Monakoda podiuma qalxdı. Alpine kimi bir komanda ilə bunu etmək onsuz da böyük uğur idi. Üstəlik, həmin podium ona yarışdan sonra apellyasiya qərarı ilə gəldi. Yəni Qasli podiumu trasda qazansa da, kuboku bir müddət sonra hüquqşünasların köməyi ilə götürmüşdü.
Amma Formula 1-in ironiyası burada bitmədi. Təxminən üç ay sonra həmin podium yenə apellyasiyanın mövzusuna çevrildi və bu dəfə Qasli podiumunu itirdi. Bəs fransız nə etdi? Cavabı trasda verdi. Həm də necə!
Monzada, İtaliya Qran Prisində Pyer Qasli Alpine ilə poul qazandı. Bəli, poul! Alpine ilə. Monzada. Ferrari və Red Bull-un evə çevirdiyi trasda.
Düzdür, Mercedes mühərrikinin burada müəyyən rolu var. Bunu danmaq mümkün deyil. Amma gəlin hər şeyi mühərrikin üstünə atmayaq. Əgər Mercedes motoru təkbaşına bu nəticəni verirdisə, onda Q3-də Ferrari və Red Bull-u niyə görürdük?
Deməli, burada başqa amillər də var: Qasli öz işini görüb. Alpine də nəhayət, maşını doğru pəncərəyə salıb. Nəticədə isə ortaya hamının gözləmədiyi mənzərə çıxıb: İtaliya Qran Prisinin poulunda Pyer Qasli!
İndi əsas məsələ budur: bu poul bu gün nə olacaq?
Əgər Qasli startdan sonra liderliyi qoruyub finişə qədər aparsa, bu, sadəcə bir qələbə olmayacaq. Bu, son üç ayda yaşananların ən gözəl cavabı olacaq. Podiumu apellyasiya ilə əlindən alınan sürücünün yenidən apellyasiya otaqlarında yox, trasın özündə danışması… Həqiqətən gözəl hekayədir.
Mercedes isə Qaslini bir kənara qoysaq, mənim gözlədiyim nəticəni verdi. Rassell ön sıralardadır və sabah onun üçün çox böyük fürsət var.
McLaren-də isə məncə, söhbət artıq təkcə sürətdən getmir. Komandadaxili mübarizənin son dövrədə necə qızışdığını gördük. Piastrinin etdiyi səhv mənə o qədər də təsadüfi görünmədi. Bəlkə də bu, artıq “mən də buradayam” mesajının bir qədər fərqli formada verilməsi idi. Çünki çempionatın bu mərhələsində komanda yoldaşlığı ilə çempionluq mübarizəsi arasında cəmi bir neçə millimetr qalır. Bəzən həmin millimetrlər də çox şey deyir.
Ferrari-yə gələndə isə… Nə deyim? ADUO dedilər. 15 at gücü dedilər. Şumaxerin ruhunu çağırdılar. Amma nəticədə yenə bildiyimiz Ferrari oldu.
Artıq “motor gücüdür” arqumenti də bir az köhnəlir. Çünki kağız üzərində motor gücünün tələb olunmadığı Macarıstan və Niderlandda da Ferrari özünü doğrulda bilməmişdi.
Monzada isə ev yarışıdır. Tifosi tribunadadır. Atmosfer tavandadır. Şumaxerin ruhu üçün yer hazırdır. Amma Ferrari yenə də bizi təəccübləndirmədi. Əslində, təəccübləndirməməsi də bir növ təəccübdür.
Sabah isə hər şey startdan başlaya bilər. Əgər Rassell ilk döngələrdə Qaslini keçə bilsə, Mercedes sürücüsünün qələbəyə gedən yolu kifayət qədər açıq görünür. Qasli isə arxasındakı Ferrari və McLaren-ləri nə qədər çox ləngitsə, Rassell üçün iş bir o qədər asanlaşacaq.
Bir də arxadan gələn Antonelli var. Kiminin startdan sonra necə yüksələcəyi yarışın ən maraqlı suallarından biridir. Mercedes-in sürəti varsa, Antonelli üçün bir neçə maşını ardıcıl keçmək tam real ssenaridir. Amma Monza elə trasdır ki, bir səhv bütün hesablamaları bir anda dəyişə bilər.
Ona görə də bu gün bizi sadəcə poul sahibinin qalib olub-olmayacağını izlədiyimiz yarış gözləmir.
Qaslinin hekayəsinin necə bitəcəyini görəcəyik. Rassell bu fürsəti qələbəyə çevirə biləcəkmi? McLaren-də komanda yoldaşları arasındakı gərginlik trasda özünü daha da göstərəcəkmi? Ferrari nəhayət, “evdə” diriləcəkmi? Antonelli arxadan gəlib hamının planını pozacaqmı?
Bir sözlə, Monza sabah cavabını verəcək. Amma bir şey artıq dəqiqdir: Pyer Qasli apellyasiyadan aldığı podiumu itirdi. Cavabını isə apellyasiya ilə yox, poul ilə verdi. İndi növbə qələbə kubokundadır.




Şərh əlavə et