Start siqnalının verilməsi ilə sessiya başlayıb, lakin sürücülərin bokslardakı hazırlıqları davam edib. Bu səbəbdən ilk dəqiqələrdə sürücülərin əksəriyyəti trasa çıxmayıb.
Təmiz havadan yararlanmaq istəyən Alpine cütlüyü ön qrup komandalarından əvvəl trasa çıxaraq sürətli dövrələrə başlayıb. Pyer Qasli 1:23.875 nəticə ilə zirvəyə yüksəlsə də, komanda yoldaşı Franko Kolapinto 1:23.766-lıq dövrə ilə cavab verib. Bir qədər sonra Liam Louson da trasa çıxıb və 1:23.769-luq nəticə ilə ikinci pilləyə yüksəlib.
Sessiyanın ilk 15 dəqiqəsi geridə qaldıqda ön qrup da daxil olmaqla bütün komandalar trasa çıxıb.
Kimi Antonelli 1:23.032-lik dövrə ilə liderliyə yüksəlib. Şarl Lekler 1:23.250-lik nəticə ilə cüzi fərqlə ikinci, Maks Ferstappen isə 1:23.467-lik dövrə ilə üçüncü yerdə qərarlaşıb. Həmilton ilk dəqiqələrdə axtardığı tempi tapa bilməyib və lider Antonellidən təxminən bir saniyə geridə qalıb. McLaren sürücüləri isə sessiyanın ilk rübündə sürətli dövrə tamamlamayıb.
Liam Louson sürətli dövrəsinə hazırlaşarkən döngəyə girişdə bolidin ilişməsini itirib və yerində fırlanıb. Trasdan kənara çıxmayan Lousonun bolidində hər hansı zədə yaranmayıb və sürücü sessiyanı davam etdirib.
Sessiyanın ilk yarısının sonuna yaxın Ferstappen 1:23.467-lik nəticə ilə ikinci yerə yüksəlib. İlk sürətli dövrəsini tamamlayan Lando Norris isə 1:23.652-lik nəticə ilə üçüncü sırada qərarlaşıb.
Güclü temp nümayiş etdirən Pyer Qasli 1:23.416-lıq dövrə ilə Ferstappenin nəticəsini geridə qoyaraq ikinci yerə yüksəlib. Qısa müddət sonra 1:23.271-lik nəticə göstərən Lekler Qaslini qabaqlayaraq ikinci pilləyə sahib olub.
Maks Ferstappen 1:23.455-lik dövrə ilə ikinci yerə yüksəlib, lakin Rassellin tempi artırması ilə sıralama yenidən dəyişib. Rassell 1:22.687-lik nəticə göstərərək komanda yoldaşını geridə qoyub və zirvəyə yüksəlib. Antonelli daha əvvəl qeyd etdiyi 1:23.032-lik dövrə ilə ikinci yerdə qalıb, Həmilton isə 1:23.040-lıq nəticə ilə üçüncü pilləyə yüksəlib.
Güclü dövrələrdən sonra sürücülərin əksəriyyəti sazlamaları optimallaşdırmaq və məlumatları təhlil etmək üçün boksa qayıdıb. Lakin Lekler boksa qayıtmazdan əvvəl 1:22.913-lük nəticə göstərərək Mercedes cütlüyünün arasına, ikinci yerə yüksəlib.
Sessiyanın son 20 dəqiqəsinə daxil olduqda bütün sürücülər boksa qayıdıb, yalnız Mercedes sürücüləri və Maks Ferstappen trasda dövrə vurmağa davam edib.
Rassell 1:22.463-lük nəticə ilə zirvədəki vaxtını yaxşılaşdırıb. Ferstappen isə 1:22.790-lıq dövrə ilə Lekleri geridə qoyaraq ikinci yerə yüksəlib. Lakin Antonelli 1:22.696-lıq nəticə ilə ikinci pilləni yenidən ələ keçirib. Sürətli dövrələrdən sonra Mercedes cütlüyü boksa qayıdıb.
Sessiyanın son 10 dəqiqəsində Rassellin liderliyi ilə ilk iki pillədə qərarlaşan Mercedes sürücülərindən başqa bütün sürücülər yenidən trasa çıxıb. Qasli 1:23.096-lıq nəticə ilə yeddinci yerə yüksəlib. Lindblad isə 1:22.724-lük dövrə ilə Ferstappeni qabaqlayaraq üçüncü pilləyə yüksəlib.
Şarl Lekler 1:22.708-lik nəticə göstərərək üçüncü yerə yüksəlib. Son 7 dəqiqəyə daxil olduqda Mercedes sürücüləri də trasa qayıdıb.
Antonelli dövrəsini 1:22.580-lik nəticə ilə tamamlayaraq cüzi fərqlə komanda yoldaşının arxasında qalıb. Rassell isə 1:22.219-luq dövrə ilə nəticəsini bir daha yaxşılaşdırıb.
Həmilton güclü temp nümayiş etdirərək 1:22.445-lik dövrə ilə ikinci yerə yüksəlib. Ferstappen isə 1:22.569-luq nəticə ilə cüzi fərqlə üçüncü sırada qərarlaşıb.
Son dövrələrdə heç bir sürücü nəticəsini yaxşılaşdıra bilməyib və damalı bayrağın dalğalanması ilə üçüncü sərbəst yürüşün ən sürətli sürücüsü Corc Rassell olub. Həmilton son dövrələrdəki güclü performansı sayəsində ikinci, Ferstappen isə üçüncü yerdə qərarlaşıb.




Şərh əlavə et