Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F2: Dürksen qalib gəlib

Kvalifikasiya zamanı qayda pozuntularına görə bəzi pilotların aldığı cəzaların ardından nəticələr yenidən nəzərdən keçirilib. Nəticədə şənbə günü keçirilən sprint yarışına poul mövqeyindən Trident komandasının britaniyalı pilotu Con Bennet başlayıb.  

Adətən yüksək sürəti ilə seçilməyən Bennetin poul mövqeyini uzun müddət qoruyacağına çox da ümid yox idi. Çünki onun arxasında daha təcrübəli və sürətli pilotlar start alıb. Üstəlik, ötmələrə əlverişli Monza kimi trasda bunu gözləmək daha məntiqli idi.

Çempionluq uğrunda mübarizə aparan və qazanılan hər xalın böyük əhəmiyyət daşıdığı pilotlar arasında ən əlverişli mövqedən Aleks Dann start götürüb. Çempionatda dördüncü olan Rodin Motorsport pilotu yalnız altıncı yerdən başlayıb. Çempionat lideri Nikola Tsolov isə səkkizinci mövqedə qərarlaşıb.

Bennet startda hamıdan yaxşı tərpənərək liderliyini qoruyub və hətta fərqi artırmağa çalışıb. İkinci yer uğrunda isə Tasanapol İntrafuvasak və ikinci yerdən start alan Oliver Göte mübarizə aparıb. ART pilotu taylandlı İntrafuvasak həm Göteni, həm də Ritomo Miyateni qabaqlayaraq ikinci yerə yüksəlib.

Lakin artıq üçüncü dövrədə o, beş rəqibini qabaqlamağı bacaran Coşua Dürksenin hücumlarından müdafiə olunmağa başlayıb. Invicta Racing pilotu İntrafuvasaka qarşı təzyiqi artırıb və beşinci dövrənin əvvəlində nəhayət ötməni tamamlayıb.

Elə həmin dövrədə isə Təhlükəsizlik Avtomobili trasa çıxıb. Birinci şikanada Rafael Kamarının avtomobili fırlanaraq dayanıb və mühərriki sönüb. Marşallar avtomobili trasdan çıxarmağa başlayıb.

Braziliyalı pilotun bu vəziyyətə düşməsinin səbəbi startdakı qarışıqlıq olub. Dürksenin komanda yoldaşı əvvəlcə Ritomo Miyatanin avtomobilinə arxadan çırpılıb, daha sonra isə başqa bir pilotun zərbəsinə məruz qalıb.

Kamara əvvəlki gün kvalifikasiyada qazandığı qələbəyə görə əlavə xallar əldə edərək çempionatda ikinci pilləyə yüksəlmişdi. Buna görə də bugünkü yarışın belə nəticələnməsi braziliyalı pilot üçün xüsusilə məyusedici olub.

Restart zamanı Bennet liderliyini qoruyub, lakin Dürksen artıq onun üzərinə hücuma keçib. Çempionluq uğrunda real mübarizə aparan pilotlardan isə heç biri ilk üçlüyə yaxın deyildi.

Nikola Tsolov həmin vaxt yeddinci yerdə hərəkət edib və bir neçə mövqe itirən Aleks Danni geridə qoyub.

Coşua Dürksen start-finiş düzlüyündə qəti hücuma keçib və slipstream-dən istifadə edərək doqquzuncu dövrənin əvvəlində Benneti qabaqlayıb.

Növbəti dövrədə Oliver Göte üçüncü yer uğrunda İntrafuvasakı ötməyə çalışıb, lakin hələlik buna nail ola bilməyib. Bu zaman Martinius Stenshorn da Göteyə təzyiq göstərib və 11-ci dövrənin əvvəlində birinci şikanada almaniyalı pilotu gözəl manevrlə qabaqlayıb.

Norveçli pilot bununla kifayətlənməyib. Növbəti dövrədə İntrafuvasakı səhvə məcbur edib. ART pilotu trasdan kənara çıxaraq bir neçə mövqe itirib, Stenshorne isə üçüncü yerə yüksəlib.

Bu vaxt lider cütlük pelotondan artıq dörd saniyədən çox uzaqlaşıb. Bennet isə Dürksenin arxasından ayrılmayaraq əks-hücum üçün fürsət gözləyib.

16-cı dövrənin əvvəlində Göte Stenshornu qabaqlayaraq mövqeyini geri qaytarıb. Lakin bu ötmənin qaydalara uyğun olub-olmadığı ilə bağlı şübhələr yaranıb. Çünki mübarizə zamanı hər iki pilot trasda nəzərəçarpacaq dərəcədə manevrlər edib.

17-ci dövrədə Təhlükəsizlik Avtomobili ikinci dəfə trasa çıxıb. Buna DAMS komandasının polşalı pilotu Roman Bilinskinin qəzası səbəb olub. Bilinski Askari şikanından çıxarkən kerbə hücum edib və öz səhvi nəticəsində avtomobili divara çırpıb.

Finişə cəmi dörd dövrə qalmış bütün fərqlər aradan qalxıb və peloton yenidən Təhlükəsizlik Avtomobilinin arxasında toplaşıb.

Restart zamanı Dürksenin əsas vəzifəsi liderliyini qorumaq olub və o, bunun öhdəsindən gəlib. Tsolov isə Stenshornu qabaqlayıb. Daha sonra Noel Leon da norveçli pilotu geridə qoyub.

Son dövrəyə Dürksen lider kimi başlayıb. Stenshorne mövqeyini geri qaytarmağa çalışıb, lakin avtomobili trasda saxlaya bilməyib və Tsolova mövqeyini qaytarmalı olub.

Nəticədə Coşua Dürksen yarışı birinci başa vurub. Yeddinci yerdən start alan paraqvaylı pilot Formula 2-də yeddinci qələbəsini qazanıb. Yarışdan sonra komanda ilə radio əlaqəsində sevincini bölüşən Dürksen Monza trasını çox sevdiyini bildirib.

F2-də artıq üçüncü mövsümünü keçirən Con Bennetin isə bu ilə qədər nə qələbəsi, nə də podiumu olub. Bu mövsüm Avstriyada sprint yarışını qazanan britaniyalı pilot Monzada da ikinci yeri tutaraq daha bir podium əldə edib.

Oliver Göte üçüncü yeri tutub. Lakin almaniyalı pilot finişdən sonra elə də sevincli görünməyib və görünür, daha yaxşı nəticə gözləyib.

Nikola Tsolov isə qısa şənbə yarışını beşinci yerdə tamamlayaraq çempionat baxımından vacib nəticə əldə edib. Onun əsas rəqiblərinin hamısı ondan geridə finiş görüb. Yalnız Aleks Dann iki xal qazana bilib. Beləliklə, Campos Racing pilotu çempionatdakı üstünlüyünü bir qədər də artırıb.

Rauf Hacıyev

Şərh əlavə et