrədə daha aktiv mübarizəyə hazırlaşırdı. Bununla belə, onun daha ehtiyatlı strategiyaya üstünlük vermək imkanı da olub. Çünki dünənki sprintdən sonra Kamara ilə arasındakı fərq 24 xal təşkil edib.

Restart zamanı Dann Kamara üzərində hücuma keçib. Braziliyalı aqressiv müdafiə olunub və Aleks ön təkərləri bloklayacaq qədər sərt əyləcləməli olub. Bu da ona kömək etməyib. Dann trasda qala bilməyərək üçüncü döngədə şikananı kəsib və Leonun arxasına düşüb.

İndi Tsolovun qarşısında Ritomo Miyataya məxsus gümüşü rəngli Dallara olub. Lakin görünür, bolqarıstanlı Campos pilotunun hücuma keçməsinə avtomobilin ön hissəsindəki vibrasiyalar mane olub. Mübarizənin hansısa anında o, əyləcləri bloklayıb və bu, təkərlərə də təsirsiz ötüşməyib. Halbuki finişə qədər hələ təxminən 10 dövrə qalırdı.

21-ci dövrədə Maini və Rafael Vilyaqomes toqquşublar. Hər iki pilot trasda qalıb, lakin ispaniyalı sonuncu yerə geriləyib. Onun avtomobilinin aerodinamik elementlərinin vəziyyətinin heç də yaxşı olmadığı aydın görünürdü. Bununla belə, hadisə ilk onluqdan xeyli uzaqda baş verib.

Finişə az dövrə qaldıqca lider Dürksen radio vasitəsilə komanda yoldaşının ona hücum edib-etməyəcəyini narahat şəkildə soruşub. Mühəndisin müsbət cavabı isə onun narahatlığını daha da artırıb.

Lakin Kamara hələlik bununla məşğul ola bilməyib. Çünki Noel Leon artıq onu ciddi şəkildə təqib edib və ikinci yer uğrunda real mübarizə aparmaq imkanının olduğunu anlayıb.

28-ci dövrədə həmin mərhələdə Tsolovun önündə hərəkət edən Ritomo Miyata tempini artırmaq barədə göstəriş alıb. O, Dannla arasındakı fərqi azaltmağa çalışsa da, irlandiyalı pilotu ötməyə sürəti çatmayıb.

Növbəti dövrədə Kamara Dürkseni ötməyə cəhd edib. Lakin paraqvaylı pilot avtomobilini trasda çox düzgün yerləşdirərək liderliyini qoruyub.

Rafaelə isə komanda radio vasitəsilə xəbərdarlıq edib: əgər komanda yoldaşına hücum etmək istəyirsə, bunu problemsiz və ehtiyatlı şəkildə etməlidir.

Bu arada Miyata nəhayət Danni ötüb. Daha sonra Aleksə artıq Tsolov hücum edib. Lakin bu mübarizə son dövrədə baş verdiyi üçün Dann mövqeyini çətinliklə də olsa qoruyub.

Bununla da yarış başa çatıb. Lakin finişdən sonra sözün əsl mənasında alovlu hadisələr yaşanıb.

Coşua Dürksen finiş xəttini Kamaranın cəmi 0,4 saniyə önündə keçib. Paraqvaylı pilot geri qayıtma dövrəsində sürətini azaldaraq azarkeşləri salamlayarkən onun avtomobili tüstülənməyə başlayıb.

Dürksen bunu dərhal görməyib. Arxadan gələn Noel Leon ona bu barədə məlumat verib və yalnız bundan sonra Dürksen avtomobili yolun kənarında saxlayıb. Elə həmin anda sarı rəngli Dallaranın mühərrik örtüyünün altından alov dilləri çıxıb.

Marşallar hadisə yerinə yaxın olduqları üçün dərhal yanğınsöndürənlərlə müdaxilə edib və alovu qısa müddətdə söndürüblər. Daha sonra Dürksen təhlükəsizlik avtomobili ilə pit-leynə aparılıb və Coşua burada Paraqvay bayrağını qürurla dalğalandıraraq fotoqraflara poza verməyə də vaxt tapıb.

Təbii ki, finişdən sonra verdiyi müsahibədə Dürksen bunun karyerasının ən yaxşı həftəsonu olduğunu bildirib. Ardıcıl iki yarışda qalib gəlmək nadir hallarda mümkün olur. Üstəlik, o, poulu çox az fərqlə əldən vermişdi və avtomobilin bütün günlərdə mükəmməl işlədiyini vurğulayıb.

Dürksen komandanın onun üçün düzgün strategiya seçdiyini də qeyd edib. “Invicta”nın erkən pit-stop qərarından sonra komanda yoldaşından kiçik fərq yarada bildiyini və bunun qələbəni qorumaq üçün kifayət etdiyini söyləyib.

Rafael Kamara üçün dünənki sprint yarışında hər şey yaxşı getməyib və o, yarışı başa çatdıra bilməyib. Bu gün isə ikinci yeri tutaraq vəziyyəti düzəldib. Çempionatın lideri Tsolov isə yalnız yeddinci olub. Nəticədə braziliyalı pilot liderlə arasındakı xal fərqini 11-ə qədər azaldıb.

“Invicta” pilotlarına podiumda Tsolovun komanda yoldaşı Noel Leon da qoşulub. O, Aleks Dannla arasındakı xal fərqini də azaldıb və indi şəxsi hesabda dördüncü pillədən cəmi dörd xal geridədir.

Monzadakı hər iki yarışda qalib gələn Dürksen isə mövsüm ərzində qeyri-sabit çıxış etdiyi üçün hələlik çempionatın yalnız səkkizinci pilləsində qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et