Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell yenə cəza alacaq

Sinqapur Qran Prisində mühərrik komponentləri üzrə limiti aşdığı üçün start düzülüşünün ən arxasından yarışa başlayan Corc Rassell mövsümün qalan hissəsində daha bir mühərrik cəzası alacağını bildirib. Mercedes pilotu yenilənmiş güc qurğusuna keçid vaxtı ilə bağlı da açıqlama verib.

Malayziya Qran Prisinin son dövrələrində güc qurğusunda yaranan nasazlıq səbəbindən ehtiyat hissələri baxımından çətin vəziyyətə düşən britaniyalı pilot Mercedes-in yenilənmiş mühərrikindən nə vaxt istifadə edəcəyinə dair işarə verib.

Əvvəlcə yeni güc qurğusunun ABŞ Qran Prisində, Ostində istifadəyə veriləcəyi gözlənilirdi. Lakin Rassell keçid üçün strateji baxımdan daha əlverişli tras seçmək istədiyini və buna görə də cəzanın vaxtını təxirə saldığını açıqlayıb.

Sky Sports F1-ə danışan Rassell növbəti mühərrik cəzası barədə belə deyib: “Açığı, bu, yəqin ki, mövsümün daha sonrakı mərhələsində, böyük ehtimalla Las-Veqasda baş verəcək. Amma nə vaxtsa bu cəzanı alacağıq.

Artıq yeni mühərrikə nə vaxt keçəcəyimizi seçmək imkanımız var. Biz də ötmələrin daha asan olduğu traslara üstünlük verəcəyik”.

Etibarlılıq problemləri səbəbindən dünya çempionatında komanda yoldaşı Andrea Kimi Antonellidən 102 xal geri qalan Rassell çempionluq şansının artıq qalmadığını qəbul edib.

Mövsümün başa çatmasına altı yarış qalıb. 20 yaşlı italiyalı Antonelli növbəti mərhələ olan ABŞ Qran Prisində qələbə qazansa, Rassell yarışı doqquzuncu və ya daha aşağı pillədə, Lyuis Həmilton isə beşinci və ya daha aşağı pillədə başa vursa, karyerasında ilk dəfə Formula 1 üzrə dünya çempionu titulunu rəsmiləşdirə bilər.

Mövsümün qalan hissəsində əsas məqsədinin bolidin inkişafına töhfə vermək olduğunu vurğulayan Rassell sözlərini belə davam etdirib: “Hazırda məqsədimiz bolidi inkişaf etdirməyə çalışmaqdır. Mövsümün böyük hissəsində dominant komanda biz idik. Ancaq son yarışlara baxanda Red Bull-un önə keçdiyini görürük.

Bakıda Maksla oxşar səviyyədə idik. Malayziya və Sinqapur isə tamamilə fərqli traslar olsa da, Red Bull son iki həftəsonunu üstün başa vurdu. Məqsədimiz yenilikləri tam anlamaq və onların işini nəzarət altında saxlamaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et