Xəbəri Kokpitdə Oxuyun!

Piastri cərimələnib

McLaren komandasının pilotu Oscar Piastri İtaliya Qran Prisinin sıralanma turunda Liam Lousonu əngəllədiyi üçün startda üç yer itirmək cəzası alıb.

 

Sıralanma turunu üçüncü yerdə tamamlayan avstraliyalı pilot cəzanın ardından bazar günü keçiriləcək yarışa altıncı yerdən başlayacaq.

Piastrinin geriləməsi ilə Şarl Lekler üçüncü, Lyuis Həmilton dördüncü, Max Ferstappen isə beşinci yerə yüksəlib.

Hadisəni araşdıran hakimlər qərarın səbəbini belə izah ediblər: “Pitdən çıxışı zamanı 81 nömrəli bolidin pilotuna ‘Ferstappen, Louson və Sayns start xəttinə gəlib, Sayns boksa daxil olur, yalnız Ferstappen və Louson qalıb. Trasa qoşularkən onlara diqqət yetir’ məlumatı verilib.

81 nömrəli bolidin pilotu Ferstappen və Lousonun sürətli dövrədə olduqları barədə xəbərdar edilmədiyini bildirib. O, 1-ci döngəyə yaxınlaşarkən Ferstappenin sürətli dövrədə olduğunu fərq etdiyini açıqlayıb.

Ferstappenə yol vermək üçün əhəmiyyətli dərəcədə yavaşlayıb və sağ tərəfdə qalıb. Lakin dərhal arxasınca gələn Lousonu əngəlləməmək üçün artıq edə biləcəyi heç nə qalmayıb.

Əldə olan məlumatları və mövcud vəziyyəti nəzərə alan hakimlər 81 nömrəli bolidin pilotunun həmin mərhələdə başqa seçiminin olmadığını qəbul etsələr də, 30 nömrəli bolidi istəmədən də olsa, lazımsız şəkildə əngəllədiyi qənaətinə gəliblər. Buna görə də standart cəza olan üç sıra yer cəzasının tətbiqinə qərar verilib”.

Rauf Hacıyev

Şərh əlavə et