Q1: Qasli zirvədə, Ferstappen onun arxasında
Q1 başlayandan sonra ilk saniyələrdə bütün komandalar boksta qalmağa üstünlük versə də, bir neçə dəqiqə sonra bolidlər bir-bir trasa çıxıblar.
Yuki Tsunoda yanacaq sistemi ilə bağlı problem səbəbindən boksta qalmağa davam edib. İlk cəhdlərin ardından Maks Ferstappen 1:22.631-lik nəticə ilə liderliyə yüksəlib. Onu Lyuis Həmilton izləyib.
Lando Norris radio vasitəsilə əyləcləmə zamanı problem yaşadığını bildirib. Bu vaxt Mercedes pilotları hələ trasa çıxmamışdı.
İlk cəhdlərdən sonra boksa qayıdan pilotlar sessiyanın sonlarına yaxın yenidən trasa çıxıb.
Oskar Piastri ciddi bloklanma yaşadıqdan sonra trasdan kənara çıxıb. Fernando Alonso isə sessiyanın bitməsinə 2 dəqiqə qalmış boksdakı bolidinə əyləşib.
Q1-i 1:22.612-lik nəticə ilə Pyer Qasli lider tamamlayıb. Maks Ferstappen ikinci, Lando Norris isə üçüncü olub. Onların ardınca Franko Kolapinto və Arvid Lindblad qərarlaşıb.
Yuki Tsunoda, Aleks Elbon, Cadillac və Aston Martin pilotları isə Q1-də mübarizədən kənarda qalıb.
Q2: Antonelli birinci olub, Həmilton son anda Q3-ə yüksəlib
Q2 üçün yaşıl işıqlar yandıqda trasa ilk çıxan pilotlar Liam Louson və Maks Ferstappen olub.
Bir neçə saniyə sonra trasda sıxlıq artıb və ilk sürətli dövrələrin ardından 1:22.017-lik nəticə göstərən Oskar Piastri zirvəyə yüksəlib. Onu komanda yoldaşı Lando Norris izləyib.
İlk cəhdlərdən sonra Ferrari pilotu Lyuis Həmilton mübarizədən kənarda qalmaq təhlükəsi ilə üzləşib.
Q2-nin son dəqiqələrində pilotlar bolidləri son həddə qədər sıxıb. Damalı bayraq dalğalandıqda 1:21.882-lik nəticə ilə birinci yeri Kimi Antonelli tutub. Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olub.
Ferrari pilotları Şarl Lekler və Lyuis Həmilton müvafiq olaraq 9-cu və 10-cu yerləri tutub. Hamilton 11-ci pillədəki Qabriel Bortoletonu cəmi 0,001 saniyə qabaqlayaraq Q3-ə yüksəlib.
Qabriel Bortoleto, Oliver Bearman, Niko Hülkenberq, Liam Louson, Karlos Sayns və Esteban Okon isə Q2-də mübarizəni dayandırıb.
Q3: Qasli möhtəşəm dövrə ilə poul qazanıb!
Q3-ün başlaması ilə Monzada poul uğrunda həyəcanlı mübarizə başlayıb.
İlk iki dəqiqə geridə qaldıqdan sonra Corc Rassell 1:21.929-luq nəticə ilə zirvəyə yüksəlib. Bu sessiyada Ferrari əvvəlki sərbəst yürüşlərlə müqayisədə xeyli zəif təsir bağışlayıb.
İlk cəhdlərdən sonra pilotlar boksa qayıdıblar. Sessiyanın bitməsinə təxminən 2 dəqiqə qalmış isə son cəhdləri üçün yenidən trasa çıxıblar.
Piastri sürətli dövrəsinə başladıqdan bir neçə saniyə sonra ciddi bloklanma yaşayıb və trasdan kənara çıxaraq cəhdini yarımçıq qoymalı olub.
Rassell dövrə vaxtını yaxşılaşdırsa da, son anda Pyer Qasli möhtəşəm nəticə göstərərək Monzada karyerasının ilk poul mövqeyini qazanıb.
Rassell ikinci, Piastri isə üçüncü yerdə qərarlaşıb. Ferrari pilotları isə dördüncü və beşinci yerləri tutublar. Maks Ferstappen isə altıncı olub.




Şərh əlavə et