Bir gün əvvəl axşam saatlarında kvalifikasiyada ikinci nəticəni göstərən Matteo de Palonun diskvalifikasiya edildiyi açıqlanıb. Texniki yoxlama zamanı onun avtomobilində diffuzorun hündürlüyünün reqlamentə uyğun olmadığı müəyyənləşib. Mattia Kolnaqi və Maciej Qladış isə trasa təhlükəli şəkildə qayıtdıqları üçün mövqelərin itirilməsi ilə cəzalandırılıb.
Bütün bu dəyişikliklərdən sonra şənbə günü keçirilən yarışa poul mövqeyindən Brando Badoer başlayıb. Pedro Klero ilk cərgədə ona qoşulub. Əslində pouldan başlamalı olan Tuukka Taponen isə üçüncü, Fernando Barrikello dördüncü mövqeyə keçib.
Şənbə səhəri Formula 3 iştirakçılarını az buludlu hava qarşılayıb. Havanın temperaturu +26, asfaltın temperaturu isə +31 dərəcə olub.
Startda ilk üçlük mövqelərini qoruyub, Alessandro Custi isə Fernando Barrikellonu qabaqlayaraq dördüncü yerə yüksəlib. Çempionatın lideri Freddi Sleter ilk dövrəni start aldığı 12-ci mövqedə başa vurub. Uqo Uqoçukvu isə 23-cü yerə geriləyib.
Üçüncü dövrədə Badoer əvvəlcə Kleroya, daha sonra isə Taponenə mövqeyini uduzaraq üç pillə geriləyib. Dördüncü dövrədə birinci döngədən əvvəl əyləclənmə zamanı Badoer və Barrikello arasında təmas baş verib. Nəticədə Fernandonun avtomobilinin sol arxa asılqanı sınıb.
Əyləclənmə zamanı yaranan qarışıqlıqdan Custi istifadə edərək liderliyə yüksəlib. Ernesto Rivera üçüncü yerə qalxıb, Taponen isə pelotonun sonuna düşüb. Badoer ön qanadı dəyişmək üçün boksa qayıdıb, Barrikello isə mübarizəni dayandırıb. Trasda Təhlükəsizlik Avtomobili peyda olub.
Restart yeddinci dövrədə verilib. Custi liderliyini qoruyub, üçüncü yer uğrunda mübarizədə isə Taito Kato Ernestо Riveranı qabaqlayıb.
Səkkizinci dövrədə beşinci yerdə olan Kolnaqi birinci döngədə əyləclənmə zamanı Riveraya hücum edib, lakin təkərləri bloklayaraq trasdan kənara çıxıb və səkkizinci yerdə geri qayıdıb.
Eyni vaxtda trasda virtual Təhlükəsizlik Avtomobili rejimi tətbiq edilib. Buna səbəb trasdan kənarda dayanmış Maciej Qladışın avtomobilinin baryerin arxasına çəkilməsi olub.
Doqquzuncu dövrədə Klero ikinci şikandan əvvəl əyləclənmə zamanı Custini qabaqlayaraq liderliyi ələ keçirib. Son döngədən əvvəl əyləclənmə zamanı isə Custi daha bir mövqe itirib və Taito Katoya yol verib.
Onuncu dövrənin əvvəlində lider Kleronun mühərrikində problem yaranıb və o, birinci döngə yaxınlığında dayanmağa məcbur olub. Custi Katoya əks-hücum edərək yenidən liderliyə yüksəlib. Taito daha sonra Hiyu Yamakoshiyə də mövqeyini uduzub. Bu zaman Sleter artıq beşinci yerə yüksəlib.
Pelotonun arxa hissəsində isə birinci döngədə Jerar Si böyük sürətlə Uxen Şinlə toqquşub və havaya qalxıb. Hər iki avtomobil ciddi zədələnib, lakin pilotların heç biri xəsarət almayıb. Təhlükəsizlik Avtomobili ikinci dəfə trasa çıxıb.
18 dövrədən ibarət yarışın restartı 14-cü dövrədə verilib. İlk üçlük mövqelərini qoruyub. Sleter isə dördüncü yer uğrunda mübarizədə Riveranı qabaqlayıb.
16-cı dövrədə birinci döngədə əyləclənmə zamanı Sleter Custiyə hücum edib. Sol təkərləri çəmənliyə düşən britaniyalı pilot az qala trasdan çıxsa da, ötməni tamamlayaraq üçüncü yerə yüksəlib.
Son dövrədə Yamakoshi birinci döngədə iki mövqe itirib və Sleterlə Custini qabağına buraxıb. Lakin ikinci şikandan əvvəl əyləclənmə zamanı Yamakoshi Custiyə əks-hücum edərək üçüncü yeri geri qaytarıb. Son döngədən əvvəl isə Custi daha bir mövqe itirib və Evan Devidə yol verib.
Taito Kato finiş xəttini birinci keçərək Formula 3-də ilk qələbəsini qazanıb.
Freddi Sleterin ikinci yeri şəxsi hesabda Uqo Uqoçukvu üzərində üstünlüyünü 17 xala çatdırmasına imkan verib. Uqoçukvu yarışı yalnız 14-cü yerdə tamamlayıb.
Hiyu Yamakoshi yarışı üçüncü pillədə başa vuraraq mövsümdə artıq üçüncü podiumunu qazanıb.
Yarışın ən sürətli dövrəsini isə mübarizəni yarımçıq saxlayan Tuukka Taponen vurub – 1:39.407 saniyə.




Şərh əlavə et