Xəbəri Kokpitdə Oxuyun!

Lakorte vətənində ilk F3 qələbəsini qazanıb

DAMS komandasının italiyalı pilotu Nikola Lakorte Monzada keçirilən Formula 3 üzrə bazar günü yarışının qalibi olub. Podiumun digər pillələrində Tukka Taponen və Taito Kato yer alıblar.

Gənclər seriyasının iştirakçılarını bazar günü səhər günəşli hava qarşılayıb. Start zamanı havanın temperaturu +24°C, asfaltın temperaturu isə +30°C olub.

Çempionatın lideri Freddi Sleter pouldan start götürüb. Matteo de Palo isə sıralama turlarında avtomobilinin texniki reqlamentə uyğun gəlməməsinə görə aldığı cəza səbəbindən ikinci deyil, sonuncu yerdən yarışa başlayıb. Startda ikinci yeri Kanato Li tutub.

İkinci cərgədə Nikola Lakorte və Taito Kato, üçüncü cərgədə Ernesto Rivera və Hiyu Yamakoshi, dördüncü cərgədə Alessandro Ciusti və Tukka Taponen, beşinci cərgədə isə Pedro Klero və Brando Badoer qərarlaşıblar. Çempionatın ikincisi Uqo Uqoçukvu 23-cü yerdən start götürüb. Qızdırma dövrünün sonunda Jerar Si pit yoluna qayıdıb və startda iştirak etməyib.

Startda ilk üçlük mövqelərini qoruyub, Rivera dördüncü yer uğrunda mübarizədə Katonu geridə qoyub, Yamakoşi ilk onluqdan kənara düşüb, Fernando Barrikello 10-cu yerə yüksəlib. Uqo Uqoçukvu isə uğursuz start alıb, ilk şikanada Teofil Naelin zərbəsinə məruz qalaraq sonuncu yerə geriləyib. Bu manevrə görə Nael 10 saniyəlik cəza alıb.

Üçüncü dövrənin ilk döngəsində Rivera üçüncü yer uğrunda mübarizədə Lakorteni ötüb. Liderlərin arxasında isə ilk döngədə Fionn Maklaflin Nandhavud Bhirombhakdiyə çırpılıb. Hitech pilotu üçün yarış başa çatıb, DAMS pilotu isə mübarizəni davam etdirə bilib. Trasda təhlükəsizlik avtomobili peyda olub.

Restart 22 dövrəlik yarışın beşinci dövrəsində verilib. Liderlər mövqelərini qoruyub, Kato isə üçüncü yer uğrunda mübarizədə Riveranı geridə qoyub. Klero yeddinci yer uğrunda mübarizədə Taponeni ötüb. İkinci şikanada Barrikello fırlanıb və ilk onluqdan kənara düşüb.

Altıncı dövrədə Li ilk döngədə Sleterə hücum edib. Ön təkərləri bloklasa da, liderliyi ələ keçirə bilib. Elə həmin dövrədə Ascari şikanasından əvvəl Kato Sleterə hücum edib və çempionat liderini geridə qoyub.

Yeddinci dövrədə ilk döngədə Sleter daha bir mövqeni itirib və Lakorteyə yol verib. Əvvəlki dövrədə ön qanadını zədələyən Rivera ilk onluqdan kənara düşərək boksa yollanıb.

Səkkizinci dövrədə Lakorte ilk döngədə Katonu ötüb, Taponen isə dördüncü yer uğrunda mübarizədə Sleteri geridə qoyub. Növbəti dövrədə Kato Lakorteni keçərək ikinci yerə yüksəlib. Lakin Ascariyə çatmamış Nikola əks-hücum edib və yenidən önə keçib.

Onuncu dövrədə ilk döngədə Lakorte və Kato liderlik edən Lini geridə qoyublar. Növbəti dövrədə isə ilk döngədə əyləcləmə zamanı Taponen iki ART pilotunu ötərək ikinci yerə yüksəlib.

12-ci dövrəyə doğru Sleter avtomobilində yaranan texniki problemlər səbəbindən ilk onluqdan kənara düşüb. 12-ci dövrənin sonunda Cin Nakamura Parabolika döngəsindən çıxarkən çınqıllıq hissəyə düşüb və avtomobili fırlanıb. Digər pilotlarla toqquşma baş verməsə də, bariyerlə təmasdan qaçmaq mümkün olmayıb.

13-cü dövrədə sarı bayraqlar dalğalanıb və təhlükəsizlik avtomobili trasda görünüb. Bunun iki fərqli səbəbi olub. Əvvəlcə ilk döngədə avtomobilində yaranan problemə görə Rivera dayanıb. Daha sonra isə Ascari döngəsindən çıxarkən Sleterin avtomobilinin sağ arxa təkəri yerindən çıxıb. Freddi avtomobili trasdan kənarda saxlaya bilib.

Restart 17-ci dövrədə verilib və sakit keçib. İlk yeddi pilot mövqelərini qoruyub, Noy Stromsted isə səkkizinci yer uğrunda mübarizədə Enzo Delinyini geridə qoyub. 18-ci dövrənin sonunda Evan Devid altıncı yer uğrunda mübarizədə Ciustini, daha sonra isə beşinci yer uğrunda mübarizədə Yamakoshini ötüb.

19-cu dövrədə ilk döngədə Uxen Şin və Fernando Barrikellonun toqquşması səbəbindən sarı bayraqlar dalğalanıb. Koreyalı pilot mübarizəni davam etdirə bilib, braziliyalı isə yarışı dayandırıb.

İlk döngədə sarı bayraqlar finişə qədər qüvvədə qalıb. Bunun səbəbi Barrikellonun avtomobilinin trasdan kənarda qalması olub və bu səbəbdən həmin hissədə ötmələrə son qoyulub.

Formula 3-də ikinci mövsümünü keçirən Nikola Lakorte yarışı karyerasının ilk qələbəsi ilə başa vurub. Tukka Taponen də mövsümdə ilk dəfə podiuma yüksəlib. Şənbə sprintinin qalibi Taito Kato isə ilk üçlüyü tamamlayıb.

Yarışın ən sürətli dövrəsini 12-ci yeri tutan Bruno del Pino 1:39.525 nəticə ilə göstərib.

Uqo Uqoçukvu yarışı səkkizinci yerdə başa vuraraq yarışdan kənarda qalan çempionat lideri Freddi Sleterlə arasındakı fərqi bir qədər azaldıb.

Formula 3 mövsümünün final mərhələsi 11-13 sentyabrda Madriddə keçiriləcək. Mövsümün son mərhələsində iki deyil, üç yarış baş tutacaq: bir sprint və iki əsas yarış. Hər əsas yarış üçün ayrıca sıralama sessiyası keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et